Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:05

Dini icma rəhbəri DTX-ya işə düzəltməyə görə cəzalandırıldı


DTX
DTX

Lerik rayonu Sipyəreqon kənd məscidi üzrə dini icmanın sədri olmuş Araz Həsənzadə həbs edilib. O, dələduzluqda suçlanır. İddia edilir ki, Həsənzadə özünü Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Antiterror Mərkəzinin əməkdaşı kimi təqdim edib. Bu yolla DTX-ya işə düzəldəcəyini vəd edərək pul almağa çalışıb.

Dini icma rəhbəri Bakıdakı restoranlardan birində Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Həmin vaxt onun üzərindən əvvəlcədən hazırlanmış, "Rüşvət 2021" yazılmış 100-lük əskinaslardan ibarət 800 manat pul tapıldığı iddia olunur. İttihama əsasən, bu pul Həsənzadənin 5 min 800 manata Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinə işə düzəltməyə söz verdiyi Kamil adlı hərbçidən alınan ilkin vəsait olmalıymış.

"800 manatı öz yol xərclərimə görə istəmişdim"

Cinayət işinin materiallarında göstərilib ki, icma rəhbəri 2020-ci ilin sentyabr-noyabr aylarında – 44 günlük müharibə dövründə cəbhə bölgəsinə yardımların çatdırılmasında iştirak edib. DTX-ya işə düzəlmək istəyən Kamil adlı hərbçi ilə də həmin vaxt – Xocavənd istiqamətində tanış olub.

İcma rəhbəri məhkəmədə ifadəsində deyib ki, yalandır, o özünü DTX əməkdaşı kimi təqdim etməyib. Sadəcə, söhbət əsnasında DTX-da tanışları olduğunu deyib: "Kamilin əlaqə nömrəsi məndə vardı. O da mənim nömrəmi bilirdi. Bir müddət sonra zəng elədi, dedi ki, DTX-ya iş düzəlmək istəyir. Mən də dedim ki, oradakı tanışlarla maraqlanaram".

Təqsirləndirilən icma rəhbərinin sözlərinə görə, Bakıda Knyaz adlı tanışından bu haqda soruşub. Çünki həmin şəxsin DTX-da tanışı vardı. Knyaz maraqlanacağını desə də, öncədən heç bir məbləğ istəməyib: "Mən 800 manatı öz yol xərclərimə görə istəmişdim. Pulu alanda əməliyyat keçirildi...".

Hərbçinin ondan şikayətçi olmasının səbəbinə gəlincə, Həsənzadə deyir ki, Kamil ondan yığılan yardımların hesabatını tələb etməyə başlamışdı, qəbzləri istəyirdi. Buna görə münasibətimiz pozulmuşdu. O iddia edir ki, buna görə şikayətçi olub.

Həsənzadə peşman olduğunu, səhvini başa düşdüyünü də vurğulayıb.

"Dayısının DTX generalı olduğunu dedi"

DTX-da işə düzəlmək istəyən hərbçi isə fərqli ifadə verib. O təsdiqləyib ki, dini icma rəhbəri ilə cəbhə bölgəsinə yardımlar gətirəndə tanış olublar: "Bir dəfə yardım gətirəndə maşınsız idi. Onu yola qədər maşınla apardım. Yolda DTX əməkdaşı olduğunu, dayısının DTX generalı olduğunu dedi. Təklif elədi ki, məni DTX-ya işə düzəldə bilər. Əvvəlcə 800 manat istədi. Dedi ki, ilk olaraq mənimlə bağlı müvafiq qurumlara sorğular veriləcək. Sonra işə qəbul üçün 5 min manat verməliyəm".

Onun sözlərinə görə, sonradan adını çəkdiyi generalın şəklini göstərəndə Həsənzadənin onu tanımadığını görüb, onun yalan danışdığını başa düşüb və DTX-ya şikayət edib.

Həsənzadə saxlanılarkən onun avtomobilindən müxtəlif adamlara məxsus şəxsiyyət vəsiqələrinin surəti və 1000 manatdan artıq nağd pul da tapılıb. Bu məsələyə aydınlıq gətirən sabiq icma rəhbəri deyib ki, şəxsiyyət vəsiqələri dini təhsil almaq istəyənlərindir. Nağd pul isə Lerik rayonu, Kıncıvo kəndindəki "İmamzadə" türbəsi və yolun təmiri üçün Hacı Ramazan adlı şəxs tərəfindən atasına verilmiş vəsait idi.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə yanvarın 17-də Araz Həsənzadəyə 3 il həbs cəzası kəsilib.

XS
SM
MD
LG