Hökumət «Azərbaycan Hava Yolları» QSC-nin strukturuna yenidən baxıb və daha bir qurumu onun tərkibindən çıxarıb.
Nazirlər Kabinetinin iyulun 27-də qəbul etdiyi qərara görə, «Azərbaycan Hava Yolları» Yük Aviasiya Şirkəti AZAL-ın strukturundan çıxarılıb.
Bu, aviaşirkətin yük daşımaları sahəsində fəaliyyətini dayandırması anlamına gəlir.
Bu şirkətin istifadəsində olmuş çoxsaylı yük təyyarələri hazırda «Silk Way Aviaşirkəti» MMC-nin mülkiyyətindədir.
Buna da bax: AZAL-ın qiymətlərini 'Silkway' bahalaşdırır [qısa araşdırma]
AZAL-dan «Silk Way Holding»ə
Bunadək aviaşirkətin strukturundan daha dörd qurum: çoxsaylı helikopterə və Zabrat qəsəbəsində aerodroma sahib olan «Azalhelikopter» Bakı Aviasiya Şirkəti, bilet satışı üzrə geniş şəbəkəyə malik Beynəlxalq Kommersiya İdarəsi, eləcə də Hava gəmilərinə texniki xidmət və İstehsalat-təsərrüfat idarələri AZAL-ın strukturundan ayrılmışdı.
Hazırda həmin funksiyaları «Silk Way Holding» MMC-yə daxil olan şirkətlər icra edir.
«Azərbaycan Hava Yolları» QSC-nin strukturu 2008-ci il aprelin 30-da təsdiqlənib.
«Azərbaycan Hava Yolları» Yük Aviasiya Şirkətinin AZAL-ın strukturundan çıxarılması təklifini aviaşirkətin rəhbərliyi irəli sürüb və Əmlak Məsələləri Dövlət Komitəsi ona öz razılığını verib.
AZAL-ın nəyi qaldı?
Hazırda AZAL-ın strukturuna hüquqi şəxs statusuna malik Milli Aviasiya Akademiyası, Heydər Əliyev Beynəlxalq Aeroportu və Naxçıvan Beynəlxalq Hava Limanı daxildir.
Bundan başqa, «Azərbaycan Hava Yolları» Sərnişin Aviaşirkəti, «Azalaqro» Yevlax Aviasiya Şirkəti, «Azəraeronaviqasiya» Hava Hərəkəti İdarəsi, Aviasiya Təhlükəsizlik Baş İdarəsi, «AzalOil» Yanacaq-Sürtgü Materialları İdarəsi, eləcə də Gəncə, Lənkəran, Zaqatala və Qəbələ beynəlxalq hava limanları səhmdar cəmiyyətinin tərkibindədir.
Sentyabrdan aşağı tariflə sərnişin daşıyacaq «BUTA AIRWAYS» Sərnişin Aviaşirkəti fəaliyyətə başlayacaq.
Buna da bax: 'Yunan allahları'nın Azərbaycan hökuməti ilə müəmmalı biznesi [2-ci yazı]