Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:24

Elman Rüstəmov: 'Situasiya gərgindir, amma...'


E.Rüstəmov
E.Rüstəmov

Bu ilin əvvəlindən dünyada neft üç dəfə ucuzlaşıb. Koronavirus pandemiyası ilə bağlı dünyanın bəzi araşdırma mərkəzləri yaxın vaxtlarda neftin qiymətlərində kəskin artım gözləmirlər. Bu səbəbdən Azərbaycanın bəzi yerli ekspertləri də devalvasiya ehtimalından danışmağa başlayıblar.

Dünən, aprelin 28-də Azərbaycan Dövlət Televiziyasına açıqlama verən Mərkəzi Bankın (MB) sədri Elman Rüstəmov da mövcud vəziyyəti dəyərləndirib: ​"Situasiya gərgindir, mürəkkəbdir, qeyri-müəyyəndir, amma biz situasiyanı idarə edirik və idarə etmək fikrindəyik".

R.Nurullayev
R.Nurullayev

Deputat Razi Nurullayev isə mövzu ilə bağlı "Turan" agentliyinə açıqlamasında deyib ki, əslində, 2015-ci ildə Azərbaycanda manatın devalvasiyaları (manat bu devalvasiyalar nəticəsində iki dəfədən çox dəyər itirdi-red.) siyasi bir məsələ idi:

"Milyardlarla vəsait xaricə çıxarılmışdı"

"Düzgün planlaşdırılmamanın nəticəsində yaranmışdı. Prezidentə doğru-dürüst məlumat verilməməsinin nəticəsi idi".

Deputatın fikrincə, o zaman bir çox bankların vəzifəli şəxsləri dövlət hesabına varlanmaq yolu tutaraq bank, büdcə vəsaitlərini şəxsi vəsaitləri kimi istifadə etmişdilər: "Milyardlarla vəsait xaricə çıxarılmışdı, kimlərsə özlərinə zavod-fabrik açmışdılar. Bunun nəticəsində manat devalvasiyalara uğradı".

"Hökumət ciddi dərs alıb"

R.Nurullayev hesab edir ki, o vaxtdan bəri hökumət ciddi dərs alıb, manatın ucuzlaşmasının qarşısını almaq üçün bütün tədbirləri ələ alır.

Deputat deyib ki, ölkənin kifayət qədər valyuta ehtiyatları var (50 milyard dollara yaxındır-red.) və bu vəsaitlər ucuz neft dönəmində manatın kursunun sabit saxlanması üçün istifadə edilə bilər.

Deputat yaxın aylarda devalvasiyası üçün təhlükə görmür

O, yaxın aylarda manatın devalvasiyası üçün ciddi bir təhlükə görmür və düşünür ki, neft uzun müddətə aşağı qıymətdə qalmayacaq, pandemiya bitəndən sonra yenidən bahalaşacaq.

A.Mehtiyev
A.Mehtiyev

İqtisadçı-ekspert Azər Mehtiyev isə AzadlıqRadiosuna deyib ki, dünya neft bazarında qiymətin düşməsi hər zaman bəzi milli valyutalara təhlükəli məqamlar yaşadır. Onun gəldiyi nəticəyə görə, bir çox ölkələrin taleyi neftin qiymətindən, neft gəlirlərindən asılıdır:

"Vacib məqamlardan biri..."

"Neftin qiymətinin ucuzlaşması öz təsirini indi yox, müəyyən bir zamandan sonra göstərəcək. Odur ki, bizi müəyyən dövr ərzində neftin cari qiymətlərindən daha çox orta qiymətləri maraqlandırır. Məsələn, Azərbaycan üçün təhlükə ucuz qiymətlər uzun müddətə qaldıqda yaranır. Gəlirlərin azalması tendensiyaya döndükdə, ciddi problem yaradır. Amma qiymətlər nə qədər aşağı səviyyədə qalacaqsa, bu, artıq sonrakı zaman məsələsidir. Digər bir tərəfdən isə, vacib məqamlardan biri ölkədə kapital axınına nəzarət etməkdir".

O da hesab edir ki, 2015-ci il devalvasiyaları zamanı ölkədən kapital axını baş vermişdi.

Ekspertə görə, manatın taleyi neftin qiymətlərinin hansı müddətə aşağı qalması və pandemiyanın (dünyada yeni yayılan koronavirusla bağlı martın 11-dən pandemiya elan edilib. Ölkələr arasında gediş-gəliş məhdudlaşdırılıb) nə qədər uzanmasından asılıdır: "Bu bir zaman məsələsidir. Hələ ki, neftin qiymətinin ciddi şəkildə qalxacağı ilə bağlı hər hansı proqnoz görünmür, dünyada hələ ki, pandemiya davam edir. Pandemiya davam etdikcə, ən azı, ilin ikinci rübü, hətta üçüncü rübündə də neft qiymətləri 30 dollardan yuxarı olmayacaq".

A.Mehtiyev vurğulayıb ki, hələlik, mövcud ehtiyatlar manatın məzənnəsini sabit saxlamağa imkan verir.

Xatırlatma

2015-ci ildə Azərbaycanda iki devalvasiya baş verib (Dünyada neftin qiyməti kəskin ucuzlaşandan sonra). Bunun nəticəsində manat dollar qarşısında iki dəfə dəyər itirib. Nəticədə 10-dan çox bank bağlanıb. Bu, onların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilib. Bu ilin əvvəlindən də dünyada neft təqribən üç dəfə ucuzlaşıb. Azərbaycanın ixracının təqribən 90 faizi neft və qazın payına düşür.

XS
SM
MD
LG