Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:06

Ekspertlər: Ərdoğanın məğlubiyyəti Putinə böyük zərbə ola bilər


Ərdoğan Vladimir Putinin ən çox görüşdüyü xarici liderdir
Ərdoğan Vladimir Putinin ən çox görüşdüyü xarici liderdir

AzadlıqRadiosunun müxbiri Tod Prins yazır ki, ötən ay Türkiyənin ilk atom elektrik stansiyasının açılışında prezident Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla videobağlantıya çıxması təkcə Moskvanın xaricdəki nüfuzunu nümayiş etdirmək yox, həm də etibarlı müttəfiqinə seçkiqabağı bir növ dəstək vermək məqsədi güdürdü.

Putinin bu bağlantı zamanı etdiyi kiçik nitq də bundan xəbər verirdi:

"Türkiyədə ilk nüvə elektrik stansiyasının tikilməsi...sizin, prezident Ərdoğan, öz ölkəniz üçün, iqtisadiyyatın inkişafı və bütün Türkiyə xalqı üçün nə qədər böyük işlər görməyinizin bariz nümunəsidir...Mən açıq demək istəyirəm: Siz ambisiyalı məqsədlər qoyub onlara doğru inamla irəliləməyə qadirsiniz”.

Məqalədə deyilir ki, Putinin 69 yaşlı Ərdoğana dəstəyi təkcə xoş sözlərlə məhdudlaşmayıb.

Rusiya ötən yay stansiya tikintisinin sürətləndirilməsi üçün Rosatomun Türkiyə qrupuna milyardlarla dollar vəsait köçürüb.

Putinin Ərdoğana qoyduğu investisiya

Amma Ərdoğanın əsas rəqibi, CHP-nin 74 yaşlı sədri Kemal Kılıcdaroğlu 14 may seçkisindən qalib çıxarsa, Putinin Ərdoğana qoyduğu investiya bata bilər.

Kılıcdaroğlu bəyan edib ki, o Avropa İttifaqı və Birləşmiş Ştatlarla ölkəsinin münasibətlərini yenidən quracaq. Onun fikrincə Ərdoğanın siyasi repressiyaları və Suriya və Qarabağ kimi yerlərdə xarici müdaxilələri bu münasibətləri sarsıdıb.

Təhlilçilər bildirirlər ki, Ərdoğanın məğlubiyyəti İsveçin də NATO üzvlüyünə yolunu aça bilər. Rusiya Finlandiya və İsveçin alyans üzvlüyünə qarşı idi.

George Mason Universitetində siyasi elmlər professoru Mark Katz bu barədə deyib:

"Ərdoğanın məğlubiyyəti Putin üçün yaxşı olmayacaq. Əgər Kılıcdaroğlu qalib gələrsə, Putinin ona yaxınlaşmaqdan başqa seçimi qalmayacaq. O Kılıcdaroğlunu Qərbə çox yaxınlaşmaqdan çəkindirmək üçün onun Qərbə doğru azca meyllənməsini qəbul etməli olacaq”.

Prins yazır ki, Vaşinqton və Brüssel bu əsrin əvvəllərindən başlayaraq Ərdoğan və Putin kimi avtoritarların yüksəlişindən narahatdırlar. Bu, onlardan əvvəlki onillikdə Mərkəzi və Şərqi Avropada kommunizmin çöküşündən sonra əldə olunmuş plüralist tərəqqini aşındırıb.

Nyu Yorkda mənzillənmiş Council on Foreign Relations mərkəzində Yaxın Şərq və Afrika araşdırmaları üzrə ekspert Stiven Kuk bildirir ki, Ərdoğanın məğlubiyyəti dünya boyunca demokratik qüvvələrin hələ də hərəkətli olmasını göstərərdi.

Məqalədə deyilir ki, Ərdoğan Putinin ən çox görüşdüyü xarici liderdir. Müəllif qeyd edir ki, bu yaxınlıq Ərdoğan 2003-cü ildə baş nazir olandan başlanıb. O vaxt Putinin birinci prezidentlik müddəti idi.

Paşinyan Əliyevlə görüşdən öncə açıqladı: Sülh sazişi ehtimalı azdır
Gözlə

No media source currently available

0:00 0:04:10 0:00

Qərbdən incik iki lider

Bununla belə Ərdoğanla Putinin münasibətləri heç də həmişə təlatümsüz olmayıb.

2015-ci ildə Türkiyə Rusiya qırıcısını vuranda Putin bunu “arxadan zərbə” adlandırmışdı.

Xarici siyasətdə başqa fikir ayrılıqları da var. Türkiyə Rusiyanın Ukraynaya müdaxiləsini pisləyib, hərçənd Moskvaya qarşı sanksiyalara qoşulmayıb, amma bununla belə Kiyevə zərbə dronları verir.

Lakin onların hər ikisi Qərbin üstünlüyə malik olduğu qlobal nizama qarşıdırlar. Katz bu barədə deyib:

"Onların ikisi də özlərini incidilmiş, lazımınca hörmət qoyulmayan qüdrətli dövlətlərin liderləri hesab edirlər və hər ikisinin Qərbdən incikliyi var. Bütün fikir ayrılıqlarına rəğmən Ərdoğanın anti-Qərb olması Putin üçün əsas məsələdir”.

