Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 01:43

Azərbaycanın gömrük siyasəti çoxlu sual doğurur


Yeni gömrük qaydalarına qarşı internetdə kampaniya başlayıb
Gözlə

No media source currently available

0:00 0:02:51 0:00

Yeni gömrük qaydalarına qarşı internetdə kampaniya başlayıb (2020)

Azərbaycanda tətbiq edilən gömrük siyasəti tez-tez narazılıq doğurur. Sahibkarlar vaxtaşırı gömrük rüsumlarının yüksək olmasından gileylənirlər. Axı onlardan rəsmi rüsumlarla yanaşı, qeyri-rəsmi ödənişlər tələb edilir və belə olan halda sahibkarların işi daha da çətinləşir. Bəzi hallarda isə onlar hər hansı məhsulu ölkəyə gətirməkdə çətinlik çəkirlər. Səbəb də odur ki, həmin məhsulların ölkəyə idxalına bir və ya bir neçə şirkət nəzarət etdiyindən başqa sahibkarlara belə imkan yaradılmır.

Gömrük rüsumlarının yüksəkliyi sahibkarlar qədər vətəndaşlara da problem yaradır. Axı sahibkarlar satdıqları məhsula qiymət qoyarkən rəsmi və qeyri-rəsmi ödənişləri də nəzərə alırlar. Rüsumların yüksəkliyi, əlbəttə, satılan məhsulların maya dəyərini artırır və bu da insanların xərclərinin daha da çoxalması deməkdir. Ölkədə gömrük rejiminin bu durumu xarici investorların da marağını qat-qat azaldır.

İndi inflyasiya dünya iqtisadiyyatının başlıca problemi olaraq qalmaqdadır. Elə Azərbaycanda da qiymət artımları son illərin ən yüksək həddindədir. Son bir il ərzində Azərbaycanda qida məhsulları düz 22 faiz bahalaşıb. Gömrük siyasəti effektiv olsa, bahalaşmanın mənfi təsirləri bir qədər azalardı. Son dövrlər bir çox ölkə qiymət artımları ilə mübarizədə gömrük rüsumları ilə bağlı mexanizmləri işə salıb. Ancaq Azərbaycanda bu istiqamətdə çox az iş görülür.

Ölkədə tez-tez dartışılan bir məsələ də gömrük rüsumlarının qonşu ölkələrdən, özəlliklə Gürcüstandan çox yüksək olmasıdır. Doğrudanmı bölgə ölkələriylə müqayisədə mübahisə doğuran fərqlər var?

Gürcüstanda rüsumlar Azərbaycandan altı dəfə aşağıdır

Ümumdünya Ticarət Təşkilatının açıqladığı "Dünya tarif icmalı – 2022" hesabatında müxtəlif ölkələrin gömrük rüsumlarına dair dolğun bilgi verilir. Məsələn, aydın olur ki, ötən il Azərbaycanın sadə və orta "ən əlverişli rejim" tarifi 8.5 faizmiş. Müqayisə üçün, Gürcüstanda bu göstərici, Azərbaycandan təxminən altı dəfə az, cəmi 1.4 faiz olub. Digər tərəfdən, Azərbaycanda məhsulların cəmi 33 faizi gömrük rüsumundan azad olduğu halda, Gürcüstanda bu göstərici 87 faizdir. Azərbaycanda məhsulların 1 faizinə 15 faizdən çox rüsum tətbiq edildiyi halda, Gürcüstanda bu göstərici cəmi 0.1 faizdir. Ümumiyyətlə, Gürcüstan regionda ticarət əlaqələrini ən çox liberallaşdıran ölkədir.

Digər Cənubi Qafqaz ölkəsində - Ermənistanda da gömrük rüsumları Azərbaycana nisbətən aşağıdır. Azərbaycanda 8.5 faiz olan orta gömrük rüsumu göstəricisi Ermənistanda 6.3 faizdir. Azərbaycanda gömrük rüsumundan azad edilən məhsulların payı (33 faiz) Ermənistandan (16 faiz) daha çoxdursa da, Ermənistanda 15 faizdən çox gömrük rüsumu tətbiq edilən mallar Azərbaycana nisbətən (1 faiz) daha azdır – 0.6 faiz.

Kənd təsərrüfatı məhsullarına rüsumlar daha yüksəkdir

Ümumdünya Ticarət Təşkilatının açıqladığı göstəricilərdən aydın olur ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarına belə olmayan məhsullarla müqayisədə daha çox rüsum qoyulur. Belə ki, ölkədə kənd təsərrüfatı məhsulları üzrə orta tarif dərəcəsi 13.9 faizdir. Qeyri-kənd təsərrüfatı məhsulları üçün həmin göstərici 7.6 faizdir. Bu o deməkdir ki, kənd təsərrüfatı məhsullarına tətbiq edilən rüsumlar 80 faiz daha yüksəkdir. Hökumət kənd təsərrüfatı məhsullarına daha yüksək rüsumların tətbiqini idxal əvəzlənməsi siyasətindən yararlanmaqla yerli istehsalın təşviqiylə əsaslandırır. Digər tərəfdən, Azərbaycanda kənd təsərrüfatı məhsullarının cəmi 12 faizi gömrük rüsumlarından azaddır. Qeyri-kənd təsərrüfatı məhsulları arasında gömrük rüsumlarından azad olan məhsulların payı isə üç dəfə çox – 37 faizdir. O biri yandan, kənd təsərrüfatı məhsullarının 5.3 faizinin gömrük rüsumu 15 faizi aşır. Qeyri-kənd təsərrüfatı məhsulları arasında 15 faizdən çox rüsum tətbiq edilənlərin payı isə cəmi 0.3 faizdir.

Orta gömrük tarifinin ən yüksək olduğu məhsul növü içki və tütün məhsullarıdır. Belə məhsullar üzrə orta tariflər 30 faizə yaxındır.

XS
SM
MD
LG