Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:22

Gecə klublarında ekstazi. Narkotiklərin tərkibini yoxlayırlar


Tbilisidə ölkənin narkotik siyasətinə etiraz yürüşü, 2018-ci il
Tbilisidə ölkənin narkotik siyasətinə etiraz yürüşü, 2018-ci il

“Narahatlıq və psixoloji travmanın öhdəsindən gəlməyə çalışan insanlara kömək etmək də vacibdir. Ən vacibi isə, biz onları məlumatlandırırıq ki, onlar narkotikləri mümkün qədər az zərərlə işlədə bilsinlər”

Gürcüstanda narkotik istifadəçilərinə yardım edən “Mandala” adlı QHT AzadAvropa/AzadlıqRadiosuna (RFE/RL) bildirib ki, son 6 həftə ərzində ölkədə “klub narkotiklərindən” azı 10 nəfər həyatını itirib. Onların qəbul etdikləri dərmanların fentanil əlavə olunmuş ekstazi, yaxud da toz şəklində MDMA olduğu güman edilir. Fentanil hətta cüzi dozada belə öldürücü opioiddir.

Cermux sakini:"Azərbaycan hərbçiləri şəhərin ətrafındadır"
Gözlə

No media source currently available

0:00 0:04:01 0:00

Əlindəki narkotiki yoxlamaq

"Son il ərzində fentanillə bağlı vəziyyət fəlakət həddinə çatıb”, – “Mandala”nın rəhbəri Temo Xatiaşvili deyir.

Qafqaz Tədqiqat Resurs Mərkəzinin (CRRC) Gürcüstan ofisinin 2020-ci ildə apardığı bir araşdırma ölkədə qanunsuz narkotik ticarətinin çox hissəsinin darknetdə (“qara internetdə”) aparıldığını, ödəmələrin kriptovalyutalarla edildiyini üzə çıxarıb. Araşdırmanın nəticələrinə görə, “Mantanga” saytında kriptovalyuta ilə satın alınan ekstazi həbləri “təhlükəli dərəcədə yüksək dozada” olur.

“Mandala” Gürcüstanda narkotiklərlə bağlı ölümlərin kəskin artması fonunda gündəlik narkotik istifadəçilərini hədəfləyən sosial media kampaniyasına başlayıb. Kampaniya çərçivəsində hədəf qrupuna istifadə etdikləri narkotiklərin tərkibində fentanilin olub-olmadığını yoxlamaq xəbərdarlığı edilir.

Morfindən 100 dəfə güclü

Farmasevtik fentanil çox vaxt xərçəng xəstəliyi zamanı meydana gələn kəskin ağrıların müalicəsində istifadə edilən sintetik opioiddir. O, heroindən 50 dəfə, morfindən 100 dəfə güclüdür.

Gürcüstanda həkim resepti ilə alına bilən bu dərman ABŞ-da minlərlə insanın ölümünə səbəb olub. 2017-ci ildə o zamankı prezident Donald Tramp bu opioid böhranını "ictimai səhiyyədə fövqəladə vəziyyət” elan etmişdi. ABŞ-ın Ədliyyə Departamenti ötən ay bildirib ki, fentanil “bu millətin üzləşdiyi ən ölümcül narkotik təhlükəsidir”. 2021-ci ildə qeydə alınmış narkotik ölümlərinin 66%-nin fentanil kimi sintetik opioidlərlə bağlı olduğu bildirilir.

Narkotik dəllalları çox vaxt xərclərə qənaət etmək və məhsullarının gücünü artırmaq üçün toz halında olan narkotikləri və həbləri fentanillə qarışdırırlar. Əsasən Çin, Meksika və Hindistandan gələn fentanil bütün dünyada opioid zəhərlənmələrinin artım səbəblərindən biridir.

Opioidlərin təsirini aradan qaldıran nalokson get-gedə daha əlçatan olmağa başlayıb.

"Ötən həftə ərzində 70-80 maddəni yoxlamışıq. Biri də fentanilsiz çıxmayıb”, – Xatiaşvili deyir.

2 milliqramı ölümcül fentanil

Gürcüstanda fentanili əldə etmək o qədər də çətin deyil. Onu qara internetdən almaq olur. Daha sonra onu toz, yaxud həb formasında poçtla göndərirlər. Qara internet məhdud çıxışlı kompüter şəbəkəsidir. O, istifadəçilərə anonimliklərini qorumağa imkan verir.

Sarımtıl rəngli bu maddəni sonra çəkirlər, burunla, yaxud inyeksiya ilə qəbul edirlər və ya həb şəklinə salırlar. Fentanilin cəmi 2 milliqramı ölümcül ola bilər.

Ekspertlər deyirlər ki, Avropada fentanillə bağlı vəziyyət ABŞ-dakı kimi acınacaqlı deyil.

