Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:57

'Demokratiyanın belinin qırılması'…


İ.Əliyev və M.Əliyeva
İ.Əliyev və M.Əliyeva

Avtoritar liderlər azad cəmiyyətlərə getdikcə daha çox təhlükə yaradır. Onlar 21-ci əsrin dominant idarəçilik sistemi olan liberal demokratiyaya daim güclü meydan oxuyurlar.

REPRESSİV REJİMLƏRİN YENİ METODLARI

«Freedom House» insan haqları təşkilatı iyunun 5-də açıqladığı «Demokratiyanın belinin qırılması (dağıdılması, zəiflədilməsi): Məqsədlər, Strategiyalar və Müasir Avtoritarizmin metodları» adlı hesabatında belə yazır.

Hesabatda deyilir ki, Rusiya, Çin və digər repressiv rejimlər öncəki totalitar sistemlərin edə bilmədiklərini gerçəkləşdirə biliblər. Necə? Daha yaxşı cilalanmış və incələnmiş nəzarət strategiyaları, açıq cəmiyyətlərin istismarı, demokratik ölkələrdə qeyri-liberal siyasətlərin yayılması sayəsində. Hesabatda müasir avtoritarlığın özünü necə müdafiə və təbliğ etməsindən də söz açılır. Belə ki, fərqli regionlardan olan, fərqli cəmiyyətlərə malik rejimlər siyasi nəzarət texnikalarını bir-birindən mənimsəyirlər.

«Freedom House» prezident Vladimir Putin-in rəhbərliyi altında Rusiyanın müasir avtoritar rejimlərin inkişafında nəhəng rol oynadığını vurğulayır. Bu, özünü özəlliklə də mediaya nəzarətdə, propoqanda, vətəndaş cəmiyyətinin boğulmasında, siyasi plüralizmin zəiflədilməsində göstərir. Rusiya demokratik qurumların yarandığı, demokratik ölkələrin korrupsioner liderləri sıxışdırdığı qonşu ölkələrə qarşı aqressiv mövqe tutub.

LOBBİÇİLİK

Hesabatda Azərbaycanın adı bir neçə məqamda çəkilir. Məsələn, vurğulanır ki, demokratik ölkələrdən siyasi konsultant və lobbiçilər avtokratiyaların maraqlarının təmsilinə cəlb olunur və bu fenomen güclənməkdədir. Rusiya, Qazaxıstan, Azərbaycan, Türkiyə, Efiopiya və Yaxın Şərqin, demək olar, bütün avtokratik ölkələri bu təcrübəyə əl atır.

Azərbaycanda insan haqları necə qorunur?
Gözlə

No media source currently available

0:00 0:00:33 0:00

«Vəkillər və hüquqşünaslar, adətən, diktaturaları dolayısıyla, dövlətə məxsus şirkətlər vasitəsilə təmsil edirlər. Çinin bir sıra dövlət şirkətləri böyük demokratik ölkələrdə hüquqi və siyasi müşavirləri işə cəlb edib. Azərbaycan, Venesuela və Anqola kimi neftlə zəngin ölkələrsə bunu dövlətə məxsus enerji korporasiyaları vasitəsilə edir», – hesabatda vurğulanır.

«Bu yaxınlaradək Azərbaycanı Vaşinqtonda, Londonda və Brüsseldə hüquqşünaslar, siyasi əməliyyatçılar və ictimai münasibətlər üzrə mütəxəssislər batalyonu təmsil edirdi. Onlardan bəziləri dövlət neft şirkəti üçün çalışırdı, digərlərini birbaşa hökumət işə götürmüşdü və administrasiya, Konqres üzvləri, beyin mərkəzləri, Birləşmiş Ştatlarda siyasi fikri formalaşdıran digər qurumlar qarşısında rejimin insan haqları pozuntularını əsaslandırmağa çalışırdılar», – «Freedom House» bildirir.

