Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:31

Əlizamin Salayevin məhkəməsi: ‘Kameralar niyə məhz həmin vaxt işləməyib?’


Zamin Salayev
Zamin Salayev

Müvəkkilinin təqsirsiz olduğunu vurğulayan vəkil onun heç olmasa, məhkəmənin hökmü məlum olana qədər ev dustaqlığına buraxılması haqda vəsatət qaldırıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan təşkilatının sədri, həbsdə 85 gündür aclıq etdiyi deyilən Zamin (onu yaxınları, partiyadaşları Əlizamin adlandırır-red.) Salayev mayın 2-də məhkəmə qarşısına çıxarılıb. Onun işinə Qaradağ rayon Məhkəməsində hakim Rufan Mürsəlov baxır.

Amma vəkilləri bu hakimin Salayevin işi üzrə obyektiv və ədalətli hökm çıxaracağına şübhə edir. Elə ilk məhkəmə iclasından bu işə onun baxmasına yazılı şəkildə etiraz veriblər.

“Hakim Rufan Mürsəlov bir müddət əvvəl Zamin Salayevin ev dustaqlığına buraxılması haqda vəsatətə də baxmışdı, təmin etməmişdi. O zaman öz təşəbbüsüylə əsaslar yazmışdı. Sanki ittiham tərəfinin rolunda çıxış etmişdi. Öncədən Zamin Salayevə münasibətini ortaya qoymuşdu”, – vəkillər Nemət KərimliFəxrəddin Mehdiyev etirazı belə əsaslandırıb.

Etiraz təmin olunmayıb.

“Vəziyyəti göz önündədir”

Vəkil Kərimli deyir ki, müvəkkilinin adam bıçaqladığı iddia olunan ərazidə 8 videokamera var və onlar təhlükəsizliyə nəzarət məqsədilə orda quraşdırılıb. Həmin kameraların görüntülərini istəyəndə isə Daxili İşlər Nazirliyindən cavab alıblar ki, hadisə vaxtı onlar işlək vəziyyətdə olmayıb:

“Kameralar niyə məhz həmin vaxt işləməyib? Buna görə kimsə cəzalandırılıbmı?”

Müvəkkilinin təqsirsiz olduğunu vurğulayan vəkil onun heç olmasa, məhkəmənin hökmü məlum olana qədər ev dustaqlığına buraxılması haqda vəsatət qaldırıb.

Digər vəkil - Mehdiyev isə məhkəmənin nəzərinə çatdırıb ki, Salayev 85 gündür ki, aclıq edir. Onun səhhətində ciddi problemlər yaranıb:

“Onun həbsdə saxlanması üçün maddi və prosessual əsaslar yoxdur, bu öz yerində. Xahiş edirəm, məhkəmə humanizm prinsiplərini də əsas götürsün. O, 85 gündür aclıq edir, vəziyyəti göz önündədir...”

Salayevin məhkəmədə hərəkət etməkdə və danışmaqda çətinlik çəkdiyi görünürdü.

Cəzalandırıldığını düşünür

Salayev özü də deyib ki, təqsirsizdir, heç bir cinayət törətməyib. Onun sözlərinə görə, siyasi fəaliyyətinə, yaşadığı Salyan rayonunda özəlliklə polis özbaşınalıqlarına etirazlarına görə qurama cəzalandırılıb.

Prokuror da, Salayevin bıçaqladığı iddia olunan zərərçəkmiş Natiq Süleymanov da onun həbsdən buraxılmasına etiraz edib.

Hakim də qısa müşavirədən sonra Salayevi ev dustaqlığına buraxmaqdan imtina edib.

Hakim müşavirədə olduğu müddətdə məhkəmə zalında AXCP sədri Əli Kərimli Salayevdən aclığı dayandırmasını xahiş edib. Lakin o, imtina edib.

“Şər-böhtanla aylardır azadlığım əlimdən alınıb. Ona görə də buradan ya azad olunacağam, ya da meyitim çıxacaq”, – Salayevin sözləridir.

Mayın 11-də Salayevin işi üzrə dindirmələr başlayacaq.

Xatırlatma

Fevralın 7-dən həbsdə olan AXCP fəalı CM-in 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsilə ittiham olunur. Bu maddədə 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Cinayət işinin materiallarında iddia olunur ki, Salayev Qaradağ rayonu, “Lökbatan dairəsi” adlanan ərazidə Natiq Süleymanov adlı şəxsə bıçaqla xəsarət yetirib.

Lakin o, bu ittihamı rədd edir. Deyir ki, həmin ərazidə yaşadığı rayona getmək üçün avtomobil gözlədiyi vaxt tanımadığı bir nəfərin ona tərəf gəlib, təhqir etdiyini, əlində də bıçaq olduğunu görüb:

“İtələyib uzaqlaşmaq istəyəndə polislər gəldi. Bildim ki, əvvəlcədən hazırlanmış plandır”.

Salayev bundan öncə dəfələrlə polisin qanuni tələbinə tabe olmama və başqa ittihamlarla bir neçə dəfə inzibati qaydada həbsdə olub.

O, 2020-ci ilin aprelində Salyan rayon Polis Şöbəsinin əməkdaşı Həmzə Əzizovun iddiası əsasında CM-in 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə 2 il 3 ay azadlıqdan məhrum edilmişdi.

XS
SM
MD
LG