Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 09:52

Gürcüstan parlamentində yenə dava düşdü (Video)


Tbilisidə parlament binasının qarşısında “Xarici təsirin şəffaflığı” və “xarici agentlərin qeydiyyatı” qanunlarının qəbulu əleyhinə aksiya keçirilir.

Sözü gedən qanun layihələrinə parlamentin hüquq komitəsində baxılır. Bu komitənin iclasında deputatlar arasında əlbəyaxa çəkişmə olub.

"Грузия Online" saytı yazır ki, bunun nəticəsində bir neçə müxalifət deputatı, o cümlədən Vahid Milli Hərəkatın (VMH) sədri Levan Xabeişvili və həmin partiyadan olan Georgi Botkoveli , habelə “Strategiya Aqmaşenebeli” partiyasından Georgi Vaşadze iclas zalından çıxarılıblar.

Müxalifət deputatları Salome Samadaşvili, Eka XerxeulidzeXatuna Samnidze komitənin iclasında plakat qaldımışdılar.

"Rus gəmisi..."

Plakatda “Rus gəmisi get...” yazılmışdı. Belə görünür ki, deputatlar xarici agent qanununun Rusiyanın təsiri altında irəli sürüldüyünə işarə edirdilər.

Rusiyada “xarici agent” qanunu mürtəce mahiyyətinə görə tənqid olunur, belə ki hakimiyyət bu qanundan tənqidçilərinə divan tutulması üçün istifadə edir.

Bu plakata görə Samadaşvilini zaldan güc tətbiq edərək çıxardıblar.

Bu da xəbər verilir ki, iclas misli görünməmiş təhlükəsizlik tədbirlərinin fonunda aparılır. Parlament binasında “məhdud giriş” rejimi tətbiq edilir.

Məhz bu səbəbdən iclasa parlamentdə akkreditasiyası olan bir sıra jurnalistləri, QHT üzvlərini və müzakirələrdə iştirak etmək istəyən fəalları içəri buraxmayıblar.

Kiçik partiyanın böyük taktikası

Sözü gedən qanun layihələrini Gürcüstan parlamentindəki iqtidaryönlü kiçik “Xalqın gücü” partiyası təqdim edib.

Qanun layihələrindən biri sözbəsöz ABŞ-ın “xarici agent” qanunun tərcüməsidir. Digər layihəni isə partiyanın özü işləyib.

“Xalqın gücü” partiyası bildirir ki, İki layihənin eyni vaxtda təqdim olunması taktiki məqsəd güdür.

Bundan məqsəd qanunun “gürcü variantının” ABŞ qanunu ilə müqayisədə nə qədər “humanist” mahiyyət daşıdığını göstərməkdir. Belə ki, “gürcü variantında” həbs və cərimə nəzərdə tutulmayıb.

Bu partiyanı 2022-ci ildə Gürcüstanın hakim “Gürcü arzusu” partiyasını tərk etmiş siyasətçilər təsis ediblər.

ABŞ-ın Gürcüstandakı fəaliyyətinə tənqidi yanaşan Xalqın Gücü partiyası 150 yerlik ölkə parlamentində 9 mandata malikdir.

Qanun qüvvəyə minərsə...

Bu layihə qanun kimi qüvvəyə minərsə, Gürcüstanda maliyyələşməsinin 20 faizi xaricdən gələn medialar “xarici agent” kimi qeydiyyatdan keçməli və illik gəlirləri barəsində hesabat verməli olacaqlar.

Gürcüstanın qeyri-hökumət təşkilatları, müxalifət və bir çox ictimai xadimləri hakimiyyətin arqumentlərini “demaqoqluq” adlandırır və “xarici agent haqqında” qanunun istənilən formada qəbuluna etiraz edirlər.

Onların fikrincə qanun vətəndaş fəallığının və QHT-lərin bu sayaq damğalanması ilə böyük bir ehtimalla Rusiyada olduğu kimi repressiyalarla nəticələnəcək.

Gürcüstanın çoxu xaricdən maliyyələşdirilən QHT-lərinin nümayəndələri deyirlər ki, onlar fəaliyyətlərinin şəffaf hesabatlılığını qanunsuz da təmin etməyə hazırdırlar.

XS
SM
MD
LG