Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:05

Erdoğanın sarayında “saray çevrilişi”


Türkiyənin müxalif CHP partiyasının lideri Kemal Kılıcdaroğlu baş nazirin istefasını "saray çevrilişi" adlandırıb

Türkiyənin baş naziri Ahmet Davutoğlunun istefaya prezident Recep Tayyip Erdoğan tərəfindən məcbur edildiyi artıq heç kimdə şübhə doğurmur.

Bunu istefa xəbərindən az sonra səslənmiş başqa bəyanatlar da göstərir.

Prezidentin sözçüsü Cemil Ertem bildirib ki, yeni baş nazirin təyinatından dərhal sonra erkən seçki keçirilməyəcək.

Türkiyə üçün üç mühüm təhlükə mövcuddur: mütləq hakimiyyət, türk-kürd sülh prosesinin tamamilə sıradan çıxması və dünyəviliyin itirilməsi

O habelə Türkiyə telekanallarına deyib ki, “ölkə və onun iqtisadiyyatı prezidentə daha yaxın baş nazir öz kürsüsünü tutandan sonra daha da sabitləşəcək”.

Erdoğan sözçüsünün sözlərini, Davutoğlunun prezidentə yaxın baş nazir olmadığının və faktiki qovulduğunum bəyanatı kimi də başa düşənlər az deyil.

Bir sıra Qərb təhlilçilərinin fikrincə, Erdoğan öz xarakteri etibarilə baş nazirin “məhz bu sayaq istefa verdiyini” deməyə bilməzdi.

BBC-nin Türkiyə müxbiri Mark Lowen yazır ki, Ahmet Davutoğlunun sözü “əsl hakimiyyət sahibi olan kişiylə düz gəlmədikdən sonra o, meydandan çəkilib”.

Lowen-nin fikrincə, Davutoğlunu baş nazir təyin etmiş şəxs, baş nazirin onunla bir çox məsələlərdə, xüsusilə də ölkədə prezident üsul-idarəsinin yaradılması məsələsində razılaşmaması ilə barışmayıb.

Müxbirin fikrincə, indi Erdoğanın təkhakimiyyətliyə gedən yolu açılıb və bu Qərb liderlərini narahat etməyə bilməz.

Tanınmış yazıçı Elif Şafak "The Guardian" qəzetində yazır ki, “Türkiyənin müasir siyasi tarixində ən ixtilafçı lider olan Erdoğan” özünün azad söz və təməl azadlıqlara qarşı hücumları ilə ölkəni daha böyük xaosa sürükləyəcək.

Davutoğlunun demədikləri

Media qurumları Davutoğlunun istefa çıxışını onun dediklərinin tam tərsi kimi təhlil edirlər.

Davutoğlu bildirib ki, “onun heç bir peşmançılığı və heç kimə qarşı acığı və kini yoxdur".

Avropa üçün Ahmet Davutoğlu ilə danışmaq daha asan idi
Avropa üçün Ahmet Davutoğlu ilə danışmaq daha asan idi

Mətbuat bu bəyanatın məhz “çarəsiz hiddət” ifadə etdiyini vurğulayır.

“Heç kəs mənim dilimdən və ağlımdan prezidentimizə qarşı heç nə eşitməyib və heç vaxt da eşitməyəcək” – deyib Davutoğlu.

Britaniyanın “The İndependent” qəzeti yazır ki, müşahidəçilərin fikrincə ziyalı və alim olan Davutoğlu bu sözlərlə “Erdoğan kimi birisi ilə” ağrılı mübarizəyə girişmək fikrində olmadığına işarə edib.

Bununla belə, İsveçin keçmiş baş naziri Carl Bildt-in fikrincə, hakim AKP sıralarındakı ixtilaf bütövlükdə Türkiyə cəmiyyətinə “daha geniş və daha qorxulu münaqişə” gətirə bilər.

Türkiyə ana müxalifətinin lideri Kemal Kılıcdaroğlu isə deyib ki, baş nazirin süqutu hakim partiya daxilindəki çarpışmanın hüdudlarını aşır və AKP-nin daxili işi sayıla bilməz.

“Bütün demokratiya tərəfdarları bu saray çevrilişini dayandırmalıdırlar” – deyib Kılıcdaroğlu.

Atatürk sistemi müqavimət göstərir

Lakin Reuters agentliyi yazır ki, Türkiyənin demokratik ənənələrə malik olan sistemi hələ də Erdoğanın təkhakimiyyətlilik arzularına ciddi əngəl yaradır.

