Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:28

Daha bir Daşnaksutyun üzvü Ermənistana buraxılmayıb


Njde Qaraqavoryan
Njde Qaraqavoryan

Ermənsitanın müxalif “Erməni inqilabi federasiyası – Daşnaksutyun” (EİFD) partiyasının daha bir üzvü Ermənistana buraxılmayıb.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, xaricdə yaşayan Njde Qaraqavoryanın ölkəyə gəlişini Milli Təhlükəsizlik Xidməti qadağan edib.

Xəbərdə deyilir ki, Qaraqavoryan fevral ayında Daşnaksutyun partiyasının Syunikdə keçiriləcək Ümumdünya Gənclər Konqresində iştirak etməli idi.

O bildirir ki, ölkəyə buraxılmamasının səbəbini ona izah etməyiblər:

“Bunu onunla əsaslandırırlar ki, mən Ermənistan üçün arzuolunmaz şəxsəm. Lakin mənim barəmdə hər hansı konkret əsaslı səbəb göstərilmir”.

Azatutyun yazır ki, Qaraqavoryan son bir ildə dörd dəfə Ermənistana səfər edib və bu səfərlər zamanı Qarabağda da olub:

“Bu dəfə mən EİFD-nin gənclər ofisinin təşkil etdiyi ümummilli konqresdə iştirak etməli idim... Və biz burada, xüsusilə də Artsaxın (Qarabağ-red) və Ermənistanın təhlükəsizliyi ilə bağlı məsələləri, gələcək addımlarımızı müzakirə etməliydik”.

Azatutyun bildirir ki, MTX Daşnaksutyun partiyası üzvünün ölkəyə buraxılmaması səbəbini izah etməyib və bunun şəxsi məlumat olduğundan yalnız həmin şəxsə bildirildiyini deyib.

Paşinyan 'Laçın dəhlizinə beynəlxalq missiya gəlsin' deyir
Gözlə

No media source currently available

0:00 0:02:53 0:00

Bundan əvvəlki qadağanlar

Xəbərdə deyilir ki, bundan bir neçə ay əvvəl bu partiyanın digər üzvləri – Fransada yaşayan Murad Papazyanın, Niderlandda yaşayan Masis Abramyan və onun qızı Syune Abramyanın Ermənistana girişi qadağan edilib.

Ermənistan hakimiyyəti ata və qızının ölkəyə buraxılmaması səbəbinə aydınlıq gətirməyib. Murad Papazyana gəlincə isə ona izah ediblər ki, qadağan onun 2021-ci ilin yayında Parisdə Ermənistan baş nazirinin avtomobil karvanına hücum etməsinə görədir.

Papazyanın özü Azatutyuna bu hücumla heç bir əlaqəsinin olmadığını deyib.

Azatutyun yazır ki, Qaraqavoryanın Ermənistana buraxılmaması ilə bağlı EİFD-nin Qərbi Avropa Mərkəzi Komitəsi kəskin bəyanat yayıb.

Bəyanatda deyilir ki, “Ermənistan hakimiyyəti belə əbəs və qorxaq repressiv tədbirləri ilə daşnak gəncliyinin mübarizə ruhunu qıra biləcəyi barədə xülyalara qapılmamalıdır”.

Ermənistan hökuməti Daşnaksutyun partiyasının tənqidlərinə hələki cavab verməyib.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG