Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:30

Ərdoğan üçüncü mitinqi də ləğv edib


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan seçki kampaniyasının aprelin 28-ə təyin olunmuş daha bir təbliğat mitinqini ləğv edib.

Associated Press yazır ki, bu, bağırsaq infeksiyasından əziyyət çəkdiyi deyilən prezidentin seçki kampaniyasında ləğv etdiyi sayca üçüncü mitinqdir.

Türkiyəyə iki onillikdir ki, rəhbərlik edən Ərdoğan 14 may seçkisində üçüncü müddət üçün mübarizə aparacaq.

O Türkiyənin cənubundakı Adanada körpünün açılışında iştirak etməli və mitinq keçirməli idi.

Lakin sonradan məlumat verilib ki, prezident körpünün açılışı mərasiminə videobağlantı ilə qoşulacaq.

Ərdoğan bu həftənin əvvəlində canlı televiziya müsahibəsi zamanı qəfildən özünü pis hiss edib və müsahibəni yarımçıq dayandırıb.

Yarımçıq müsahibə

Türkiyənin səhiyyə naziri Fahrettin Koca deyib ki, Ərdoğana mədə-bağırsaq infeksiyası diaqnozu qoyulub.

Bundan sonra onun planlaşdırdığı kampaniya mitinqləri ləğv edilmişdi.

Ərdoğan aprelin 25-də Türkiyənin Ülke TV və Kanal 7 telekanallarına canlı müsahibəsini yarımçıq dayandırıb.

Canlı yayım 20 dəqiqədən sonra bərpa olunduqdan sonra isə prezident qastroenteritə tutulduğunu bildirib və tamaşaçılardan üzr istəyib.

Ərdoğan aprelin 27-də Akkuyu atom elektrik stansiyasının açılışı mərasiminə də videobağlantı ilə qoşulmuşdu, rəngi ağarmış və zəifləmiş görünürdü.

Rəy sorğuları

Mayın 14-də Türkiyədə həm parlament, həm də prezident seçkiləri keçirilməlidir.

Son rəy sorğuları Ərdoğanın əsas rəqibi, CHP sədri Kemal Kılıcdaroğlundan azacıq geridə olduğunu göstərir.

Ərdoğan 2011-ci ildə bağırsaq cərrahiyyəsindən keçib.

Kılıcdaroğlunun namizədliyini altı müxalifət partiyasından ibarət Milli Alyans dəstəkləyir.

Müxalifət partiyalarının liderləri Ərdoğana “cansağlığı” mesajları yazıblar.

Fahrettin Koca bildirib ki, prezidentin səhhəti getdikcə yaxşılaşır:

“Mən onu bu səhər görmüşəm. Sağlıq durumu yaxşıdır. Mədə-bağırsaq infeksiyası azalıb. O öz cədvəli üzrə işini davam etdirəcək”.

XS
SM
MD
LG