Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:12

Elif Şafak: «Ölkə geriyə gedir...»


Elif Şafak
Elif Şafak

Yazıçı Elif Şafak Britaniyanın “Financial Times” nəşrində yazır ki, Türkiyə demokratiyası aşağıya doğru istiqamətlənib, ölkə geriyə gedir.

Mən Londonda taksidəykən anam Ankaradan zəng etdi: “Doğrudanmı, David Cameron deyib ki, bizi 3000-ci ilə qədər Avropa Birliyinə buraxmayacaqlar?”. Onun səsində dərin narahatlıq var idi. Mən onu sakitləşdirməyə çalışdım.

Söhbət bitdikdən sonra sürücü məndən hansı dildə danışdığımı xəbər alır. Türkcə danışdığımı biləndən sonra, onun sifətindəki ifadə dəyişir: “O düzdürmü ki, sizlərdən 12 milyon Britaniyaya gələcək? NHS (Milli Səhiyyə Xidməti) buna tab gətirməz”. Mən onu narahatlığa heç bir səbəb olmadığına inandırıram. “Türklər Britaniyaya axın etməyəcəklər”, deyirəm. O sakitləşir və mənə deyir ki, nə vaxtsa istirahətini Antalyada keçirib. Orda yeməklərin və insanların çox yaxşı olduğunu söyləyir. “Amma Türkiyə Avropanın bir hissəsi deyil və heç vaxt da ola bilməyəcəklər”.

Son həftələr Böyük Britaniyada mənim ana vətənimi medianın baş mövzusu kimi önə çəkirlər. Bu, Türkiyənin AB-yə girmək “təhlükəsindən qaçmaq” üçün qaldırılmış Vote Leave (Tərk etməyə səs ver) təbliğat kampaniyasından sonra baş verib. Mövzunun başlıca istiqaməti türk cinayətkarlarının Böyük Britaniyaya axın edəcəyi haqqında bədbin falçılıqdan ibarət idi. Onların məhbəsləri dolduracağı və səhiyyə xidmətini böhrana salacağı haqqında fikirlər söylənilirdi.

Avroskeptiklər əsrlərlə yaşamış qorxu hissini körükləyirdilər. Mənim italyan dostlarım var ki, nənələri hələ də "Mamma Li Turchi!" (Ay ana, türklər gəlir!) ifadəsindən istifadə edirlər. Amma tarix göstərir ki, qorxu pis müəllimdir.

Türkiyə vətəndaşlarının AB-yə vizasız gedib-gəlməsindən ötrü 72 ayrı-ayrı kriterinin yerinə yetirilməsi tələb olunurdu. Buraya insan haqları sahəsində vəziyyətin yaxşılaşdırılması və mətbuat azadlığı da daxil idi. Amma Ankara söz azadlığı və plüralizm haqqında hesabatın yaxşılığa döğru dəyişdirilməsi yönündə heç bir çaba göstərmir. Türkiyə prezidenti Recep Tayyip Erdogan açıq bəyan edib ki, Antiterror haqqında qanunu dəyişdirməyəcək.

Onda niyə Türkiyənin AB-yə girməsi burnunun ucundadırmış kimi hay-küy qaldırılıb? Türkiyənin Avropa üçün təhlükə olması ehtimalından siyasi məqsədlərlə istifadə edilməsi birinci dəfə deyil. 2007-ci ildə Fransa prezidenti Nicolas Sarkozy deyirdi: “Mən Türkiyənin Avropada yeri olacağını düşünmürəm”. Bu arada Adalet və Kalkınma Partisi (AKP) də AB-yə daxil olma barədə kriterləri açıq-aşkar yerinə yetirmədi. Nəticədə AB ilə Türkiyə arasında münasibətlər durğunlaşıb.

O zamandan türk demokratiyası üzü enişə doğru gedir. Bu gün ölkə bir çox mənalarda geriyə gedir: söz azadlığı, qadın azadlığı, kürd sülh prosesi, qanunun aliliyi – hamısı təhlükə altındadır.

Türkiyədə liberal demokratik dəyərlər heç vaxt olmadığı qədər şübhəyə məruz qalır. İzolyasiya tərəfdarları “Avropa modeli”nin iflasa uğradığını” və ölkənin başqa model - milli xarakterə uyğun gələnini tapmalı olduğunu söyləyirlər.

Avropa siyasətçilərinin “antitürk” kimi başa düşülən bəyanatları sərt xətt tərəfdarlarının əlinə oynayır. Məsələn, alman parlamentində Osmanlı türklərinin 1915-ci ildə erməniləri kütləvi şəkildə qətlə yetirmələri haqqında məsələnin soyqırım kimi tanınmasının məqsədəuyğunluğu barədə səsvermədən əvvəl cənab Erdogan dedi: “Bu halda ölkələr arasında diplomatik, iqtisadi, ticarət, siyasi, hərbi və NATO-daki münasibətlərə zərər dəyəcək” (layihə iyunun 2-də qəbul olundu).

Britaniya avroskeptiklərinin başa düşmədiyi odur ki, Türkiyə artıq AB-yə girmək istəyində olan 10 il qabaqkı Türkiyə deyil. May ayında Erdogan bəyan etdi: “Biz öz yolumuza gedəcəyik, siz də öz yolunuzla”.

Bu gün Türkiyənin xarici siyasəti neo-osman xülyalarına əsaslanıb və məqsədlərdə məxfilik nəzəriyyəsinə sadiqdir. Tənqidi mövqedən danışan və yazanlar Qərb imperialistlərinin xidmətçiləri kimi qələmə verilir. «Cumhuriyet» qəzetinin baş redaktoru Can Dundar, Alman kansleri Angela Merkel-dən Türkiyəyə səfəri zamanı cənab Erdoganla bərabər müxalifətçilərlə də görüşməyi xahiş etdi. Amma xanım Merkel Türkiyə belə bir mesaj göndərdi ki, türk demokratlarının hamısı təkbaşına fəaliyyət göstərirlər.

Aydındır ki, Ankara AB-dən böyük sürətlə uzaqlaşır. Eyni zamanda, Avropa liderləri Suriya böhranına görə Türkiyə ilə münasibət saxlamaq üçün oradakı daxili təzyiqlər barədə susurlar.

Bu dilemmanı isə Brexit kampaniyası tərəfdarları görmürlər. Türkiyəni Avropadan uzaqlaşdırmaq asandır – bu artıq baş verir. Amma bu oradakı antidemokratik gücləri möhkəmləndirəcək. Əgər Avropa qapılarını həmişəlik bağlayarsa, bundan Türkiyə demoktarları əziyyət çəkəcək.

Biz Böyük Britaniyada Türkiyənin AB-yə ehtimal olunan üzvlüyünün ehtimallarını müzakirə etdiyimiz zaman, rejim Avropa və başlıca Aropa dəyərləri ilə bağlarının qırılması ilə məşğul idi.

Avropadakı və Türkiyədəki demokratlara sual: biz bu qarmaqarışıqlıqdan necə çıxacağıq?

XS
SM
MD
LG