Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:57

Əfqanıstanın şimalında ağır döyüşlər gedir


Herat, 8 avqust, 2021-ci il
Herat, 8 avqust, 2021-ci il

Avqustun 8-i gecədən Bəlxin paytaxtı Məzari Şərif yaxınlığında döyüşlər gedir

Avqustun 9-da Əfqanıstanın şimalındakı Bəlx və Taxar vilayətlərində hökumət qüvvələri ilə Taliban döyüşçüləri arasında döyüşlər gedir. Bir gün öncə silahlılar strateji Kunduz şəhəri daxil olmaqla üç vilayət paytaxtını ələ keçiriblər.

Avqustun 8-i gecədən Bəlxin paytaxtı Məzari Şərif yaxınlığında döyüşlər gedir. Mənbələrin “Tolo News” agentliyinə deməsinə görə, əlavə qüvvələr göndərilməsə, hökumətin müdafiə xətti yarıla bilər.

Beş vilayət paytaxtı...

Taliban avqustun 8-də Kunduzun böyük hissəsini, eləcə də Sare Pol şəhəri və Taxar vilayətinin paytaxtı Taloqanı ələ keçirib. Xəbəri AzadAvropa/AzadlıqRadiosu-na verən mənbələr adlarının çəkilməsini istəməyiblər.

Əfqanıstanda döyüşlər mayın 1-dən qızışıb. Birləşmiş Ştatlar və digər ölkələr həmin tarixdən əsgərlərini bu ölkədən çıxarmağa başlayıblar və proses bu ayın sonuna bitməlidir.

Artıq ölkənin beş vilayət paytaxtı Talibanın ya tam, ya da qismən nəzarətindədir. Avqustun 6-da Nimruz vilayətinin paytaxtı Zərənc, Covzan vilayətinin paytaxtı Şibirqanı da ələ keçirilib.

Hökumət təkzib edir

375 min nəfər sakini olan Kunduz isə Talibanın maydan bəri ələ keçirdiyi ən böyük hədəf olacaq. Hökumət qüvvələri Kunduzda yalnız aeroporta və öz bazalarına nəzarət edirlər. Hökumət binalarının hamısının silahlıların əlində olduğu bildirilir. Hətta Kunduzdakı əsas həbsxananın da Talibanın nəzarətində olduğu deyilir.

Ölkənin Müdafiə Nazirliyi isə Kunduzun süqutunu təkzib edib. Avqustun 8-də yayılmış bəyanatda xüsusi təyinatlıların şəhərdə təmizləmə işinə başladığı bildirilir.

Talibanın sözçüsü Zabihulla Mücahid qruplaşmanın hökumət binalarının əksəriyyətini, hətta aeroporta yaxın Milli Təhlükəsizlik Direktorluğunu zəbt etdiyini deyib.

Atışmada qadınlar və uşaqlar daxil 14 nəfərin öldüyü, 30 nəfərin yaralandığı xəbər verilir.

ABŞ Mərkəzi Komandanlığı artıq qoşunların 95 faizinin çıxarıldığını, bu işin avqustun 31-cən tamamlanacağını bildirib. Sentyabrın 11-də Birləşmiş Ştatlara Al-Qaeda hücumundan 20 il keçir. ABŞ məhz həmin hücumlardan sonra Əfqanıstana müdaxilə edib.

XS
SM
MD
LG