Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:24

Putin Erdoğanın zənglərinə cavab vermir


Türkiyə lideri France 24 telekanalına bildirib ki, Putin dəstəyi qaldırmayıb və onun zəngini qaytarmayıb.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Fransa televiziyasına müsahibəsində deyib ki, Rusiyanın Su-24 təyyarəsi vurulduqdan sonra prezident Putinlə heç cür telefon əlaqəsi yarada bilməyib.

Türkiyə lideri bildirib ki, Putin dəstəyi qaldırmayıb və onun zəngini qaytarmayıb.

Erdoğan France 24 telekanalına deyib ki, “biz söhbətin Rusiya təyyarəsindən getdiyini bilsəydik, ola bilsin, ona başqa cür xəbərdarlıq verərdik...”

Erdoğan üzr istəməyəcək

Bundan bir qədər əvvəl Rusiya prezidenti təyyarənin vurulması ilə bağlı Ankaranın indiyədək rəsmi üzr istəməməsinə qəzəbləndiyini bildirmişdi.

Rusiya mediası Erdoğanın ailəsini ittiham edir
Rusiya mediası Erdoğanın ailəsini ittiham edir

Recep Tayyip Erdoğan bunun cavabında CNN Türk kanalına demişdi ki, Türkiyə təyyarəyə görə üzr istəməyəcək. Onun təbirincə desək, “üzrxahlığı dövlət sərhədini pozan etməlidir”.

Rusiyanın Su-24 bombardmançı təyyarəsi ötən çərşənbə axşamı Türkiyə-Suriya sərhədi yaxınlığında Türkiyə hərbi-hava qüvvələrinin F-16 qırıcısı tərəfindən vurulub.

Rusiya təyyarənin guya Türkiyə səmasında vurulduğuna dair Türkiyənin iddialarını rədd edir.

Moskva bildirir ki, təyyarə Suriya üzərində vurulub və elə Suriya ərazisinə də düşüb.

Erdoğanın ailəsi ittiham edilir

Bundan əlavə Rusiyanın Rossiya 24 dövlət xəbər telekanalı son saatda daha ağır ittihamlar irəli sürüb.

Telekanal Rusiya pilotunun paraşütlə enərkən yerdən güllələnməsində prezident Erdoğanın ailəsinin birbaşa əli olduğunu iddia edib.

Erdoğan: Biz söhbətin Rusiya təyyarəsindən getdiyini bilsəydik, ola bilsin, ona başqa cür xəbərdarlıq verərdik

Bu da deyilib ki, Suriya sərhədi yaxınlığında İŞİD döyüşçülərini müalicə edən xəstəxananı Türkiyə prezidentinin qızı tikdirib.

Bundan əvvəl Rusiya dövlət mediası Erdoğanın oğlunun İŞİD-in qaçaq neftini satmaqla məşğul olduğunu iddia etmişdi.

Bundan əvvəl Rossiya 24 İraq neftinin qanunsuz satışı ilə Erdoğanın kürəkənin məşğul olduğunu bildirmişdi.

“Türk axını” axmaya bilər

Rusiya iqtisadi inkişaf naziri Aleksey Ulyukayev deyib ki, Moskva Türkiyə ilə hava nəqliyyatının məhdudlaşdırılmasını planlaşdırır.

O həmçinin “Türk axını” layihəsinin gündəlikdən çıxarılmasının istisna olunmadığı bildirib.

Rusiya öz vətəndaşlarını nəinki Türkiyəyə səfərlər etməkdən çəkindirib, hətta artıq Türkiyədə olanları təcili geri çağırıb.

Müdafiə Nazirliyi elan edib ki, S400 antiraket sistemi artıq Suriyaya gətirilir.

XS
SM
MD
LG