SEÇKİLƏR VƏ SİYASİ MƏHBUS ANLAYIŞI

Qurum bildirir ki, bir sıra ölkələrdə səsvermə nəticələri totalitar və xunta quruluşlu dövlətlərdə açıq-aşkar saxtalaşdırılan seçkiləri xatırladır. Məsələn, Azərbaycanda İlham Əliyev, Belarusda Alyaksandr Lukashenka seçkiləri dəfələrlə udublar, özü də səslərin 80 faizindən çoxunu toplamaqla. Efiopiyada hakim Xalq İnqilabi Demokratik Cəbhəsi son parlament seçkisində yerlərin hamısını qazanıb.

«Müasir avtoritarlığın daha incə və sınanmış metodları işlənib hazırlanıb. Ancaq bir sıra rejimlər özlərinin plüralizm və açıqlıq, eləcə də qlobal iqtisadiyyata inteqrasiya iddialarına zərbə vuran köhnə taktikalara qayıdıblar. Moskva iqtisadi sanksiyalara baxmayaraq, Ukraynaya hərbi müdaxiləni davam etdirib… Azərbaycanda prezidentin həyat yoldaşı Birinci vitse-prezident təyin olundu və bununla da Əliyevlər ailəsinin siyasi hakimiyyəti monopoliyaya alması ağrılı şəkildə üzə çıxdı», – qurum bildirir.

«Kürdəxanı universiteti». Karikatura
«Kürdəxanı universiteti». Karikatura

Hesabatda siyasi məhbus anlayışının da artıq geri qayıtdığı qeyd olunur.

«Bu sahədə ən böyük pozuntuya yol verən Azərbaycandır. 9.4 milyon əhalisi olan, prezident İlham Əliyevin rəhbərlik etdiyi bu ölkədə adambaşına dünyada ən çox siyasi məhbus düşür. Təsdiqlənmiş rəqəmlərə görə, 2015-ci ildə ölkədə 80-dək siyasi məhbus varıydı. (Qeyd edək ki, yerli insan haqları fəalları hazırda Azərbaycanda 100-dən çox insanın siyasi motivlərlə cəza çəkdiyini bildirirlər- red.). Ölkədə repressiya güclənməkdədir. Əliyev bütün əsas dövlət qurumlarına tam nəzarət edir. Üstəlik, ABŞ və Avropanın siyasi liderləri onunla mülayim davranırlar, çünki bu ölkə Rusiyadan enerji ixracına alternativ sayılır», – hesabatda deyilir.

İNSAN HAQLARI QURUMLARINA TÖVSİYƏLƏR

«Freedom House» hesabatda bir sıra tövsiyələr də irəli sürür. Məsələn, insan haqları təşkilatlarına tövsiyə olunur ki, siyasi məhbusların mücadiləsini daha güclü şəkildə ictimailəşdirsinlər.

«Soyuq Müharibədən sonra siyasi məhbusların sayı azaldığından, bu məsələyə elə də böyük diqqət ayrılmadı. Ancaq indi təkcə Çində mindən çox siyasi məhbus var, Venesuela, İran, Azərbaycan kimi ölkələrdə onların sayı az deyil. Artıq «vicdan məhbusu» termininin siyasi lüğətimizə daxil olmasının vaxtı çatıb», – insan haqları təşkilatı bildirir.

Qeyd edək ki, Azərbaycan hakimiyyəti «siyasi məhbus» terminini qəbul etmir, ölkədə siyasi motivli həbslərin olmadığını, hər kəsin konkret cinayətə görə cəza çəkdiyini bildirir.

Bu hesabata hakimiyyətdən, hələlik, şərh gəlməyib. Ancaq ənənəvi olaraq, «Freedom House», «Human Rights Watch», «Amnesty International» və digər beynəlxalq insan haqları qurumlarının oxşar hesabatlarını və tənqidlərini hakimiyyət sərt təpkiylə qarşılayır, bu təşkilatlar ölkəyə qarşı «qarayaxma kampaniyası» aparmaqda suçlanır.

XS
SM
MD
LG