Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:09

Gulnara Karimovanın Britaniya mülkləri müsadirə oluna bilər


Gulnara Karimova
Gulnara Karimova

Britaniyanın The Times qəzeti Özbəkistanın mərhum prezidenti Islam Karimovun böyük qızı Gulnara Karimovanın Birləşmiş Krallıqdakı mülklərinin siyahısını dərc edib.

Qəzet bildirir ki, bu mülklər Britaniya hökuməti tərəfindən müsadirə oluna bilər.

Bu da qeyd olunur ki, Karimovaya aid mülklər barədə informasiyanı Britaniyanın Fırıldaqçılıqla Mübarizə Bürosu (Serious Fraud Office) açıqlayıb.

Söhbət Surrey qraflığındakı malikanədən və Londonun dəbdəbəli rayonlarında iki mənzildən gedir.

Bu mülklərin ümumi qiymətinin 40 milyon funt strelinq (52 milyon dollar) olduğu bildirilir.

Bruney sultanının qonşusu

Xəbər verilir ki, Surreydəki Gorse Hill Manor malikanəsini Karimova 2010-cu ildə 18 milyon funt sterlinqə (23, 5 milyon dollar) alıb.

1912-ci ildə tikilmiş malikanənin ərazisində qayıq gəzintisi üçün göl və sahəsi 70 min kvadratmetr olan bağ var.

Yeri gəlmişkən malikanə Bruney sultanının malikanəsi ilə qonşudur.

Keçmiş prezident qızı Londonun Meyfeya rayonundakı mənzili 8 milyon funt sterlinqə (10, 4 milyon dollar), Belqraviya rayonundakı mənzili isə 2 milyon funt sterlinqə (2,6 milyon dollar) alıb.

Yanvarın 8-də Özbəkistanın Ali Məhkəməsi bildirmişdi ki, Daşkənndə Gulnara Karimovanın yeni məhkəmə prosesinə başlanıb.

Məhkəmə qapalı rejimdə keçirilir.

47 yaşlı Gulnara Karimova mart ayında ev məhbusluğunun qaydalarını pozduğuna görə qapalı koloniyaya köçürülüb.

O 2015-ci ildə 5 il müddətinə azadlıqdan məhrum edilımişdi, lakin ev məhbusu kimi saxlanırdı.

Özbəkistan prokurorları bildirirlər ki, onlar Karimovaya məxsus 1, 5 milyard dollarlıq xarici aktivləri müsadirə etməyə çalışırlar.

Karimovanın vəkili Gregoire Mangeat iyun ayında demişdi ki, İsveçrə hökuməti bu işlə bağlı müsadirə edilmiş 555 milyon dolların Özbəksitana qaytarılmasını dayandırıb.

Vəkil bildirirdi, pulun qaytarılmasının təxirə salınması Karimovaya qarşı pis rəftar və onun hüquqlarının pozulması ilə bağlıdır. Vəkil bunu da deyirdi ki, Karimovaya zəruri tibbi yardım göstərilmir.

Karimovanın qızı Iman iyun ayında yazırdı ki, anasının cərrahiyyə əməliyyatına ehtiyacı var.

XS
SM
MD
LG