Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:19

'Gürcüstan... kəndirbaza bənzəyir'-filosof


Tbilisi
Tbilisi

Türkiyə və Azərbaycanda güclənməkdə olan avtoritar tendensiyalar fonunda Gürcüstan üçün tarazlığı saxlamaq get-gedə daha da çətinləşir. Onun durumu əlində çubuq tutmuş kəndirbaza bənzəyir. Gürcüstan bu yolda artıq bir neçə dəfə səndələyib, ancaq hələlik, yıxılmayıb.

Bəs son zamanlar Cənubi Qafqaz ölkələri ilə Türkiyənin münasibətləri nə yerdədir? «Ekho Kavkaza» portalı bu suala cavab axtarır.

«HÖKUMƏT NECƏ SUDAN QURU ÇIXA BİLƏR»

Azərbaycan-Gürcüstan-Türkiyə üçlü formatı, hələlik, Qafqazda regional əməkdaşlığın ən uğurlu nümunəsidir. Ancaq həm Türkiyə, həm də Azərbaycan günü-gündən daha avtoritar dövlətlərə çevrilir. Batumi Dövlət Universitetinin siyasi fəlsəfə kafedrasının dosenti Giorgi Masalkin deyir ki, bu durumda əməkdaşlığın perspektivlərinə dair proqnoz vermək çox çətindir.

«Gürcüstanda sonuncu, ən səs-küylü qalmaqal azərbaycanlı jurnalistin Tbilisinin mərkəzində oğurlanması oldu. İndi bütün fantaziyamı işə salsam da, təsəvvür edə bilmirəm ki, hökumət bu vəziyyətdə necə sudan quru çıxa bilər. Çünki əgər onu azərbaycanlılar oğurlayıblarsa, bu, dövlət üçün pisdir. Gürcüstan xüsusi xidmətləri oğurlayıblarsa, ondan da betərdir. Azərbaycan parlamentinin hakim partiyadan olan deputatı isə açıq dedi ki, «hə, biz bu əməliyyatı gürcü hüquq-mühafizə orqanları ilə birlikdə həyata keçirmişik». Bunun ardınca sosial şəbəkələrdə azərbaycanlı reperin və ya pop-müğənninin atılmış gürcü kilsəsində mahnı oxuduğu klip yayıldı. Bu isə ortodoks gürcülərin böyük narazılığına səbəb oldu. Biz bir-birimizlə bağlı belə qalmaqallardan sığortalanmamışıq...», – Masalkin deyir.

İlham Əliyev və Giorgi Margvelashvili
İlham Əliyev və Giorgi Margvelashvili

«BİZƏ AZƏRBAYCAN KİMİ PARTNYOR LAZIMDIR»

Gürcüstanla Azərbaycan arasında münasibətlərdə kimin kimə daha çox gərəkli olduğunu müəyyən etmək asan deyil.

«Gürcüstan olmasa, Azərbaycan öz neftini bazarlara, sadəcə, iki dəhlizlə ötürə bilər. Rusiya dəhlizindən yararlansa, özü iri neft ixracatçısı olan Rusiyadan asılı olacaq. Digər yolsa İran-Türkiyə yoludur. İlk neft kəməri XX əsrin əvvəlində tikilib. Bakı-Batumi neft kəməri tikilən zaman hamı Batumi limanının Bakı nefti üçün nə qədər əhəmiyyətli olduğunu anlayırdı. Bu baxımdan, Gürcüstan Azərbaycana çox lazımdır. Digər tərəfdən, Gürcüstanın nə nefti, nə də qazı var və bizə Azərbaycan kimi partnyor lazımdır. Çünki əks halda, biz yalnız Rusiya nefti və qazından asılı olarıq», – ekspert deyir.

Siyasi təqiblərdən yaxa qurtarmaqdan ötrü Gürcüstana pənah gətirən azərbaycanlıların sayı günü-gündən artır. Onlar bu durumdan narahatdırlar. Ankaranın ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülen-lə əlaqələrdə ittiham etdiyi Türkiyə vətəndaşları da narahatdırlar. Fevralda Batumidəki türk məktəbi bağlanıb.

Gürcüstan Azərbaycandan nə qədər asılıdır?
Gözlə

No media source currently available

0:00 0:14:46 0:00

«ACARISTANI SƏNƏ VERMƏYƏCƏM»

«Rusiya ilə Gürcüstan arasında avqust müharibəsi vaxtı Erdoğan təcili Moskvaya uçmuşdu. Gürcüstanda hər kəs əmindir ki, orada söhbət Acarıstandan gedib. Yəni Erdoğan deyib ki, «sən tanklarını Tbilisiyə yeritsən, mən də öz tanklarımı Acarıstana yeridəcəyəm və Acarıstanı sənə verməyəcəyəm». Bura Qafqazdır. Görürsünüz, Türkiyədə nə baş verdi. Sabah İranda nə ola bilər... Hətta bu gün Qətərdə, Yaxın Şərqdə baş verənlər geosiyasi baxımdan Gürcüstandan uzaqda deyil. Bütün bunların böyük əhəmiyyəti var», – G.Masalkin söyləyir.

Onun sözlərinə görə, Türkiyənin Gürcüstan iqtisadiyyatına nəhəng təsiri var. Ölkədə bütün tikinti sektoru, az qala, bütün investisiyalar türk kapitalıdır. Gürcüstan vətəndaşlığı alaraq bu ölkədə yaşayan çox sayda türk var.

Masalkin-in sözlərinə görə, prinsipcə Türkiyə heç vaxt özünün Qafqazdakı rolundan imtina etməyib. Sadəcə olaraq, onun iqtisadi və hərbi cəhətdən daha zəif vaxtları olub.

«Onların hərbi yox, iqtisadi, mədəni, ideoloji baxımdan türk dünyasını birləşdirmək istəyi Qazaxıstanda da, Qırğızıstanda da, hətta deyərdim, Monqolustanda da nəzərə çarpır», – o vurğulayır.

XS
SM
MD
LG