Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:32

Komitə Gəncədəki müəssisəni alanın adını gizlədir


«Gəncə Mənzil Tikinti» ASC
«Gəncə Mənzil Tikinti» ASC

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) «Gəncə Mənzil Tikinti» ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinə yekun vurduğunu elan edib. Di gəl ki, qurum 10 hektar yarım torpaq sahəsi olan müəssisənin 99.96 faiz səhmini kimin aldığını açıqlamaq istəmir. Bu, qanunazidd olsa da.

Səhmdar cəmiyyəti üçün uzun illər idi ki, sərmayədar axtarılırdı. Son müsabiqə bu ilin mayında elan edilmişdi və iyulun 13-də baş tutmuşdu. ƏMDK onun nəticəsini indi, ayyarım ötəndən sonra açıqlayıb.

EKSPERT: «O ZAMAN ŞİRKƏTLƏRİN DƏ ADLARI AÇIQLANMASIN»

AzadlıqRadiosu «Gəncə Mənzil Tikinti» ASC-nin 2.7 milyon manat dəyərində səhmlərini alan şəxsin adını öyrənməkdən ötrü ƏMDK-ya müraciət edib. Lakin qurumda bu suala cavab verməyiblər.

***Buna da bax-Şəkidə idman obyektini işçilərdən xəbərsiz satırlar

Ekspert Qubad İbadoğlu deyir ki, qanunvericiliyə əsasən, investisiya müsabiqəsinin qalibinin adı mütləq qaydada açıqlanmalıdır:

«Bunu «İnvestisiya müsabiqəsinin keçirilməsi qaydaları» tələb edir. Sənəddə göstərilir ki, komitə və müsabiqənin qalibi alqı-satqı müqaviləsi bağladıqdan sonra ictimaiyyətə açıqlanan məlumatlar arasında qalibin adı da göstərilir».

HƏR ŞEY 1999-CU İLDƏN BAŞLAYIB

ƏMDK investisiya müsabiqələrində qalib fiziki şəxslərin adını gizli saxlamaq «ənənəsinin» əsasını 1999-cu ildə «Mayesiz Transformatorlar Zavodu» ASC-nin 85 faizlik səhm zərfini Talıb Əlixanbəyova satandan sonra qoyub. O zaman media öyrənmişdi ki, T.Əlixanbəyov həmin zavodun direktorudur və zavodun inkişafına indiki pulla 1 milyon sərmayə qoyacaq.

***Buna da bax-AZAL-ın yükdaşıma şirkəti ləğv olundu

«Gəncə Mənzil Tikinti» ASC-nin məchul qalibinə gəlincə, o, səhmləri aldığına görə dövlət büdcəsinə yarım milyon manat pul ödəməyə, müəssisənin 285 min manata yaxın borclarını bağlamağa boyun olub. Qarşıdakı ilyarım ərzində investor müəssisəyə 844 min manat yatıracaq. Burada xırdalanmış mərmər ovuntuları sexi, taxıl (silos) və logistika anbarları qurulacaq.

Bu ilin martında ƏMDK «Oğuz Şərab» ASC-nin səhmlərini investisiya müsabiqəsində satmışdı. O vaxt da qalib fiziki şəxsin adı gizli qalmışdı.

XS
SM
MD
LG