Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:03

'Gəncə Baş Polis idarəsində dedilər şalvarını aşağı çəkib...'


Nardaran. İllüstrasiya. Gündüz Ağayev.
Nardaran. İllüstrasiya. Gündüz Ağayev.

2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin öldüyü qanlı əməliyyatdan sonra həbs edilənlər arasında Gəncədən olanlar da var. Onlar hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran işi üzrə 3-cü qrupun tərkibində mühakimə olunurlar.

Gəncədən olan üç dindar - Mübariz İbrahimov, Cabir ƏliyevRuzi İsmayılov martın 12-də məhkəmədə ifadə verib. Onların üçü də Gəncədə həbs olunublar. Cinayət işinin materiallarında hər üçü Müsəlman Birliyi Hərəkatının fəalı, hərəkatın sədri Taleh Bağırzadənin tərəfdarı kimi təqdim olunub. Özləri isə deyir ki, nə bu təşkilatın üzvüdürlər, nə də Taleh Bağırzadə ilə əlaqələri olub.

Buna da bax:​ ABŞ-in insan haqları hesabatında Azərbaycanda 'butulka işgəncələri'ndən bəhs edilir

“Erməniyə elə baxırdılar, bizə də belə zülm eləyirdilər”

17 yaşından namaz qıldığını deyən Mübariz İbrahimovun sözlərinə görə, onu 2015-ci il noyabrın 30-da Gəncədə yanacaqdoldurma məntəqəsində tutublar: “Qəfildən hücum edib, sürücü tərəfdən qapını açdılar, amma o biri qapıdan çıxarıb apardılar. Elə bil Ben Ladeni aparırdılar. Döyə-döyə, təhqir edə-edə sürüyürdülər, qoluma qandal vurdular”.

Mübariz İbrahimov deyir ki, onu Gəncə Şəhər Baş Polis İdarəsinə gətirərək, orada ona işgəncə veriblər: “Biri döyə-döyə deyirdi ki, “boynuna al”. Heç bilmirdim ki, nəyi boynuma almalıyam. Ardınca məni polis rəisi Rasim Qurbanovun otağına apardılar, dedi ki, narkotik və qumbaradan birini seçməliyəm. Elə bil bazarda kartof alırdım. Mən narkotiki də, qumbaranı da həyatımda ilk dəfə orada gördüm. Razılaşmadım. Rəis məni döyür, təhqir edir, ağzının suyunu üzümə tökürdü. Mənə dedilər ki, səni bıabırçı vəziyyətə salıb, çəkib “youtube”ya yerləşdirəcəyik. Elə bil erməni əsirliyində idim. Bilmirəm bunların bizə qarşı kini nədən yaranıb”.

Buna da bax: 'Nardaran işi-2': 'Mənə dedilər 'bandotdel'i polis bölməsi ilə səhv salma'

İttihama görə, Mübariz İbrahimovun maşınından qumbara və “Hacı Taleh Bağırzadənin müraciəti” adlı iki kitabça çıxıb. İbrahimov bunun yalan olduğunu, maşınında elə şeylər olmayıb, qumbara və kitabları polislərinin özüünü qoyub, özünün də götürdüyünü deyir.

“Bunların mənə məxsus olması barədə ifadəyə qol çəkməyimi tələb edirdilər, nə qədər döysələr də razılaşmırdım. Axırda məni yaxınlarımla hədələdilər. Qardaşlarım kasıbçılıqla dolanan adamlardır, hətta biri kirayə qalır. Onların mənə görə əziyyət çəkməsini istəmədim. Allah belə vəziyyətə düşməyi heç kimə qismət eləməsin. Az da olsa, vicdanları olsaydı, belə eləməzdilər. Öz millətinə qarşı bu cür hərəkət eləmək yaramaz. Heç vaxt dövlət çevrilişi niyyətimiz olmayıb. Dörd nəfərlə, dörd qumbara ilə dövlət çevrilişi eləmək olar? Mən kiməm ki, Konstitusiyanı dəyişim?! Ayıb olsun bunlara ki, belə maddələri bizə veriblər.

