Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:22

Elman Rüstəmov B planından danışdı


E.Rüstəmov
E.Rüstəmov

«Bu gün, hələ ki, strateji valyuta ehtiyatlarından istifadə haqqında düşünmürük».

AZƏRTAC-ın xəbərinə görə, bu sözləri martın 11-də jurnalistlərə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov neftin qiymətinin kəskin azalmasının manatın məzənnəsinə təsiri ilə bağlı açıqlamasında deyib.

«Ölkənin kifayət qədər valyuta ehtiyatı var. Dövlət Neft Fondunun transfertləri dəyişmir. Mərkəzi Bankın öz ehtiyatları, Maliyyə Nazirliyinin əhəmiyyətli ehtiyatları mövcuddur. Biz bütün ehtiyatlardan tam istifadə edəcəyik. Güman edirəm ki, problem biz gözlədiyimizdən daha tez başa çatacaq. Lakin bizim strateji valyuta ehtiyatlarımızın olduğunu da unutmaq lazım deyil», - Mərkəzi Bankın sədri bildirib.

O, əlavə edib ki, hazırda bütün banklarda əhalinin ala biləcəyi qədər xarici valyuta var: «Neftin qiymətinin düşməsi ölkənin nə ticarət, nə tədiyyə balansında əhəmiyyətli problem yaratmaq iqtidarında deyil. Bu, bazar iştirakçılarının, ilk növbədə, əllərində nağd manat olan əhalinin reaksiyasıdır. Yəni, bu gözlənti reaksiyasıdır. Hökumətin, Mərkəzi Bankın əsas gördüyü iş bu gözləntiləri müsbət gözləntiyə çevirməkdir ki, bunun üçün bütün tədbirlərdən istifadə edirik».

Bakıda dollar qıtlığı: vətəndaşlar danışır
Gözlə

No media source currently available

0:00 0:03:56 0:00

«Bu gün növbədənkənar hərrac oldu və…»

E.Rüstəmov vurğulayıb ki, martın 10-da valyuta hərracı keçirilib, bütün tələbat ödənilib: «Bu gün növbədənkənar hərrac oldu və bütün tələbat ödənildi, amma tələbat hərracda iki dəfədən çox aşağı düşdü. Nağd valyuta ehtiyatları yaradılıb və bankların bütün tələbləri gün ərzində hərracda tam şəkildə ödənilib. Hazırda banklarda əhalinin ala biləcəyi qədər xarici valyuta var. Ola bilər, müəyyən banklarda resursları olmasın ki, kifayət qədər valyuta almasın, onlar da bir-birinə kömək edirlər. Bankların tərəfindən aparılan əməliyyatların həcmi təxminən 10 dəfədən çox artıb».

Mərkəzi Bankın sədri milli valyutanı dollara çevirən əhalini sakitliyə çağırıb: «Hökumətin, Mərkəzi Bankın həyata keçirdiyi tədbirlərdən görünür ki, biz buna tam şəkildə hazırıq. Hökumətin və Mərkəzi Bankın «B» planı var. Bu plan məhz neftin 30-35 dollar qiymətinə hazırlanıb. Faktiki olaraq hökumət bu planla fəaliyyət göstərir. Biz bu problemi tez bir zamanda həll etmək əzmindəyik…».

Xatırlatma

Azərbaycanda 2020-ci ilin büdcəsində neftin bir barreli 55 dollardan götürülüb. Hazırda dünya bazarında «qara qızıl»ın bir barreli 40 dollardan aşağıdır. Son günlər neftin qiymətində ucuzlaşma Azərbaycanda dollar alışına tələbatı artırıb.

2014-2015-ci illərdə neftin qiyməti kəskin (3 dəfəyə yaxın) ucuzlaşdıqda Azərbaycanda iki devalvasiya (2015 fevral və dekabr aylarında) baş vermişdi. Manat dollar qarşısında iki dəfədən çox dəyər itirmişdi. Nəticədə 10-dan çox bank bağlanmışdı.

Hazırda Azərbaycanın strateji valyuta ehtiyatlarının 50 milyard dollar civarında olduğu bildirilir.

XS
SM
MD
LG