Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:38

Azərbaycanın itirilmiş şəffaflığı


Xəzərdə neft buruqları.
Xəzərdə neft buruqları.

Azərbaycanın mədən sənayesi ölkələrinin koalisiyasında fəaliyyətini dayandırması Bakının beynəlxalq nüfuzunu və etibarlı sərmayə yeri imicini zədələyəcək. Bunu Karneqi Fondunun saytında fondun eksperti Thomas de Waal yazır.

Bu il martın 9-da Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI) Azərbaycanın qurumdakı fəaliyyətini dayandırıb. Azərbaycan isə bir gün sonra qrupdan çıxdığını elan etdi. Həmin məqamda Azərbaycan qazını 2020-ci ilədək Avropa bazarlarına çatdırmalı olan üç kəmər şəbəkəsinə hazırlıq işləri tamamlanmaq üzrəydi.

LİDERLƏRİN QAVRAYIŞI

EITI-nin qaydası budur ki, neft ölkəsi gəlirlərini yalnız şirkətlər, hökumətlər və vətəndaş cəmiyyətindən ibarət üçbucaq çərçivəsində məsuliyyətlə idarə edə bilər. Elə Boqota toplantısında da qurum elan etdi ki, Azərbaycan hökumətinin fəaliyyəti vətəndaş cəmiyyətinin əlverişli mühitdə çalışa bilməməsi səbəbindən dayandırılır.

Buna da bax-Azərbaycanın EITI-dən çıxması niyə sensasiya olmadı?

«Azərbaycanlılar yanlış güman apardılar. 2015-ci ildə EITI onların statusunu namizəd səviyyəsinə endirəndə, deyəsən, düşündülər ki, nüfuzlu beynəlxalq quruma giriblərsə, onları heç kəs çıxara bilməz. Axı həm Azərbaycan, həm də digər ölkələr Avropa Şurasında belə görüblər. Hökumət 2017-ci ilin yanvarında QHT-lərin qeydiyyatını asanlaşdıran qanun qəbul etdi. Amma vətəndaş cəmiyyətinin azadlıqları bərpa olunmadı. Son bir neçə ildə, demək olar, bütün müstəqil QHT-lər, media qurumları, hökumətin tənqidçiləri ya susdurulub, ya da ölkədən çıxmağa məcbur olub», – Thomas de Waal yazır.

Müəllif REAL hərəkatının rəhbəri İlqar Məmmədovun bu ilin yanvarında məhbəsdən yazdığı məktubda EITI məsələsini qaldırdığını, özünü «Cənub Qaz Dəhlizinin məhbusu» adlandırdığını yada salır. Hakimiyyət Məmmədovu buraxa, EITI-nin tələblərinə əməl etmək yönündə addımlar ata, daha təmiz imic qazana bilərdi. Amma ölkə liderləri bunu etməməklə yerli və xarici mühiti başqa cür qavradıqlarını sərgiləmiş oldular.

Qaz kəmərinin inşası.
Qaz kəmərinin inşası.

CƏLBEDİCİ SEÇİM

«Görünür, Azərbaycan prezidenti İlham Əliyev inanır ki, total siyasi nəzarət valyutanın düşməsi və qiymətlərin qalxmasından dolayı yaranan ictimai-iqtisadi narazılıq işartılarına cavabdır. Fevralda prezident xanımı, ölkədə ən güclü şəbəkə sayılan Paşayevlər ailəsindən olan Mehriban Əliyevanı vitse-prezident təyin etdi. Bu, ölkənin ailə sülaləsi deyil, seçkili demokratiya olması barədə bütün illüziyaları məhv etdi», – müəllif vurğulayır.

