Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:34

Vəkil: ‘Eldar Həsənov Hərbi Hospitala köçürülüb’ 


Eldar Həsənov
Eldar Həsənov

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı keçmiş səfiri Eldar Həsənovun iyulun 2-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hərbi Hospitalına köçürüldüyü deyilir.

Bu barədə onun vəkili Cavad Cavadov məlumat verib.

Onun stasionar qaydada müayinə, müalicə ediləcəyi və cərrahiyyə əməliyyatından keçəcəyi gözlənir.

Vəkilin sözlərinə görə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu il mayın 7-də verdiyi qərara əsasən Eldar Həsənov stasionar qaydada DTX-nin hospitalına yerləşdirilməklə kompleks qaydada müayinə, müalicə edilməli və cərrahiyyə əməliyyatından keçirilməli idi :

"Həmin qərar onun icrasına məsul olan şəxslər tərəfindən yerinə yetirilməmişdir. Müraciətimiz əsasında Avropa İnsan Hüquqları Məhkəməsi 23 iyun 2021-ci il tarixdə əvvəlki qərarını daha da sərt formada təkrarladı və təcili olaraq Eldar müəllimin stasionara yerləşdirilməsini tələb etdi".

"Onu ola bilər ki, bir yox, bir neçə ağır əməliyyat gözləyir".

Lakin vəkil qeyd edib ki, keçmiş səfirin təcili olaraq stasionar qaydada xəstəxanaya yerləşdirilməsi və zəruri müalicə, cərrahiyyə əməliyyatlarının aparılmasını nəzərdə tutan sonuncu qərarın da icrası ləngidilib :

"Yalnız bugün Eldar müəllim xəstəxanaya köçürüldü. Nəticədə, onun səhhəti bu müddətdə daha da ağırlaşmışdır. Yaxın vaxtlarda onu ola bilər ki, bir yox, bir neçə ağır əməliyyat gözləyir".

Onun sözlərinə görə, Eldar Həsənov hesab edir ki, həmin qərarların icrasının ləngidilməsi, buna məsul olan cavabdeh şəxsin qisasçılığının nəticəsidir :

"Biz ümid edirik ki, onun səhhətinin ağır formada olması nəzərə alınaraq yaxın vaxtlarda həbs qətimkan tədbiri dəyişdiriləcəkdir".

Bu açıqlamaya, hələlik, Dövlət Təhlükəsizliyi Xidməti və aidiyyatı üzrə başqa rəsmi qurumların münasibətini almaq mümkün olmayıb.

Amma rəsmilər bir qayda olaraq vurğulayırlar ki, cəzaçəkmə müəssisələri və təcridxanalarda məhkumlara qanunvercilik çərçivəsində münasibət göstərilir.

İstintaqı Prokurorluq aparır, amma onun öz istəyi ilə DTX-nin İstintaq təcridxanasında qaldığı açıqlanmışdı.

Xatırlatma

Eldar Həsənov ötən il iyulun əvvəlində həbs olunan Xarici İşlər Nazirliyinin vəzifəli şəxsləri haqqındakı cinayət işi üzrə, onlardan bir ay sonra məsuliyyətə cəlb olunub.

Ona qarşı 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 308-1.1 (büdcə vəsaitlərini təyinatı üzrə istifadə etməmə) maddələrilə ittiham irəli sürülüb.

Eldar Həsənovun ittiham olunduğu maddələrdə 7 ilə qədər həbs cəzası nəzərdə tutulub. O ittihamları qəbul etmir.

Eldar Həsənov 2013-cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri təyin edilib.

Bundan əvvəl isə o, 12 il Azərbaycanın Ruminiyada səfiri olub. Diplomatik fəaliyyətdən öncə isə Azərbaycanda Respublika Prokurorluğuna rəhbərlik edib.

1995-ci il martin 22-dən 2000-ci il aprelin 21-nə qədər baş prokuror vəzifəsində çalışıb.

XS
SM
MD
LG