Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:30

Əfqanıstanda zəlzələdə ölənlərin sayı mini keçir


Yaralılar vertolyotlarla daşınır
Yaralılar vertolyotlarla daşınır

Bu, son 20 ilin ən ağır zəlzələsidir. 2002-ci ildə Əfqanıstanın şimalında 6.1 bal gücündə zəlzələ minədək insanın həyatına son qoymuşdu

Əfqanıstanın şərqində baş vermiş zəlzələ azı min nəfərin həyatına son qoyub, 1500 nəfər yaralanıb.

“Adamlar bir-birinin ardınca qəbir qazırlar”, – Talibanın Paktikadakı İnformasiya və Mədəniyyət Departamentinin rəhbəri Məhəmməd Amin Hüzəyfa deyib. O, xilasetmə işləri davam etdiyindən rəqəmlərin dəyişəcəyini bildirib.

Əfqanıstanın şərqində bir çox evlər palçıq kimi materialdan tikilir və bu ərazilərdə zəlzələlər çox dağıdıcı nəticələr verir.

Ölkəni idarə edən Taliban qruplaşmasının ali lideri Heybətulla Axundzadə başsağlığı bəyanatı verib.

Talibanın Baş naziri Məhəmməd Həsən Axund Kabildə prezident sarayında fövqəladə iclas keçirib, Paktika və Xostda qurbanlara yardım cəhdlərinin koordinasiyasını müzakirə edib.

BMT və Avropa Birliyi Əfqanıstana yardım təklif ediblər.

“Bir sıra yerlərə agentlik daxili dəyərləndirmə komandaları göndərilib”, – BMT-nin Əfqanıstan üzrə Humanitar Məsələlərin Koordinasiya Ofisi tvitində yazıb.

Aİ-nin Əfqanıstan üzrə xüsusi elçisi Tomas Niklasson isə qeyd edib ki, blok vəziyyətin monitorinqini aparır və “ziyan görmüş əhali və icmalara fövqəladə yardımın koordinasiyası və təminatına hazırdır”.

Əfqanıstanın şərqində güclü zəlzələdə ölənlərin sayı minə yaxınlaşır. Rəsmilər ölü sayının artacağını bildirirlər.

“İndiyədək əldə etdiyimiz informasiyaya görə, azı 920 nəfər həlak olub, 610 nəfər yaralanıb”, – Taliban hökumətində təbii fəlakətlərin idarə olunması üzrə nazir müavini Mövləvi Şərafuddun Müslim deyib.

“Bu ilkin informasiyadır, ölü sayı qalxa bilər”, - Müslim jurnalistlərə söyləyib.

Talibanın daxili İşlər Nazirliyinin rəsmisi Səlahuddin Əyubi isə deyib ki, ölü sayının artacağı gözlənir, çünki kəndlərin bəziləri uzaq dağlıq ərazilərdə yerləşir, detalları toplamaq vaxt alacaq.

Bu, son 20 ilin ən ağır zəlzələsidir. 2002-ci ildə Əfqanıstanın şimalında 6.1 bal gücündə zəlzələ minədək insanın həyatına son qoymuşdu.

***

Əfqanıstanın şərqi Paktika vilayətində 6.1 bal gücündə zəlzələ azı 255 nəfərin həyatına son qoyub. Məlumatı dövlət xəbər agentliyi və Taliban rəsmisi iyunun 22-də açıqlayıb.

Baxtar agentliyi azı 255 nəfərin öldüyünü xəbər verir, Talibanın başçılıq etdiyi Daxili İşlər Nazirliyinin rəsmisi bunu təsdiqləyib. “Reuters” yüzlərlə yaralının olduğunu yazır.

BBC yerli rəsmiyə istinadla azı 250 nəfərin öldüyünü bildirir.

Nangarhar və Xost vilayətlərində itkilər olub.

Baxtar isə xilasedicilərin vertolyotla hadisə yerinə getdiyini qeyd edir.

Zəlzələnin gücü barədə fərqli məlumatlar gəlir. ABŞ-ın Geoloji Xidməti (USGS) iyunun 22-də erkən saatlarda Əfqanıstanda və Pakistanda 6.1 bal gücündə zəlzələ olduğunu bildirib.

Avropa Aralıq dənizi Seysmoloji Xidməti (EMSC) və Almaniya Geoelmlər üzrə Tədqiqat Mərkəzi isə zəlzələnin gücünün 6.0 bal gücündə olduğunu xəbər verib.

Titrəyişlər Pakistan, Əfqanıstan, Hindistanda 119 milyon əhalinin yaşadığı ərazidə, həmçinin Əfqanıstan paytaxtı Kabildə, Pakistan paytaxtı İslamabadda hiss olunub.

Taliban ötən ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirəndən sonra ölkə təcrid olunmuş vəziyyətdədir. ABŞ-ın başçılıq etdiyi beynəlxalq qüvvələr çıxarılıb.

XS
SM
MD
LG