Prezident ofisinin, Davutoğlunun gedişindən dərhal sonra erkən seçkilərin keçirilməyəcəyini deməsi, o demək deyildir ki, prezident parlament çoxluğu əldə edərək Atatürk konstitusiyasına son qoymaq və beləliklə də hakimi-mütləq prezidentlik üsul-idarəsi yaratmaq planlarından əl çəkib.

MHP liderlərindən Meral Akşener Erdoğanın planlarını əngəlləyə bilər
MHP liderlərindən Meral Akşener Erdoğanın planlarını əngəlləyə bilər

Məsələ burasındadır ki, indi Erdoğan üçün uğurlu parlament seçkilərinin keçirilməsi Erdoğanın hakim partiyasından yox, müxalif Milli Hərəkət Partiyasından (MHP) asılıdır.

Reuters yazır ki, hazırda MHP-də onun 68 yaşlı lideri Devlet Bahceli və partiyanın başqa bir üzvü, 1990-cı illərdə daxili işlər naziri olmuş 59 yaşlı xanım Meral Akşener arasında sədrlik mübarizəsi gedir.

Bəzi rəy sorğuları göstərir ki, Akşener partiya liderliyinə gələrsə, onun seçki dəstəyi ikiqat artacaq, yox əgər sadrlikdə Bahceli qalarsa, onda partiya seçkilərdə parlamentə daxil olmaq üçün zəruri 10 faizi də aşa bilməyəcək.

Bir çox AKP rəsmiləri erkən seçkilərin mütləq keçiriləcəyinə inanırlar. Belə bir seçki artıq oktyabrda keçirilə bilər.

“Lakin əgər Akşener MHP liderliyinə gəlsə, 2019-cu ilədək heç bir seçkidən söhbət gedə bilməz” – deyib AKP siyasi şurasının üzvlərindən biri.

Üç mühüm təhlükə

Bununla belə, baş nazir Davutoğlunun gedişi Türkiyə üçün olduqca mürəkkəb dövrə təsadüf edir.

Qərb analitiklərinin fikrincə, Avropa İttifaqı avtoritar Erdoğandansa, “miqrant sazişinin memarı” Davutoğlu ilə iş görməyə daha meylli idi.

Müxalif CHP Atatürk irsinə təhlükə olduğu qənaətindədir
Müxalif CHP Atatürk irsinə təhlükə olduğu qənaətindədir

Bu arada Türkiyənin kürd silahlıları ilə hərbi qarşıdurması, Suriya müharibəsinə müdaxilə, NATO və ABŞ-la münasibətlərin gərginləşməsi də ümumi vəziyyəti ağırlaşdırır.

Lakin ən böyük problem Türkiyənin içində nələrin olacağı ilə bağlıdır.

“The Guardian” yazır ki, hazırda Türkiyə üçün üç mühüm təhlükə mövcuddur: mütləq hakimiyyət, türk-kürd sülh prosesinin tamamilə sıradan çıxması və dünyəviliyin itirilməsi.

Qəzet xatırladır ki, bu günlərdə parlamentin spikeri İsmail Kahraman ölkənin əsas qanununu dini konstitusiya ilə əvəzləməyi təklif edib.

“The Guardian”ın məqaləsində deyilir ki, dünyəvilik Türkiyəni Yaxın Şərqin başqa hissələrindən ayıran əsas prinsip idi və AKP liderlərinin dini konstitusiyadan danışması çox böyük təhlükə sayılmalıdır.

Asiyaya doğru

Türkiyə üzrə tanınmış şərhçi Timothy Ash Reuters agentliyinə deyib ki, Türkiyədə baş verən son hadisələr ölkənin istər demokratiya, istər iqtisadiyyat, istərsə də sosial siyasət baxımından uzunmüddətli istiqamətinin dəyişdiyini göstərir.

Türkiyənin enerji naziri Berat Akbayrak
Türkiyənin enerji naziri Berat Akbayrak

“Türkiyə inkişafın Asiya modelinin təsiri altında dəyişir” - deyib təhlilçi.

O bu qənaətdədir ki, bu modeldə ölkə güclü prezident və onun ətrafındakı seçkisiz müşavirlər tərəfindən idarə olunacaq.

Davutoğlunun mümkün əvəzi məsələsi barədə yazılanlar da Asiya oriyentasiyasından söz açanların yanılmadığını göstərir.

Baş nazirliyə potensial namizəd olaraq nəqliyyat naziri Binali Yıldırımın və enerji naziri, 38 yaşlı Berat Albayrakın adları çəkilir.

Albayrak Erdoğanın böyük qızı Esranın həyat yoldaşıdır.

Prezident sözçüsünün “prezidentə daha yaxın baş nazir” dedikdə onu nəzərdə tutub-tutmadığı isə az sonra bəlli olacaq.

XS
SM
MD
LG