Son rəy sorğuları 6 partiyalıq alyansın namizədi olan Kılıcdaroğlunun Ərdoğandan azacıq irəlidə olduğunu göstərir. Əgər onlardan heç biri səslərin 50 faizindən çoxunu qazana bilməsə, mayın 28-də seçkinin ikinci dövrəsi olacaq.

2000-ci illərdə iqtisadiyyatdakı gəlhagəl Ərdoğanı ən qüdrətli Türkiyə lideri etmişdi, amma son illərdəki iqtisadi uğursuzluq, kəskin artan inflyasiya və yoxsulluq bu populyarlığa ağır zərbə vurub.

Qərb və ABŞ-la münasibətlər

Ərdoğanın ötən illər ərzində demokratiya, media azadlığını məhdudlaşdırması, məhkəmələrin müstəqilliyini zəiflətməsi və ekspertlərin təbirincə “aqressiv xarici siyasət” yürütməsi onun Qərblə münasibətlərini son dərəcə pisləşdirib.

2016-cı ilin çevriliş cəhdindən sonra Ərdoğan Putinlə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərinin alınması üçün 2.5 milyard dollarlıq saziş imzalayıb.

Ərdoğanın ABŞ və NATO-nun buna qarşı olmasına baxmayaraq həmin sazişdən geri çəkilməməsi Vaşinqtonu Ankara üzərinə sanksiyalar qoyulmasına sövq edib. Bundan başqa Türkiyə ABŞ-ın F-35 təkmil qırıcı proqramından çıxarılıb.

Məqalədə deyilir ki, Ərdoğan ABŞ-ın belə sərt mövqe tutacağını gözləmirdi.

Bundan başqa son illərdə Türkiyə habelə Aralıq dənizindəki qaz ehtiyatlarına görə Yunanıstanla, Kipr və Avropa İttifaqı ilə qarşıdurmaya çıxıb.

Ən son vaxtlarda isə Ərdoğan İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü əngəlləyib. O Skandinaviya ölkələrini kürd separatçıları himayə etməkdə günahlandırırdı.

Kılıcdaroğlu qalib gələrsə, ölkədə qanunun aliliyini, parlament üsul-idarəsini bərpa edəcəyini vəd edib.

O habelə ABŞ-la S-400-lərlə bağlı yaranmış anlaşılmazlığın aradan qaldırılacağını deyib. Təhlilçilər bildirirlər ki, Ərdoğanın məğlubiyyəti İsveçin də NATO üzvlüyünü sürətləndirəcək.

Ərdoğanda olan xarizma

Bununla belə, Ərdoğan Qərb üçün yaratdığı başağrısına baxmayaraq Moskva və Kiyev arasında taxılın Qara dənizlə daşınması üçün sazişin əldə olunmasında başlıca rol oynayıb.

Ərdoğanın seçkidə məğlub olması bu razılaşmanın da taleyini qeyri-müəyyən edir. Beləki razılaşmanın müddəti 14 may seçkisindən bir neçə gün sonra başa çatır.

Stiven Kuk bildirir ki, razılaşmanın müddətinin uzadılması elə də asan olmayacaq, çünki bu, ilk növbədə “Ərdoğan-Putin razılaşmasıdır”.

Siyasi təhlilçilər qeyd edirlər ki, mülayim xarakterli Kılıcdaroğluda Ərdoğanın xarizması yoxdur.

Ekspertlərin fikrincə Kılıcdaroğlu qalib gəlsə belə, Türkiyə Ukrayna və Rusiya arasında balanslı siyasətini davam etdirməli olacaq. Bunun əsas səbəblərindən biri də Türkiyənin Rusiyadan enerji asılılığında qalmasıdır. Türkiyə qaza olan ehtiyacının 45 faizini Rusiyadan alır. Rusiyadan Türkiyəyə habelə əhəmiyyətli həcmlərdə neft və kömür idxal edilir.

“Göyqurşağı dərhal görünməyəcək”

Vaşinqtondakı Brookings İnstitutundan Asli Altıntaş deyir ki, Kılıcdaroğlu mümkün qələbəsindən sonra əsas diqqətini Avropaya yönəldəcək, amma Rusiya ilə münasibətləri də gərginləşdirmək istəməyəcək:

"Gec ya tez, o Putinə üz tutaraq Rusiyanın Türkiyədəki maraqlarına ziyan vurmağı planlaşdırmadığını bildirəcək. Əsas məsələ Putinin bu müraciətə cavabıdır”.

Lakin Aydıntaşın fikrincə, Kılıcdaroğlu hakimiyyəti Rusiya ilə bağları saxlasa da, Türkiyənin Birləşmiş Ştatlarla hazırkı münasibətlərində olan çətinliklər aradan qalxacaq.

Ekspertin fikrincə, Kılıcdaroğlu eyni zamanda Türkiyə cəmiyyətindəki anti-Amerika və anti-NATO sentimentlərini də nəzərə almalı olacaq.

Stiven Kuk isə bildirir ki, seçkinin nəticəsi nə olursa-olsun, ABŞ-Türkiyə münasibətlərinin səmasında göyqurşağı dərhal görünməyəcək.

XS
SM
MD
LG