Gəncədə təcridxanada bir erməni var idi, deyirdilər, ora düşəndən sonra ağarıb, kökəlib. Erməniyə elə baxırdılar, bizə də belə zülm eləyirdilər”, - Mübariz İbrahimovun məhkəmədə dediyi sözlərdir.

Buna da bax: 'Nardaran işi-2': 'Biz insan kimi yaşamaq istəyirik...'

O bildirib ki, Taleh Bağırovu şəxsən tanımır, heç vaxt Nardaranda da olmayıb.

“Əllərim qandallı, dizüstə çökdürmüşdülər, ağzımın qanı üstümə axırdı”

Atası ilə birlikdə bərbər işləyən Cabir Əliyevi isə polislər elə iş yerindən aparıblar. Deyir ki, Gəncə Şəhər Baş Polis İdarəsində 8-9 nəfər üstünə tökülüşüb, səhərə yaxın saat 4-dək ona dəhşətli işgəncələr veriblər: “İşgəncələrin nədən ibarət olduğunu geniş danışmaq istəmirəm. Üzümdəki tükləri bir-bir yoldular, sonra da topa şəklində gətirib qoydular qabağıma. Əllərimi qandallayıb, dizüstə çökdürmüşdülər. Dişlərim sınmışdı, qanı üstümə axırdı. Mənə bu cür zülmlərlə yalan ifadəyə qol çəkdirdilər. Mən Taleh Bağırzadənin üzünü görməmişəm, Müsəlman Birliyi Hərəkatının adını isə həbsə düşəndən sonra eşitmişəm”.

“Şalvarımı aşağı çəkib, zorlamaqla hədələdilər”

Təqsirləndirilənlərdən Ruzi İsmayılov da ifadəsində ittihamların yalan olduğunu söyləyib. Deyib ki, döyülən, söyülən də onlardır, “terrorçu” damğası vurulan da.

Buna da bax:​ 'Nardaran işi-2': 'Dedilər imzalamasan arvadını tutub, silahı onun adına yazacağıq'

Ruzi İsmayılovun sözlərinə görə, Gəncə Şəhər Baş Polis İdarəsində şalvarını aşağı çəkib, ona qarşı nalayiq hərəkətlər edib yaymaqla hədələyiblər: “Bizim namusumuza, qeyrətimizə təcavüz olunub. Şükür ki, xalq bunların ”terrorçu” yalanlarına inanmadı. Atam rəhmətə gedib, xəstə anamı polis idarəsinə gətirməklə hədələdilər. Özüm də səbəbini bilmək istəyirəm ki, niyə bizi tutub bura atıblar. Əminəm, Allah bu zülmü eləyənləri cəzalandıracaq”.

Ruzi İsmayılov iddia edir ki, onun cibinə narkotik və qumbaranı polis rəisi özü qoyub: “Belə rəsmiləşdirilib ki, İsmayılov ütü almaqdan ötrü mağazaya gedəndə qumbaranı yoldakı tualetdən tapıb. Evimdə ütü yox idi ki, ütü almağa gedim? Məni o qədər döymüşdülər ki, ayaqlarım gömgöy idi. Gəncə təcridxanasında dörd ay saxlanıldım, bu müddətdə ailəmlə görüşməyə, hətta telefonla danışmağa da imkan vermədilər”.

Məhkəmə martın 27-də o biri təqsirləndirilən şəxslərin ifadələri ilə davam edəcək.

Buna da bax:​ 'Nardaran işi-2': 'Rəis seyfdən başıqotazlı çubuq çıxardı, dedi 'diz çök...''

Xatırlatma

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda, ikisi polis, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Taleh Bağırov və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hər biri 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir.

XS
SM
MD
LG