Thomas de Waal hesab edir ki, bu kontekstdə, EITI üzvlüyündənsə, ictimai müzakirələri birdəfəlik qapatmaq Bakıya daha cəlbedici idi. «Görünür, hökumət inanır ki, EITI-dən inciməklə canını qurtara bilər. Əsas səbəb odur ki, ilk iki qaz kəməri layihəsinin – Cənubi Qafqaz Kəmərinin və Türkiyədəki Trans-Anadolu Təbii Qaz Kəməri layihələrinin beynəlxalq maliyyə işləri, demək olar, tamamlanıb. Yunanıstan-İtaliya Trans-Adriatik Kəməri (TAP) də zəmanətli görünür», – məqalədə daha sonra oxuyuruq.

TAP-ın maliyyəçilərindən biri olan Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) 2016-cı ildə xəbərdarlıq edib ki, EITI onların çox yaxından izlədikləri bir göstəricidir. Amma müəllif yazır ki, bankın həmin kəmərə ayırdığı vəsait Cənub Qaz Dəhlizinə ayrılan 40 milyard dollarla müqayisədə kiçikdir. Və EBRD həmin maliyyəni kəsəcəyini birmənalı demir. Əvəzində, ola bilsin, vəsait ertələnsin, yaxud azaldılsın.

İ.Əliyev və F.Mogherini
İ.Əliyev və F.Mogherini

TRUMP-DAN VƏ AB-DƏN GÖZLƏNTİLƏR

Yazıda vurğulanır ki, Azərbaycanın mədən sənayesi ölkələrinin koalisiyasında fəaliyyətini dayandırması Bakının beynəlxalq nüfuzuna və etibarlı sərmayə yeri imicini zədələyir. Müəllifin fikrincə, ola bilsin, Bakı düşünür ki, bunun da öhdəsindən gələcək, ABŞ-da Donald Trump prezident seçiləndən beynəlxalq gündəm də onun xeyrinə dəyişib. Axı Trump-ın Azərbaycanda biznesi varıydı… Üstəlik, Trump administrasiyası aydın bir mesaj verib: böyük neftə dəstək. Neft sektorundan gələn Rex Tillerson dövlət katibi təyin olunub. Hələ fevralda Cardin-Lugar düzəlişinin ləğvi beynəlxalq şəffaflıq mədəniyyətinin qurulması cəhdlərinə ağır zərbə olub. Bu düzəliş neft-qaz şirkətlərinin xarici hökumətlərə 100 min dollardan artıq ödənişlərini açıqlamasını tələb edirdi.

Müəllif yazır ki, azərbaycanlılar ABŞ-ın bu addımı alqışlayıblar və EITI-dən çıxmağın nüfuzlarına vuracağı ziyanın elə də sərt olmayacağını düşünə bilərlər. Bu arada ən böyük məyusluğu vətəndaş cəmiyyəti fəalları yaşayırlar. Onlar hökumətin islahatlar aparmasından ötrü lobbiçilik edirdilər. «Təəssüf ki, Azərbaycan problemin həlli yolunu ondan tamamilə canını qurtarmaqla seçdi», – vətəndaş cəmiyyətinin aparıcı ekspertlərindən Qubad İbadoğlu belə deyir.

«Bu durumun dəyişməsi, əsasən, Avropa Birliyindən asılı olacaq. AB 2020-ci ildə Azərbaycandan qaz idxalına başlayanda bu ölkəylə rəsmi enerji münasibətinə girəcək. Brüsseldə bir mübahisə hələ də həllini tapmayıb: Azərbaycanla təmiz kommersiya tərəfdaşı olan avtokratiya – Xəzər sahilindəki Səudiyyə Ərəbistanı kimi davranmaqmı, yoxsa Bakının Avropa təşkilatlarına üzvlüyünə ciddi yanaşmaqmı, onu bəzi azadlıqları açmağa məcbur etməkdən ötrü normativ alətlərə əl atmaqmı? EITI qarşısındakı şəffaflıq öhdəliklərini kənara atmış Azərbaycan Avropadan ötrü daha çətin və proqnozlaşdırılmayan tərəfdaşdır», – Thomas de Waal yazır.

XS
SM
MD
LG