Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:22

FHN hospitalının baş həkiminə 8 il 3 ay həbs kəsildi


O, koronavirusa yoluxmuş və hospitala yerləşdirilən şəxslərin yaxınlarından, eləcə də xəstəxanada çalışanlardan rüşvət almaqda təqsirli bilinib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin tabeliyindəki Modul Tipli Hospitalın keçmiş baş həkimi İmran Ağayevə 8 il 3 ay həbs cəzası verilib. O, koronavirusa yoluxmuş və hospitala yerləşdirilən şəxslərin yaxınlarından, eləcə də xəstəxanada çalışanlardan rüşvət almaqda təqsirli bilinib.

Martın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmlə sabiq baş həkimlə yanaşı, hospitalda çalışmış daha üç nəfər də cəzalandırılıb. Rüfət Vəlizadə və Taleh İmanlının hər biri 8 il 1 ay, Qulu Orucov isə 5 il azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxslərdən Orucov həbsdə deyildi, istintaq və məhkəmə dövrü üçün onun barəsində alternativ növdə qətimkan tədbiri seçilmişdi. Bu üzdən o, martın 17-də hökm elan ediləndən sonra məhkəmə zalında həbs edilib.

6 xəstənin yaxınından 10 min 500 manat rüşvət

Hökmdən öncə son sözünü deyən keçmiş baş həkim qısa danışıb. Təqsirsiz olduğunu vurğulayan Ağayev vəkilinin çıxışıyla razılaşdığını bildirib və haqqında bəraət hökmü çıxarılmasını istəyib.

Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları 2021-ci ilin aprelində əməliyyatlar keçirərək, əsasən, koronavirusa yoluxmuş şəxslərin müalicə olunduğu “Yeni Klinika”nın və Modul Tipli Hospitalın baş həkimlərini, bu tibb müəssisələrində çalışan bir sıra şəxsləri, eləcə də xəstələrin yerləşdirilməsində vasitəçilik etdiyi iddia olunan şəxsləri saxlamışdı.

Cinayət işinin materiallarında iddia olunur ki, Modul Tipli Hospitalın baş həkimi Ağayev digər əməkdaşlarla əlbir olub, xəstəxananın “VİP korpus”larında daha yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün 6 xəstənin yaxınından 10 min 500 manat pul alıb. Baş həkim həmçinin əməkdaşlardan da rüşvət almaqda təqsirləndirilir. İttihama əsasən, hospitalda çalışan bir sıra şəxslərlə yenidən əmək müqaviləsi bağlamaq üçün onlardan da rüşvət alınıb.

Özünü təqsirli bilmir

Ağayev həmçinin koronavirusa yoluxmuş 140 nəfər xəstəni özü təsis etdiyi, eyni zamanda, direktoru olduğu “MediStyle” MMC-nin Təcili Tibbi Yardım avtomobilləri vasitəsilə Modul Tipli Hospitala gətirilməsini təşkil etməklə, onların yaxınlarından xidmət haqqı kimi 51 min 600 manat pul almaqda suçlanır.

Lakin İmran Ağayev bu ittihamların heç birini qəbul etmir, kimsədən rüşvət almadığını deyir.

“Yeni Klinika”nın sabiq baş həkimi Pərviz Abbasov da özünü təqsirli bilmir, rüşvətdən uzaq biri olduğunu deyirdi. Buna baxmayaraq, məhkəmə onun haqqında 8 il 6 aylıq həbs hökmü çıxardı. Abbasov həmin hökmdən şikayət verib və işinə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 6 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

İndiyə kimi Azərbaycanda 791 mindən çox insan koronavirus infeksiyasına yoluxub, onlardan 780 minə yaxını sağalıb, 9 min 633 nəfər vəfat edib.

XS
SM
MD
LG