Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:16

Yunis Səfərovun istədiyi vəkili onun işinə buraxmayıblar


Y.Səfərov
Y.Səfərov

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevi güllələməkdə suçlanan Yunis Səfərov hüquqlarını vəkil Elçin Sadıqovun qorumasını istəsə də, buna icazə verilməyib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Natiq Əliyev və daha iki hakim yanvarın 8-də həmin istəyi rədd edib.

Onlar qadağanı belə əsaslandırıblar ki, E.Sadıqov hələ istintaq dövründə - ötən ilin sentyabrında prokurorluğun qərarıyla Y.Səfərovun müdafiəsindən uzaqlaşdırılıb.

E.Sadıqov hakimlərə bildirib ki, istintaq gedişində olub-bitənlərin məhkəməyə aidiyyəti yoxdur, çünki istintaq və məhkəmə dövründən vəkillə ayrı-ayrı müqavilə bağlanır: «Üstəlik, indi məhkəmədə baxılan cinayət işinin nömrəsi ilə mənim uzaqlaşdırıldığım cinayət işinin nömrəsi eyni deyil. Başqa-başqa cinayət işləridir. Yunis Səfərov və digərləri haqqında istintaqın sonunda cinayət işindən başqa bir iş ayrılıb».

Y.Səfərov bir gün öncə məhkəmədə ona dövlət hesabına təyin edilən vəkil Elman Ağayevdən narazılığını dilə gətirərək, həmin vəkilin hüquqi yardımından imtina etdiyini söyləmişdi. Onun sözlərinə görə, hüquqları pozulsa da, vəkil bunun qarşısını almaqdan ötrü heç bir addım atmayıb.

N.Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası bu məsələdə də Y.Səfərovun istəyini təmin etməyib.

Yunislə birgə hakim önünə çıxarılan şəxslərdən Mahir Əzizov da bənzər durumdadır və onun da ailəsinin müqavilə bağladığı vəkil - Asif Allahverdiyev müdafiə prosesinə buraxılmır.

M.Əzizova dövlət hesabına vəkil verilsə də, o, həmin müdafiəçidən narazıdır və vəkilinin A.Allahverdiyev olmasını istəyir. Ancaq Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri və hakimləri yanvarın 8-də onunla da bağlı eyni qərarı verib və adıçəkilən vəkili müdafiə prosesinə buraxmayıb. Bu dəfə də səbəb olaraq prokurorluğun qərarı göstərilib.

«Biz sizə bu jesti edirik…»

Y.Səfərov və daha 11 nəfərin işi üzrə məhkəmənin hazırlıq iclasında cinayət işinin yenidən araşdırılmasından ötrü prokurorluğa qaytarılması, təqsirləndirilən şəxslərin ev dustaqlığına buraxılması, səhhətində problemlər olanların ekspertizadan keçirilməsi, Gəncə Şəhər Baş Polis İdarəsi müstəntiqinin və başqalarının əlavə şahid kimi məhkəmədə dindirilməsi, məhkəmə iclaslarının audio- və videoyazısına imkan verilməsi və s. barədə çox sayda vəsatət qaldırılsa da, heç biri təmin edilməyib. Yalnız xəbərdarlıq edilməklə məhkəmə gedişində şüşə kabinədə saxlanan təqsirləndirilənlərin əllərindəki qandalların açılmasına razılıq verilib.

«Biz sizə bu jesti edirik, amma yaddan çıxarmayın. Deyirlər ki, Avropa Məhkəməsinin qərarlarına ziddir-filan. Avropa məhkəməsində ələ yox e, lap ayağa da qandal vururlar...», - Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri N.Əliyev belə deyib.

Y.Səfərov və daha 11 nəfərin işi üzrə məhkəmə baxışı yanvarın 16-na təyin olunub.

Bu işdə toplam 12 nəfər təqsirləndirilsə də, Ağa Sərxani və Anar Bağırov tutularkən öldürüldüyündən, hakim önünə 10 nəfər çıxarılıb və 6 nəfər – sabiq icra başçısı və 5 polis zərərçəkmiş qismində tanınıb.

Təqsirləndirilən şəxslər qəsdən adam öldürməyə cəhddə, quldurluq və terrorçuluğa açıq çağırışda, qanunsuz silah saxlama və başqa əməllərdə suçlanırlar. Onlara Cinayət Məcəlləsinin 30-dək maddəsi əsasında ittiham verilib. Bu maddələrdə 20 ilə, hətta ömürlük həbsədək ağır cəzalar nəzərdə tutulub.

«Yunis Səfərov, əslində, müdafiəsiz qalır»

Vəkil E.Sadıqov AzadlıqRadiosuna bildirib ki, müdafiə prosesinə buraxılmaması barədə qərardan Məhkəmə-Hüquq Şurasına şikayət verəcək: «Düzdür, məhkəmənin hazırlıq iclasının qərarından şikayət verilmir. Amma hakimin hərəkətindən Məhkəmə-Hüquq Şurasına şikayət edəcəyəm, çünki məni müdafiəçi kimi bu prosesə buraxmamaq səlahiyyəti yox idi. Əvvəla, mən başqa cinayət işindən uzaqlaşdırılmışam, həm də o məsələ istintaq dövründə olub. Bu yolla Yunis Səfərov, əslində, müdafiəsiz qalır».

Digər vəkil A.Allahverdiyev vaxtilə Binəqədi Rayon Prokurorluğunda müstəntiq işlədiyini və təqsirləndirilən A.Sərxani öldürüləndən sonra həmin qurumda bu faktla bağlı araşdırma apardığına diqqət çəkib. O, M.Əzimovun müdafiəsinə buraxılmamasının bununla əsaslandırıldığını söyləyib.

Vəkil bu işə buraxılmaması barədə prokurorluğun qərarından məhkəməyə şikayət versə də, təmin olunmayıb.

M.Əzizovun anası Məhbubə Əzizova məhkəmənin gedişindən narazılığını dilə gətirib: «İlk iclaslardan göründü ki, ədalətli məhkəmə keçirmək istəmirlər. Nə vəkili buraxırlar, nə vəsatətləri təmin edirlər. İntihar həddindəyəm...».

Xatırlatma

Ötən il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub və sui-qəsdi törətdiyi bildirilən Y.Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Y.Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edir. Y.Səfərov bu iddialara münasibətini hələ ictimaiyyətə açıqlamayıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Gəncə hadisələrinə görə həbs olunan 80-ə yaxın şəxsin işi bir neçə qrupa ayrılıb. Onların əksəriyyətinə hökm oxunaraq, 6 ildən 18 ilədək həbs cəzası verilib. Sonradan apellyasiya məhkəməsi onların bir qisminin cəzasını azaldıb.

Bu hadisələrlə əlaqədar həbs olunanlardan təxminən 10 nəfər şərti cəzayla azadlığa buraxılıb. 8 və 6 nəfərlik daha iki qrupun apellyasiya şikayətləri üzrə məhkəmələrsə davam edir.

Y.Səfərov və daha 11 nəfər məhz icra başçısı və mühafizəçisinin güllələnməsinə görə mühakimə olunur.

Həbs olunanlar məhkəmə ifadələrində həm saxlanarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildiriblər.

Daxili İşlər Nazirliyi saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri təkzib edərək bildirib ki, onlar məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə məhkəmədə həqiqətəuyğun olmayan ifadələr verirlər.

XS
SM
MD
LG