Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:41

Gürcüstanda hakim partiya liderlərinə qarşı 'sui-qəsd planı' araşdırılır


“Gürcü arzusu” partiyasının banisi və fəxri sədri Bidzina İvanişvili və baş nazir İrakli Kobaxidze
“Gürcü arzusu” partiyasının banisi və fəxri sədri Bidzina İvanişvili və baş nazir İrakli Kobaxidze

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti iyulun 24-də hakim “Gürcü arzusu” partiyasının banisi və fəxri sədri Bidzina İvanişviliyə qarşı iddia olunan “sui-qəsd cəhdinin” və daha sonra isə “hökumətin zorakılıqla devrilməsi” planının təhqiqatına başladığını bəyan edib.

DTX-nin bəyanatında deyilir ki, araşdırmada əsas diqqət iddia edildiyinə görə “keçmiş yüksək vəzifəlilər” tərəfindən dəstəklənən “cinayətkar fəaliyyətlərə” yönəldilib.

Müşahidəçilər diqqəti belə bir məqama çəkirlər ki, bu istintaq barədə xəbər ölkədə “xarici agent” qanununun qəbulu və bu səbəbdən Tbilisi ilə Avropa İttifaqı arasında münasibətlərin korlanması ilə bağlı hökm sürən gərginlik dövrünə təsadüf edir.

Müxalifət bu qanunun Rusiya xarici agent qanununun analoqu olduğunu iddia edir. Bu addım Tbilisinin Moskva ilə münasibətlərini istiləşdirsə də, Gürcüstanın Avropaya inteqrasiya arzularına zərbə olub.

Gürcüstan DTX iddia edir ki, “sözü gedən cinayətkar fəaliyyətlərdən məqsəd sabitsizlik yaradılması fonunda hakimiyyətin zəiflədilməsidir".

DTX bəyanatda heç bir şübhəlinin adını çəkməsə də, media yazır ki, bu səbəbdən azı 6 nəfər dindirilib. Bunlardan bəziləri Rusiya ilə müharibədə Ukraynanın tərəfində döyüşənlərdir.

Bu xəbərdən bir gün əvvəl Tbilisi Şəhər Məhkəməsində Ukraynanın tərəfində döyüşmüş Gela Kaxabrişvilinin dinləməsi keçirilib.

“Trampa sui-qəsd edən qüvvələr”

Tbilisidə keçirdiyi brifinqdə baş nazir İrakli Kobaxidze İvanişvilini qətlə yetirmək planının arxasında hansısa “qlobal siyasi qüvvələrin” dayandırğını deyib. O iddia edib ki, keçmiş ABŞ prezidenti Donald Trampa və Slovakiyanın baş naziri Robert Fitsoya sui-qəsd cəhdlərinin də arxasında “eyni siyasi qüvvələr” dayanır.

“Gürcü arzusu” partiyasının üzvü Kobaxidze təhqiqatın sui-qəsd cəhdləri ilə bağlılığına dair heç bir sübut-dəlil göstərməyib.

Gürcüstan prezidenti Salome Zurabişvili bunu etməkdən imtina etdikdən sonra iyulun 4-də Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili ziddiyyətli qanunu imzalayıb.

Bundan 20 gün sonra Avropa İttifaqının xarici siyasət komissarı Jozep Borrel demişdi ki, Aİ Gürcüstanla siyasi təmaslarının səviyyəsini endirəcək və Gürcüstana maliyyə yardımının verilib-verilməməsi barədə qərar çıxaracaq.

Tənqidçilər bildirirlər ki, “Gürcü arzusu” partiyasının bu qanunun qəbulundan məqsədi qarşıdan gələn seçkilərədək hakimiyyətini möhkəmlətməkdir.

Xəbərdarlıqlar

Avropa İttifaqı və ABŞ “xarici agent” qanununun qəbulu ilə bağlı Tbilisiyə sərt xəbərdarlığını bildirib.

Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Gerçinski deyib ki, Aİ Gürcüstanın bloka inteqrasiyası prosesini dayandırıb və Gürcüstana ayrılmış 30 milyon avroluq yardımı dondurub:

“Bu hələ ilk addımdır, başqa addımlar da olacaq. Gürcüstan hökumətinə yardımlar dayandırılacaq. Biz bu yardımı Gürcüstanın vətəndaş cəmiyyətinə və mediasına yönəldəcəyik”.

Bu qanun layihəsinə görə maliyyələşməsinin 20 faizini “xarici qüvvədən” alan QHT-lər, yayımçılar və KİV sahibləri xarici qüvvənin maraqlarına xidmət edən təşkilat kimi qeydiyyatdan keçməyə borcludurlar.

Qeydiyyatdan boyun qaçırılmasına görə 25 min lari (9400 dollar) cərimə nəzərdə tutulur. Qanunun təkrar pozulmasına görə cərimə 900 min laridir (340 min dollar).

Qanun layihəsinin ən təzadlı məqamlarından biri də budur ki, ona əsasən Gürcüstanın Ədliyyə Nazirliyi “xarici qüvvənin maraqlarını təmsil edən təşkilatların üzə çıxarılması üçün monitorinq keçirə bilər”.

Belə bir monitorinq keçirilməsi üçün hər hansı vətəndaşın ərizəsi kifayətdir.

Xatırlatma

Ötən il “Gürcü arzusu” partiyası “xarici təsirin şəffaflığı” haqqında qanun layihəsini parlamentə təqdim etmişdi.

Layihə fəaliyyətinin ən azı 20 faizi xaricdən maliyyələşən qeyri-mənfəət hüquqi şəxslərin və kütləvi informasiya vasitələrinin reyestrinin tərtibini nəzərdə tuturdu.

2023-cü il, martın 7-də parlament bu layihəni birinci oxunuşda qəbul etmişdi. Bu, kütləvi küçə etirazlarına səbəb olmuşdu. Həmin gün Gürcüstan parlamentinin binası qarşısında 40 minədək etirazçının yığıldığı xəbər verilirdi.

Polislə etirazçılar arasında baş vermiş toqquşmalarda nümayişçilərə qarşı gözyaşardıcı qazdan və suvuran maşınlardan istifadə olunmuşdu.

Gürcüstan DİN xəsarət alan etirazçıların sayı barədə məlumat verməsə də, 100-dən çox şəxsin saxlandığını bildirmişdi.

Etiraz aksiyaları martın 8-də də davam etmiş və martın 9-da hakim partiya və ona bağlı “Xalqın gücü” hərəkatı qanun layihəsini parlamentdən geri çağırmağa məcbur olmuşdu.

XS
SM
MD
LG