Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 09:30

Etirazlara görə Ermənistan hökumətinin müşavirəsi təxirə salınıb


Etirazçılar Yerevanın Respublika meydanında
Etirazçılar Yerevanın Respublika meydanında

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ermənistan hökuməti iyunun 13-də özünün həftəlik müşavirəsini təxirə salıb.

Bu qərarın qəbul edildiyi vaxt hökumət binasının qarşısındakı Respublika meydanında baş nazir Nikol Paşinyanın istefasını tələb edən mitinq davam edirdi.

Etirazlara başçılıq edən arxiyepiskop Baqrat Qalstanyan Paşinyanın üzərinə təzyiqi artırmaq üçün bir gün əvvəl tərəfdarlarını iyunun 13-də səhər saat 10-da hökumət binasının qarşısında toplaşmağa çağırmışdı.

Bununla əlaqədar hökumət əvvəlcə müşavirənin vaxtını səhər saat 9-a dəyişsə də, son anda iclasın iyunun 14-də keçiriləcəyi elan edilib.

Buna rəsmi səbəb kimi Paşinyanın parlamentdə 2023-cü ilin büdcəsi ilə bağlı davam edən debatlarda iştirakı göstərilib.

Qalstanyan Paşinyanı “qorxaq satqın” adlandırıb

Respublika meydanında çıxış edən Qalstanyan bir daha Paşinyanı “polisin arxasında gizlənməkdə” ittiham edib və bildirib ki, hakimiyyətin dəyişdirilməsi üçün kampaniyanı davam etdirəcək.

O ölkə polisini iyunun 12-də etirazçılara qarşı səs qumbaralarından və fiziki zordan istifadə etməkdə ittiham edib.

Qalstanyan bəyan edib ki, polis “qorxaq satqına xidmət etdiyinə görə” xəcalət çəkməlidir.

Onun bu bəyanatına cavab olaraq meydandakı polislər etirazçılara arxalarını çeviriblər.

Azatutyun yazır ki, bunun ardınca polis rəsmiləri Qalstanyanla mübahisə ediblər və gərginlik yenidən artıb.

Paşinyan polisi müdafiə edir

Bunun ardınca keşiş tərəfdarlarını parlament binasına yaxın Marşal Baqramyan küçəsinə aparıb.

Bu arada parlamentdə çıxış edən Paşinyan polisin “qanuni və peşəkar” fəaliyyətini müdafiə etdiyini deyib.

Baş nazir deyib ki, etirazçılar polis sıralarını yararaq Milli Məclisə hücum etmək istəyiblər.

O habelə vurğulayıb ki, “kütləvi iğtişaşı törədənlər məsuliyyətə cəlb olunacaqlar”.

İyunun 12-də polis etirazçıların sıx yığışdığı yerə onlarca səs qumbarası atıb.

Toqquşmalarda 83 etirazçının və 18 polis nəfərinin xəsarət aldığı bildirilir.

Baş nazir bunu da bildirib ki, etirazçılardan birinin üç barmağı amputasiya olunub.

Bundan əvvəl

Aprelin 19-da Yerevan və Bakı sərhədin Qazax-Tavuş sektorunun bəzi hissələrinin dəqiqləşdirilməsi barədə ilkin razılaşma əldə olunduğunu bildirmişdilər.

Bəyanatda deyilirdi ki, iki ölkə arasında dövlət sərhədinin müəyyənləşdirilməsi prosesi Azərbaycan və Ermənistan arasında Sovet İttifaqının çökməsi anında mövcud olmuş sərhəd xətti əsasında aparılır.

Bunun ardınca Ermənistanın bir sıra sərhəd kəndlərinin, əsas etibarilə Kirants sakinləri demarkasiyaya etiraz etdiklərini bildirmişdilər.

Onlar demarkasiya işlərinə mane olmaq üçün Yerevan-Tbilisi magistral avtomobil yolunun Kirants kəndi yaxınlığından keçən hissəsini bağlamışdılar. Bu hissə razılaşmaya görə Azərbaycanın nəzarətinə düşür.

Ermənistan müxalifətinin nümayəndələri və yerli Tavuş mərzinin arxiyepiskopu Baqrat Qalstanyan da etirazçılara qoşulmuşdular.

Qalstanyan mayın əvvəllərində bir neçə yüz tərəfdarı ilə Tavuşdan Yerevana yürüş etdiyini bəyan etmişdi. Lakin hərəkata demarkasiyaya qarşı etirazla başlayan Tavuş arxiyepiskopu Yerevanda keçirdiyi ilk mitinqdə Paşinyanın istefasını tələb etmişdi.

Hazırda keşiş Qalstanyanın çağırışı ilə küçə etirazları davam edir. İqtidar Paşinyan və hökumətinin istefasına dair tələbləri rədd edir və antihökumət etirazlarının getdikcə zəiflədiyini deyir.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG