Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:25

Gəncə hadisələrinə görə həbs olunanlar aclıq edir?


Gəncə hadisələrinə görə həbs olunan şəxslərdən üçünün - Səbuhi Rəcəbov, Gülmirzə Nuruzadə və Eyruz Hacıyevin saxlandıqları istintaq təcridxanasında aclıq etdiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna onların yaxınları məlumat verərək bildiriblər ki, onlar mayın 6-dan etiraz olaraq aclıq aksiyasına başlayıblar.

Yaxınları iddia edirlər ki, hər üç şəxs qanunsuz həbs olunub, saxlanıldığı ilk günlərdə Gəncədə polis idarəsində işgəncələrə məruz qalıb:

“Bu adamlar günahsızdır. Törətmədikləri cinayətləri boyunlarına qoymaq üçün onlara dəhşətli işgəncələr verilib. Məhkəmə də onların işinə obyektiv baxmadı, ədalətli hökm çıxarmadı. Ona görə də bütün bunlara etiraz olaraq, müddətsiz aclıq aksiyasına başlayıblar. Çünki başqa çıxış yolları qalmayıb”.

“Sanki günahsız insanları həbs eləməkdən həzz alırlar”

Adları çəkilən şəxslərdən Eyruz Hacıyevin qardaşı Yasər Hacıyev AzadlıqRadiosuna deyib ki, qardaşının taleyindən nigarandır. Çünki bir neçə gündür onunla əlaqə saxlaya bilmirlər. Sonuncu dəfə danışanda da aclığa başlayacağını deyib:

“Bu nə yaşayışdır, bu nə məhkəmədir? Sanki günahsız insanları həbs eləməkdən, cəzalandırmaqdan həzz alırlar. Axırıncı dəfə danışanda çox pis vəziyyətdə idi. Biz onun həyatından narahatıq”.

Eyruz Hacıyev
Eyruz Hacıyev

Cəbrayıldan məcburi köçkün olduqlarını, qardaşının üç azyaşlı övladının atasız qaldığını deyən Yasər Hacıyev bildirib ki, aclıq edənlərdən Səbuhi Rəcəbov da onların bibisi oğludur: “Bu adamların heç biri Gəncədə yaşamırlar”.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə AzadlıqRadiosuna xəbəri təkzib edib: “Bu şəxslərin heç biri aclıq eləmir”.

Gəncə hadisələrinə görə həbs olunanların işi bir neçə qrupda ayrı-ayrılıqda məhkəməyə göndərilib.

Adları çəkilən şəxslərin də daxil olduğu səkkiz nəfərlik qrupun məhkəməsi başa çatıb. Onların işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Bakıda – Sabunçu Rayon Məhkəməsinin inzibati binasında baxıblar.

Aclığa başladığı bildirilən şəxslərdən S.Rəcəbov və E.Hacıyevin hər biri 7 il, G.Nuruzadə isə 5 il azadlıqdan məhrum edilib.

Səbuhi Rəcəbov
Səbuhi Rəcəbov

Xatırlatma

Baş Prokurorluq Gəncə olayları ilə bağlı ümumilikdə 6 qrupun (51 nəfər) işinin məhkəməyə getdiyini açıqlayıb. Onlardan yalnız 2 qrupun məhkəməsi başa çatıb. Mühakimə olunanlara 5 ildən 8 ilə qədər həbs verilib. Təqsirləndirilənlər əsasən zorakılıqların, talanların, yanğınların törədilməsi, odlu silahın, partlayıcı maddələrin tətbiqi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimətlə müşayiət olunan kütləvi iğtişaşlar maddəsi ilə ittiham ediliblər. Daha bir neçə qrupun məhkəməsi də Bakıda davam edir.

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları iddia edir ki, bu, terror əməlidir və Yünis Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan İslam dövləti qurmaq olub. Yünis Səfərov bu iddialarla bağlı münasibətini, hələlik, ictimaiyyətə açıqlamayıb.

Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Rəsmi məlumata görə, həmin gün Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Bu hadisələrlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüb. Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia ediblər.

XS
SM
MD
LG