Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:35

Keçmiş deputata Beynəlxalq Bankın kreditlərinə görə üçüncü dəfə hökm oxundu


Dünyamin Xəlilov
Dünyamin Xəlilov

Keçmiş deputat Dünyamin Xəlilov Beynəlxalq Bankdan götürülmüş milyonlarla kreditin qaytarılmamasına görə üçüncü dəfə cəzalandırılıb.

Yanvarın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona və “Bakı Fındıq Emalı” MMC-nin (zavodun) rəhbəri olmuş Azad Cavadova hökm oxunub.

Hökmə əsasən, Dünyamin Xəlilova 14 il 9 ay, Azad Cavadova 12 il 6 ay həbs cəzası kəsilib.

Həm D.Xəlilov, həm də A.Cavadov Beynəlxalq Bankın keçmiş rəhbəri, 2015-ci ilin dekabrından həbsdə olan Cahangir Hacıyevin dostlarıdır. Cinayət işinin materiallarında da iddia edilir ki, onlar C.Hacıyevin rəhbərliyi dovründə onunla dostluqlarından faydalanaraq, Beynəlxalq Bankdan toplam 6 milyon 600 manatdan çox kredit götürüb, mənimsəyiblər.

A.Cavadovla D.Xəlilov bankdan kredit götürdüklərini təsdiqləsələr də, həmin vəsaitlərin onlara heç bir aidiyyəti olmadığını deyirlər. Onlar vurğulayıblar ki, sözü gedən pulları mənimsəmək bir yana, heç bankdan götürməyiblər. O kredit, sadəcə, rəsmiləşdirilib.

A.Cavadovun sözlərinə görə, ona Beynəlxalq Bankdan zəng edərək, bəlli layihələrin icrasından ötrü kreditə ehtiyac olduğunu, bunun da Fındıq Emalı Zavodunun adına rəsmiləşdiriləcəyini deyiblər. O da razılıq verib.

Keçmiş deputat D.Xəlilov da Beynəlxalq Bankdan götürülmüş kreditləri özünün mənimsəməsi haqda ittihamda yazılanlarla razılaşmır. O da deyir ki, müəyyən şəxslərin adına kredit rəsmiləşdirilsə də, onlara pul verilməyib, bankın kassasında qalıb, hansısa layihələrə xərcləndiyi deyilib.

Son 9 ildə D.Xəlilov üçüncü, A.Cavadovsa ikinci dəfədir ki, Beynəlxalq Bank işi üzrə mühakimə olunurlar. Yanvarın 22-də onlara çıxarılan hökmdə göstərilib ki, əvvəlki cəzaları birləşdirilməklə birinə 14 il 9 ay, digərinə 12 il 6 ay həbs cəzası kəsilib. Bu cəzanın başlanğıcı da illər öncədən - onların həbs olunduğu gündən hesablanacaq. D.Xəlilov 2015-ci, A.Cavadov isə 2016-cı ildən həbsdədir.

Onların hər ikisi bundan öncə bir dəfə C.Hacıyevlə birlikdə mühakimə olunub.

Xatırlatma

C.Hacıyev də Beynəlxalq Bankın vəsaitlərini mənimsəmək ittihamıyla 2015-ci ildən bəri iki dəfə hakim önünə çıxarılıb. İlk mühakimədə (2016-cı ildə) ona 15 il, A.Cavadova 10 il 6 ay həbs cəzası kəsilmişdi. İkinci dəfə (2019-cu ildə) onun cəzası 16 il 3 ayadək artırıldı. Həmin vaxt D.Xəlilov haqqında 14 il 6 aylıq hökm çıxarılmışdı.

C.Hacıyev özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu deyir

XS
SM
MD
LG