Avropa Narkotik və Narkotik Asılılığını Monitorinq Mərkəzinin (EMCDDA) elmi direktoru Pol Qriffits 2020-ci ildə “AFP”yə müsahibəsində deyib ki, həkimlər fentanil kimi opioidləri onlara ehtiyacı olmayan xəstələrə yazmamağa çalışırlar.

Narkotiklərə 1.5 milyon dollar

Gürcüstanda narkotiklərlə bağlı ölüm statistikası yoxdur. 2020-ci ildə CRRC - Gürcüstan narkotik istifadəçilərinin həmin ilin fevral-avqust ayları arasında “Matanga” saytında qanunsuz narkotiklərə 1,5 milyon dollar xərclədiklərini aşkarlayıb. CRRC-nin hesabatında deyilir ki, bu rəqəm İspaniya və Belçikanın ikisinin birlikdə qara internetdəki narkotik xərclərini aşan ciddi göstəricidir.

Gürcüstan sintetik narkotiklərin, kiçik olsa da, tranzit və bazar ölkəsidir. Burada MDMA və amfetamin kannabisdən (çətənə) sonra ən çox yayılmış narkotiklərdir. ABŞ-ın maliyyələşdirdiyi Qlobal Mütəşəkkil Cinayət İndeksi hesabatında belə deyilir.

“Mandala” Tbilisidəki ofisində tərkibində ketamin, LSD və kokain olan ekstazidən başqa bütün yayğın narkotikləri analiz edə bilir. O dərmanın tərkibində fentanilin olub-olmamasını da aşkarlaya bilir. Ancaq onun konsentrasiya dərəcəsini müəyyənləşdirə bilmir.

Hökumət keçmiş icra başçısını Polşada niyə tutdurub: 'Kremlin sifarişidir'
Gözlə

No media source currently available

0:00 0:06:11 0:00

Həbsxanada hər üçüncü şəxs...

Mühafizəkar Gürcüstanda narkotik qanunları sərtdir. Ölkədə qanunsuz narkotiklərin alınması və saxlanmasına görə altı ilə qədər həbs cəzası nəzərdə tutulub. Narkotik satışına görə cəza isə bundan da ağırdır; buna görə 20 ilə qədər həbs cəzası almaq olar.

Gürcüstan Avropada ən yüksək azadlıqdan məhrumetmə cəzalarından birinə malikdir. 2015-ci ildə Lozan Universitetinin Avropa Şurası üzrə araşdırmasının nəticələrinə görə, Gürcüstanda həbsxanada olan hər üçüncü şəxs narkotiklərlə bağlı əməllərə görə həbs olunub.

Narkotik istifadəçiləri ilə işləyən digər QHT-lər kimi “Mandala” da Gürcüstan rəsmilərinin istifadəçiləri cəzalandırmaq siyasətinə qarşı çıxır və əhalinin narkotiklərin təsiri barədə maarifləndirilməsini təbliğ edir.

2017-ci ildə Gürcüstanda 22 yaşlı qadın musiqi festivalında ölmüşdü. O, zəhərli narkotik qəbul etdiyi üçün xəstələnən bir neçə nəfərdən biri idi. Bu hadisə Gürcüstanda insanları şoka salmış, dövlətdən narkotiklərlə bağlı sərt qanunları yumşaltma tələbləri artmışdı. “Mandala” da həmin il bu hadisələrdən sonra yaradılıb.

Məlumatlandırma

Bu gün “Mandala”nın əməkdaşları musiqi festivallarında gecə klublarında reyd keçirib insanların əlindəki narkotikləri yoxlamağı təklif edirlər. Onlar dozanı qaçırmış və təcili tibbi yardıma ehtiyacı olanlara da kömək edə bilirlər.

“Narahatlıq və psixoloji travmanın öhdəsindən gəlməyə çalışan insanlara kömək etmək də vacibdir. Ən vacibi isə, biz onları məlumatlandırırıq ki, onlar narkotikləri mümkün qədər az zərərlə işlədə bilsinlər”, – Xatiaşvili deyir.

"Tibb işçiləri bunu edə bilmirlər. Onlar infarkt keçirən adama süni nəfəs (CPR) verə bilirlər. Ancaq biz bunları edirik ki, iş o yerə gəlib çıxmasın", – o deyir.

Məktəblərdə qanunsuz pul yığımını necə önləmək olar?
Gözlə

No media source currently available

0:00 0:01:04 0:00


“Mandala”nın ofisini gündə 10-15 nəfər ziyarət edir. Gecə klubları və festivallarda isə daha çox adama yardım göstərilir.

Xatiashvilinin sözlərinə görə, QHT Gürcüstanın get-gedə böyüyən narkotik səhnəsində dəyişiklik yaradır. O deyir ki, polis bu problemin öhdəsindən gəlməyə qadir deyil: “Klublar bir tərəfə qalsın, polis heç narkotik dəllallarının zəhər satdığı vəziyyəti idarə edə bilmir”.

XS
SM
MD
LG