Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:28

'Ramiz Mehdiyevi özümə düşmən sayıram'


Eldar Sabiroğlu oğlu Rüfətlə
Eldar Sabiroğlu oğlu Rüfətlə

“Mən fəxr edirəm ki, övladım oğurluq edib, narkomaniya ilə məşğul olub, başqasının evini yıxıb zindana atılmayıb. O, azad fikrinə, özgür düşüncəsinə görə bu gün həbsxanadadı. Eyni zamanda, övladım həm də mənim qurbanımdı”.

YAP-ın qurucularından olan sabiq deputat, Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi Eldar Sabiroğlu övladı Rüfətin həbsi barədə danışarkən belə deyib.

“Ramiz Mehdiyevi özümə düşmən sayıram”

Oktyabrın 13-də Rüfət Səfərovun Hüquqlarını Müdafiə Komitəsinin toplantısı olub. Toplantıda çıxış edən Eldar Sabiroğlunun fikrincə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev haqqında yazdıqlarına görə ondan qisas alınır: “Mənim Azərbaycan hakimiyyətinin yüksək eşelonunda oturmuş birisi haqqında yazdığım silsilə yazılar və siyasi hekayətlərim ötərgi ola bilməzdi. Mən Ramiz Mehdiyevi nəzərdə tuturam. O adamın nə qədər intiqamçı olduğunu bildiyimdən, dərk edirdim ki, buna görə nə zamansa mənə “dərs veriləcək”. Allahdan arzu edərdim ki, o “dərs” mənim özümə verilsin, intiqamımı oğlumdan almasınlar. Amma o cür şəxslər insanı övladı ilə imtahana çəkirlər. Mən Ramiz Mehdiyevi özümə düşmən sayıram. Onun haqqında üç hekayət yazdım, nəticəsini də gözləyirdim. Doğrusu, belə sərt şəkildə olacağını düşünmürdüm. Amma Rüfətin anası deyirdi ki, “övladıma ziyan verəcəklər”. Lakin mən öz məsləyimdən dönmədim. Bu gün də acısını çəkirəm. Amma eybi yox, o acı bir gün şirinliyə qovuşar”.

Buna da bax:​ Eldar Sabiroğlu: 'Rüfət Səfərovun saxlanma şəraiti dözülməzdir'

Bununla belə, Eldar Sabiroğlu düşünür ki, oğlunun həbsinə prezident razılıq verib.

“Yanvarın 15-də Rüfəti qondarma bir qərarla həbsxanaya atanda, yüksək rəhbərliyin göstərişi ilə beş gündən sonra o, azadlığa çıxdı – ev dustaqlığına buraxıldı. Sentyabrın 8-də də yüksək səviyyədə verilmiş siyasi göstərişlə oğlumu 9 il həbsə məhkum etdilər. Şübhəsiz, mən inanmıram ki, cənab prezident İlham Əliyevin xəbəri olmadan belə bir addım atılaydı”.

Müdafiə komitəsinin sədri Eldəniz Quliyev deyir ki, Azərbaycanda azad və ədalətli cəmiyyət görmək istəyi Rüfətin yeganə günahıdır. Eldəniz Quliyev bu istiqamətdə gördüyü işlərə görə komitəyə, konkret onun özünə təzyiqlər olduğunu da iddia edib.

Bir yox, dörd prokuror?

Rüfət Səfərovun vəkili Bəhruz Bayramov müvəkkilini “azad sözün qurbanı” sayır. Vəkilin fikrincə, Rüfətin işi Azərbaycanın məhkəmə tarixində ən biabırçı hadisələrdən biridir: “Rüfətin fikirlərinə görə saxta cinayət işi quraşdırıldı. Bu işdə o qədər pozuntulara yol verilib ki, saymaqla bitməz. Guya Rüfət Səfərov istefa verib, vəzifədən çıxandan sonra bir neçə nəfər müraciət edərək, Rüfətin müstəntiq işlədiyi dövrdə onlardan rüşvət aldığını bildirib. Onların hamısı da hazırda dövlət qulluğunda işləyən vəzifəli şəxslərdir və əminik ki, təzyiq altında Rüfətə qarşı ifadə verməyə məcbur qalıblar. Rüfət istefa verəndən sonra onun apardığı işləri Baş Prokurorluq bir daha yoxlayıb. Rüfətin qəbul elədiyi qərar doğru deyildisə, niyə bu adamlar haqqında çıxarılmış qərarlar qüvvədə saxlanıldı?”.

Müdafiəçi deyir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində Rüfət Səfərov barədə hökmə imza atanların üçü də hakimlikdən əvvəl prokurorluqda çalışıb: “O qədər biabırçı pozuntulara yol verildi ki... Rüfətə son söz deməyə, mənə müdafiə çıxışına hazırlaşmağa imkan verilmədi. Biz o məhkəmədə bir yox, əslində, dörd prokurorla mübarizə aparmağa məcbur olduq”.

Buna da bax:​ Rüfət Səfərov: "Məni özgür fikrimdən uzaqlaşdırmaq üçün..."

“Müstəntiqin bu addımı tarixi hadisə idi”

Komitənin üzvlərindən “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Rüfət Səfərovun prokurorluqdakı pozuntuları, ölkədə insan haqlarının tapdanmasını əsas gətirib müstəntiq vəzifəsindən istefa verməsini “tarixi hadisə” adlandırıb: “Xüsusən Azərbaycanda, YAP-ın qurucularından, bu dövləti YAP-ın səltənətinə çevirənlərdən birinin övladı olan müstəntiqin bu addımı, şübhəsiz ki, tarixi hadisə idi”.

Ə.Zeynallının fikrincə, komitə siyasi motivlərlə həbs olunmuş bütün şəxslərin məsələsini diqqətdə saxlamalıdır.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev bildirib ki, Rüfət Səfərovun hökuməti tənqid edən fikirlərinə görə həbs olunduğu kimsədə şübhə doğurmadığından, onun adı “siyasi məhbus” siyahısına daxil edilib. Gülalıyev komitənin aktiv fəaliyyətinin vacibliyini də vurğulayıb.

Buna da bax:​ Eldar Sabiroğlu: ‘...Sağ olsun İlham Əliyev’

Olay belə başlanmışdı

Ötən il dekabrın 20-də Rüfət Səfərov ölkədəki qanunsuzluqlara, insan haqlarının pozulmasına etiraz olaraq Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verdiyini açıqlayıb. Bundan sonra Zərdab Rayon Prokurorluğunda yoxlama, onun yaşadığı kirayə mənzildə isə axtarış aparılıb.

Yanvarın 15-də Rüfət Səfərova Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham irəli sürülmüş və o, həbs olunmuşdu. Bir həftə sonra - yanvarın 22-də isə Binəqədi Rayon Məhkəməsi keçmiş müstəntiq barədə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatəti təmin etmişdi.

Bu il sentyabrın 8-də Lənkəran Ağır Cinayətlər Məhkəməsi Rüfət Səfərovu 9 il azadlıqdan məhrum edib.

XS
SM
MD
LG