Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:46

Ermənistan XİN 'Naxçıvanla dəhliz' söhbətini belə yozur


Dəmir yolu
Dəmir yolu

Azərbaycan XİN-dən cavab

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndi ilə bağlı şərhinə dair sualı cavablandırıb.

"Ermənistan Xarici İşlər Nazirliyinin... üçtərəfli bəyanatın bəndlərini şərh etməklə məşğul olmaqdansa, səylərini bu bəyanatın icrası ilə bağlı konkret addımların atılmasına yönəltməsi daha faydalı olardı. Hazırda sözdə boş bəyanatların verilməsi deyil, əməldə dövlətlərimizə, ümumilikdə bölgəyə sülh, əmin-amanlıq, inkişaf və tərəqqinin gətirilməsi vaxtıdır", - cavabda yazılıb.

Azərbaycan prezidenti, Ermənistan baş naziri və Rusiya prezidentinin bəyanatı

...

9. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.

+++

Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Armenpress xəbər agentliyinin sualına cavab verib.

Agentlik müxbirinin sualında deyilirdi:

“Azərbaycan prezidenti İlham Əliyev deyib ki, 10 noyabr birgə bəyanatında Naxçıvan dəhlizinin yaradılmasına dair xüsusi müddəa var. Bu bəyanatı necə şərh edərdiniz?”

Ermənistan XİN-in sözçüsü sualın cavabında deyib:

“9 noyabr birgə bəyanatının 9-cu bəndində “Regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması” nəzərdə tutulub və Ermənistan tərəfi də regionda stabillik və əməkdaşlıq perspektivləri naminə bu mövqeyə tərəfdardır. Sözü gedən bənddə hər hansı dəhlizin yaradılması nəzərdə tutulmayıb. Ermənistan ərazisindən keçən hər hansı yol və ya kommunikasiya müstəsna olaraq Ermənistanın yurisdiksiyası və suverenliyi altındadır”.

Üçtərəfli bəyanat deyəndə Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında ötən il noyabrın 10-u qəbul edilən birgə sənəd nəzərdə tutulur.

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb.

10 noyabr razılaşmasına əsasən, həmçinin, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Xatırlatma

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG