Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:34

Gəncə üsyanı (24-cü yazı)


Gəncə üsyanı. 1920
Gəncə üsyanı. 1920

100-ə nə qaldı?..

100-ə nə qaldı?..

2018-ci il mayında Azərbaycan Cümhuriyyətinin 100 yaşı tamamlanır. Möhtəşəm yubileyə sayılı aylar qalıb.

Məhəmməd Əmin Rəsulzadənin imzası
Məhəmməd Əmin Rəsulzadənin imzası

AzadlıqRadiosunun «İz» proqramı Cümhuriyyətin 100 illiyini yeni rubrika ilə – «100-ə nə qaldı?..» ilə qeyd etməyə qərar verib.

– Müsəlman Şərqində ilk Cümhuriyyət necə yarandı?

– Cümhuriyyətin bani babaları kimlərdir?

– 1 il 11 ay ərzində nələr gerçəkləşdi, nələr yarıda qaldı?

– 1920-ci ilin qara aprel çevrilişindən sonra ölkədə nələr baş verdi?

– İlk etiraz dalğası olan Gəncə üsyanı nədən devrildi?

– «İstiqlal» qəzeti necə dağıdıldı?

– Bu onilliklər ərzində Cümhuriyyət dəyərləri ölkədə gizlicə necə yaşadıldı?

– Xaricdə yaşamağa məcbur qalan mühacirlər hansı sınaqlardan keçdilər?

– II Dünya Savaşı dövründə və savaş sonrası hansı önəmli nəşrlər və radiolar yarandı?

– Bəs ölkədəki dissidentlər nə istəyirdilər?

– Paytaxt Bakıda Azərbaycan dilinin işlənmə məsələsi hansı sınaqlardan keçdi?

– Durğunluq illəri ölkədən nə aldı, nə verdi?

– Və nəhayət, 70 ildən sonra Cümhuriyyət bayrağı «Parlament binasının üzərinə» necə sancıldı?

Bu və bənzər suallara 5 ay ərzində AzadlıqRadiosunun «İz» proqramında cavab aranacaq.

Möhtəşəm yubileyi «İz»lə şərəfləndirin.

«İz»də qalın, «İz»i itirməyin.

Əli xan Şirvanşir: «Gəncənin böyük məscidinin divarı yanında oturmuşam. Şorba kasası qabağımdadır və əzalarından yorğunluq yağan əsgərlər həyətdə uzanıb. Çay tərəfdən pulemyotların şaqqıltısı gəlir. Onların acıqlı ulartısı məscidin həyətinə dolur və Azərbaycan Cümhuriyyətinin ömrünə cəmi bir neçə gün qalıb...». Qurban Səid: «Əli və Nino».

Arxiv

'Ruslar Bakıdadır!' və ya 'Talan həftəsi'

'Böyük faciə'—27 Aprel işğalı və ya Son iclas

Ordu bu səbəbdən cümhuriyyəti qoruya bilmədi

Cahangir bəy Kazımbəyli

İllərdir AzadlıqRadiosu 1920-ci il Gəncə üsyanı barədə veriliş hazırlarkən və yazarkən o dövrün şahidlərinə üz tutur. Bu dəfə də ənənə davam edir, amma əmin olursan ki, bu olay barədə ən doğru-dolğun-dəqiq bilgini Gəncə üsyanının rəhbərlərindən biri - polkovnik Cahangir bəy Kazımbəyli verib. Bolşevik işğalından sonra mühacirət həyatı yaşamağa məcbur qalan Cahangir bəy üsyan haqqında xatirələrini ilk adı «Qurtuluş» olan AzadlıqRadiosunun efirində səsləndirib. Səs yazısı 1953-cü il mayın 27-də - Azərbaycan Cümhuriyyəti qurulmasının 35 illiyində «Radio Osvobojdeniye»də (AzadlıqRadiosunun arxivində saxlanan çıxışın tərcüməsi bizimdir-red.) efirə gedib.

«Bu rüsvayçı zülmdən qurtulmaq üçün...»

Gəncə. 1920-ci ilin mayı. Maraqlıdır ki, Cahangir bəy çıxışında təkcə Gəncə üsyanının təfərrüatını yazmır. Həm də Vətənə, millətə olan hissini-həyəcanını sərgiləyir: «Doğrudanmı bizlər – azərbaycanlılar, belə asanlıqla, heç bir dirənişsiz və etirazsız öz zəngin və çiçəklənən ölkəmizi bolşevik vəhşilərinə buraxacaq və onların düşməninə çevriləcəkdik?.. Doğrudanmı bu rüsvayçı zülmdən qurtulmaq üçün əlimizi ağdan-qaraya vurmayacağıq?.. Hanı bizim mənliyimiz?.. Hanı bizim şərəfimiz?..».

Üsyanın səbəbi

Cahangir bəy miqyasına və verilən qurbanların sayına görə Gəncə üsyanını Azərbaycanın ən böyük üsyanlarından sayır və bu üsyanın daim öz şərəfi, azadlığı, müstəqilliyi uğrunda çarpışan Azərbaycan xalqının xarakterindən qaynaqlandığını düşünür: «Azərbaycanlılar bircə aydan sonra anladılar ki, «Çar zülmündən qurtulan bütün xalqların bərabərliyi və müstəqilliyi» haqqında şüarlar səsləndirən bolşeviklər, əslində, Azərbaycan xalqının da, onun müstəqilliyinin də ən pis və ən kinli düşmənləridir. 1920-ci ilin mayında elə bir hərbi-siyasi durum vardı ki, bolşeviklərə qarşı uğurlu mübarizə və hətta bütün Azərbaycanın onlardan təmizlənməsi hələ tamamilə mümkün idi».

Çingiz İldırımın telefon zəngi

Kazımbəyli maraqlı bir fakt açıqlayır. Sən demə, işğaldan həmən sonra bolşevik hərbi komissar Çingiz İldırım zəng edərək onu Gürcüstan cəbhəsinin komandanı təyin etmək istəyib. Ancaq bolşeviklərin Azərbaycan əhalisiylə düşmən davranışları barədə məlumat alan polkovnik komandanlıqdan əl çəkib: «Ölkədə terror tüğyan edir, ictimai və siyasi xadimlər tutulub güllələnir, axtarışlar aparılır, əhalinin mülkiyyəti müsadirə edilir, müqəddəs yerlər və milli duyğular aşağılanırdı. Bütün bunlar adi hala çevrilmişdi. Əhali mənəvi və siyasi baxımdan çökmüş, vəziyyət çıxılmaz olmuşdu».

Bolşeviklərin yaratdığı «Şəriət Alayı»

Artıq 3-cü Gəncə piyada alayına komandanlıq edən Kazımbəyli şəhərin mayın birinci yarısındakı durumunu belə anladır: «Şəhərdə yenə də gərgin vəziyyət vardı. Heç kimin sabahkı günə inamı yox idi. Bolşeviklər «Şəriət Alayı» formalaşdırmışdılar. Onun da başına heç bir hazırlığı və təhsili olmayan Zülfüqar adlı birisi qoyulmuşdu. Bu alay cürbəcür avantüristlərdən – başıpozuqlardan toplanmışdı və «Şəriət» kimi xalis müsəlman adı daşısa da, bolşeviklərin müsəlmanlar arasında qızışdırıcı işlər görməsinə hesablanmışdı. Elə də oldu. Alayımdakı əsgərlər bundan qəzəblənmişdilər. Onları sakitləşdirincə çox əmək sərf etdim».

«Bakiya getsəm, göz qırpmadan güllələyəcəkdilər»

Cahangir bəy daha bir fakt açıqlayır. Sən demə, üsyan ərəfəsində onu Gəncədən uzaqlaşdırmaq istəyiblər: «3-cü Gəncə piyada alayının da tərkibində olduğu 1-ci Azərbaycan diviziyasının rəisi general Cavad bəy Şıxlinski (Əliağa Şıxlinskinin qardaşı oğlu-red.) vəzifəsindən çıxarıldı və onun yerinə Şepelev təyin edildi. O, tüfəng, patron, araba və s.-in mənim alayımdan digər alaylara göndərilməsini əmr edərək, var gücü ilə alayın mənəvi və döyüş ruhunu zəiflətməyə çalışırdı. Gəncə alayına bir yığın siyasi komissar ştatı ayırmışdılar. Onlar zabit və kiçik zabitlərə göz verib-işıq vermirdilər. Diviziya komandiri məni Gəncədən Bakıya yollamaq üçün dəridən-qabıqdan çıxırdı. Bakıya getsəm, göz qırpmadan güllələyəcəkdilər. Müxtəlif bəhanələrlə Gəncədə qala bildiyimdən, onun niyyəti baş tutmadı».

Üsyana hazırlıq. Cahangir bəyin ağlına gələnlər

Cahangir bəy üsyanöncəsi Gəncədə hər an sakinlərlə bolşeviklər arasında toqquşma çıxa biləcəyini bildirir: «1920-ci il may ayının birinci yarısında Gəncədə durum o dərəcədə kəskinləşmişdi ki, hər an sakinlərlə bolşeviklər arasında toqquşma çıxa bilərdi.. Bir yandan Gürcüstan cəbhəsi, o biri yandan da arxada hər an silaha sarılmağa hazır olan düşmən əhali. Bu vəziyyətdə bolşeviklərə fəal dirənmək, Gürcüstan ordusu ilə bağlantı qurmaq, Gəncədə olan qırmızı diviziyanı tərksilah etmək və Qarabağdakı qoşunlarla birləşərək, Gürcüstan ordusuyla birgə əməliyyatlara başlayıb ölkəni bolşeviklərdən təmizləmək və əvvəlki durumu bərpa etmək ağlıma gəldi. 11-ci sovet ordusu hissələrinin pis silahlandığını, geyim yetərsizliyini və yeni qüvvələr cəlb edilməsinin fövqəladə çətinliyini gözə alsaq, bu planı gerçəkləşdirmək tamamilə mümkün görünürdü. Bircə faktı da göstərmək yetər ki, qırmızı ordu hissələrinin zəruri silah-sursatı yox idi və qırmızı komandanlıq bu çatışmazlığı, tələm-tələsik, Azərbaycan ordusunun ehtiyatları hesabına aradan qaldırmağa çalışırdı».

Üsyan günü - 24 may!

Polkovnik üsyana başlamaq üçün uyğun gün təyin edir- 24 may: «Mayın 24-nün bir başqa gözəlliyi vardı. İstər-istəməz, 1919-cu il - sevinclə çırpınan ürəyi ilə bütün xalqın 28 mayı – müstəqilliyinin 1-ci ildönümünü təntənəli şəkildə bayram etməyə hazırlaşdığı günlər yada düşürdü. Özündən asılı olmayaraq, Azərbaycan qoşunlarının parlaq paradını, ümumxalq şənliklərini və ölkə boyunca törənləri xatırlayırdın. İndi içində olduğun dəhşətə inanmaq istəmirdim».

Cahangir bəy Kazımbəyli
Cahangir bəy Kazımbəyli

Bağmanlarda müşavirə

Kazımbəyli Gəncənin Bağmanlar səmtində həmfikirləri ilə hazırlıqlara başlayır, Gürcüstana, Şəkiyə, Qarabağa gərək olunca onlara dəstək vermək tapşırığıyla adamlar göndərir, həm də Gəncədə döyüş planları qurur: «İşarə verilincə, hər dəstə öz sahəsində irəliləyərək, Bağmanlar tərəfdən hücum başlatmalı və Gəncəçayı keçərək, ermənilər yaşayan hissədə yerləşən qırmızı ordu bölüyünü hədəf seçməliydi. Hücum zamanı alaydakı qərargahla əlaqə saxlanmalı və daha sonra şəraitə və verilən təlimata uyğun davranılmalıydı. Qərara gəlindi ki, partizanların köməyindən yararlanan bir tabor qırmızı diviziyanın yerləşdiyi ərazini mühasirəyə alacaq və qəfil, həm də qətiyyətli zərbəylə onları təslim olmağa vadar edəcək O biri tabor «Şəriət Alayı»nı silahsızlandırmalı, şəhərin ən önəmli məntəqələrini – poçt, teleqraf, hərbi anbar və s.-i ələ keçirməliydi».

«Düz saat 8-də...»

Kazımbəyli ilk atəş səslərinin başlanmasından belə söz açır: «Düz axşam saat 8-də öhdələrinə düşən yerlərdəki komissarları həbs edən və tam döyüş gücüylə hücuma keçən taborlar sürətli həmləylə öncədən müəyyənləşdirilən yerləri tutdular və öz tapşırıqlarını gerçəkləşdirməyə başladılar. İlk atəş səslərini eşidincə, əlinə nəgəldi silahlanan az qala bütün kişi əhali küçələrə axışdı. Onların bir qismi qırmızı ordu hissələriylə - diviziyayla döyüşə girən alayın köməyinə tələsdi, bir qismi də kiçik hissələri və bu hissələrin komanda heyətini tərksilah etdi».

«Qırmızı diviziya və «Şəriət Alayı» tərksilah olundu»

Mayın 24-dən 25-nə keçən gecə şəhər üsyançıların əlinə keçir: «Artıq axşam saat 11-də , demək olar, tam komanda heyəti və artilleriyasıyla birgə bütün qırmızı diviziya və «Şəriət Alayı» tərksilah olunmuş və şəhər həbsxanasına salınmışdı. Beləcə, mayın 24-dən 25-ə keçən gecə şəhər üsyançıların əlinə keçdi. Əməliyyatların birinci mərhələsi parlaq şəkildə gerçəkləşdirildi. İkinci mərhələdə tədricən yerli milli hakimiyyət, bolşeviklərlə savaşan Gürcüstan ordusuyla bağlantılar bərpa və təşkil edilməli, partizan dəstələri yaradılmalı, şəhərin müdafiəsi qurulmalıydı».

Gəncədə coşqu: «Yaşasın!»

İki il öncə Nuru paşa əsgərlərinə qucaq açan Gəncədə yenə böyük bir coşqu varmış: «Mayın 25-də səhər saat 6-da daha sonrakı əməliyyat və birgə fəaliyyət planını müəyyənləşdirmək üçün şəhərdə olan 1-ci Azərbaycan diviziyasının rəisi general Cavad bəy Şıxlinskini, Azərbaycan ordusunun baş intendantı general Məhəmməd Mirzə Qacarı və süvari diviziyasının rəisi general Teymur bəy Novruzovu müşavirəyə çağırdım. İlk iki general onların ardınca yollanmış alay yavərinin müşayiətiylə gəldi. General Novruzov evdə olmayıbmış. Küçələrə axışmış əhalinin sevinc və şadyanalığını ayrıca söyləməyə dəyər. Onlar alay qərargahına gələn hər iki generalı «yaşasın» nidalarıyla qarşıladılar və qərargaha əllərində apardılar. Küçələrdən sevinc çığırtıları kəsilmək bilmirdi və yalnız dağılışmaq barədə israrlı xahişlərimdən sonra camaat sakitləşdi».

«Düşmən ağır itki verdi»

Həmin müşavirədə general Məhəmməd Mirzə Qacar yerli hakimiyyətin ümumi rəhbəri və təşkilatçısı seçilir. General Şıxlinski bolşeviklərdən alınan artilleriyanı, həm də onların korladığı Azərbaycan toplarını yığıb qurmalı, Cahangir bəy öz alayının əməliyyatlarına və partizan dəstələrinə başçılıq etməliymiş. Mayın 25 və 26-da aramsız hazırlıqlar başlayır, nisbətən təhlükəli istiqamətlərə kəşfiyyatçılar göndərilir və şəhərin güvənliyini təmin etməkdən ötrü hər cür ölçü götürülür: «Mayın 25-də səhər saat 10 radələrində alayın qərargahına Yelendorf icması (indiki Göygöl qəsəbəsindən –red.) səmtindən bolşeviklərin hücuma başlaması barədə məlumat çatdırıldı. Alayın həmin istiqamətdə olan 1-ci taboru və gücləndirilmiş 1-ci topçu taboru hücumu dayandıraraq, daha sonra əks hücuma keçdilər və düşməni ağır itki verməyə məcbur etdilər».

Daha bir ağır zərbə

Elə bu arada alayın qərargahına məlumat gəlir ki, Şamxor (Şəmkir - red.) tərəfdən şəhərə doğru döyüşə hazır vəziyyətdə hərəkət edən xeyli piyada hissələri gözə dəyir: «Gəncənin şimal-qərbindən yarım verst-bir verst uzaqlıqdakı təpələrdə mövqelərini möhkəmlətmiş 2-ci tabor iki pulemyot bölüyü ilə yaxınlaşan düşmən səflərini pulemyot atəşiylə qarşılayaraq ona ağır zərbə vurdu və başıpozuq şəkildə geri çəkilməyə məcbur etdi. Axşam saat 5 radələrində düşmən şəhərə və 2-ci taborun mövqelərinə top mərmiləri yağdırmağa başladı. Bizim artilleriya dəqiq cavab atəşiylə bolşevik toplarını susdurdu. Axşam təxminən saat 7-də döyüşlər hər yanda səngidi».

Günün ən pis xəbəri

Cahangir bəy uğurlu əməliyyatlardan sonra başına gələn bu xəbəri də çatdırır: «Elə həmin gün general Məhəmməd Mirzə xəstələndi. Mayın 27-də, dan ağararkən, bolşeviklər təkrar hücum başlatsalar da, döyüş meydanında çox sayda ölü və yaralı buraxaraq yenə geri çəkilməyə məcbur qaldılar. O gün üsyançılar gün boyunca bolşeviklərin 7 qızğın həmləsini dəf etdilər. Sübh tezdən, az qala bir gün sürən çox şiddətli top atəşi başlandı».

«Kömək gəlmədi»

Kazımbəyli ürək ağrısıyla gözlənilən köməyin gəlmədiyini bildirir: «İstər Gürcüstandan, istərsə Qarabağ dəstəsindən gözlənilən kömək gəlməmişdi. Bolşeviklərin fəallığı getdikcə güclənir, üsyançıların durumu gündən-günə pisləşirdi. Hər nə bahasına olur-olsun, üsyançıları ruhlandırmaq, gələcək mübarizə və qurbanlara həvəsləndirmək gərək idi. Bu məqsədlə əhali və əsgərlərə uyğun müraciət hazırlayıb çap etdirdim və gecə-gündüz bilmədən, at belində ən təhlükəli mövqeləri dolaşdım».

Döyüş bölgəsində 28 May

Cahangir bəy mayın 28-i Cümhuriyyət günündə laləli Gəncəni belə təsvir edir: «Ağlagəlməz dərəcədə gözəl bir 28 may gəlmişdi.. Elə bil, ana təbiət də bu gündən dolayı sevinir və bərabər olmayan döyüşdə əldən düşən üsyançı xalqa təskinlik verirdi. Dan yeri ağarandan bəri ayrı-ayrı cəbhələrdə top, pulemyot və tüfəng atəşləri eşidilirdi. Zaman-zaman orada-burada mərmilər partlayırdı».

«28 may - möhtəşəm qurbanlar günü»

Azərbaycanın istiqlal günü münasibətilə Dairə Məhkəməsinin binasında axşam saat 8-də Şeyxülislam başda olmaqla ən hörmətli şəxslər toplaşırlar. Hamı sonacan mübarizəyə səsləyir: «Qoy yenilək, amma düşmən yüzlərcə, minlərcə ölümüzün üstündən keçərək qələbə çalsın. Qoy 28 may günü vətən uğrunda canından keçən möhtəşəm qurbanlar günü kimi tariximizə yazılsın. Qoy 28 mayda düşmən qəddar və amansız dirənişlə, dişə-diş, qana-qan mübarizəylə üzləşsin. Qoy 28 may günü layiqli dirəniş möhtəşəm ruhumuzun , mənəvi qələbəmizin rəmzinə çevrilsin!..».

Qəhrəman mübarizə

Səhər saat 10 radələrində alay qərargahına 2-ci taborun komandirindən xəbər çatdırılır ki, şəhərin 6-7 verst şimalından, yəni Şəmkir istiqamətindən Gəncəyə doğru irəliləyən xeyli sayda süvari dəstəsi qeydə alınıb: «Mən 2-ci taborun mövqeyinə getdim və tabor komandiri kapitan Mirizadə ilə birgə qarşıdakı döyüş meydanında düşmənin mövqeləri ilə şəxsən tanış olub, bizim topların hədəfindəki süvari qruplaşmalarını görüb-dəqiqləşdirdim».

«Vaşaqsayağı yorğa yerişlə... Atəş!»

Sonrakı müşahidələr bu qruplaşmaların yer dəyişərək hücuma hazırlaşdıqlarını üzə çıxarır: «Mən dərhal əmr verdim ki, atəşi kəsib, mövqelərdə tam sakitliyi gözləsinlər və əldə olan pulemyotların hamısını bu məntəqədə cəmləşdirərək düşməni atəş tufanına tutmağa hazırlaşsınlar. Doğrudan da səhər saat 11 radələrində, sanki vaşaqsayağı yorğa yerişlə, hərəsində təxminən 2 eskadron olan 4 süvari qolunun mövqeyimizə doğru hərəkətləndiyi açıq görünürdü. Mən, müavinim polkovnik Qauzen və kapitan Mirizadə bölük və taborlar arasında atəş vasitələrini bölüşdürdük. Hamı atəşin açılacağı anı gözlədi. Həyəcanlandıqları da görünürdü. Süvari qolları get-gedə yaxınlaşırdı. Budur, 800 metr aralıqdadırlar... artıq 700 metr qaldı... İndi 600 metr oldu... Atəş! Bu atəşin əks-sədası bütün mövqeyə yayıldı».

«Darmadağın»

Bu atəşlə süvarilər tam darmadağın edilir: «6 topdan, 22 pulemyotdan, nişançı və partizanlardan ibarət tabordan hücuma keçən süvarilərə açılan çox şiddətli cinah atəşi onları elə bir günə qoydu ki, buna tam darmadağın edilmək demək olardı. Mövqelərimizin önündəki sahə büsbütün ölü və yaralılarla örtülmüşdü. Sağ qalan tək-tək süvarilər geri dönür və atəş altında haragəldi dağılışırdılar. Gündüz saat 12 civarında süvarilərin – sonradan dəqiqləşdirildiyi kimi, süvari diviziyasının hücumu boşa çıxmış və itkilərin sayı nəzərə alınsa, əslində, məhv edilmişdi».

Qırmızı Ordu - 1920
Qırmızı Ordu - 1920

Daha bir hücum - Yelendorfdan

Günorta bolşeviklərin Yelendorf səmtindən hücuma keçdikləri xəbəri gəlir: «1-ci pulemyot bölüyü Gəncənin ermənilər yaşayan hissəsində olan taboru və partizanları gücləndirmək üçün ayrıldı. Həmin tabor və partizanlar birgə dirənişlə bolşeviklərin o istiqamətdəki həmlələrini dəf edir, onları çox ağır itkiyə uğradırdı».

Saat 4. Gəncə atəşə tutulur

«Gündüz saat 4 radələrində bolşeviklər aciz bir qəzəblə şəhəri ağır və yüngül silahlardan atəşə tutmağa başladılar. Biz o atəşlərə cavab verir, amma getdikcə tükənən mərmilərimizə də qənaət etməyə çalışırdıq. Təxminən axşam saat 8-də, az-çox, sakitlik çökdü. Usanıb-yorulan, əldən düşən döyüşçülər bir az nəfəs dərməyə və özlərinə gəlməyə macal tapdılar. Günboyu qızışdırıcı fəaliyyətinə, telefon məftillərini korladığına və təbliğat vərəqləri yaydığına görə həbsə atılmış bir neçə nəfər güllənəndi. Qanlı və qızmar 28 may günü belə keçdi».

«Gəncə qədim ənənəsinə sadiq qaldı»

Polkovnik həmin 28 may -İstiqlal Gününü bütün üsyan boyunca ən ağır gün sayır: «Gəncə qədim ənənəsinə sadiq qaldı və göstərdi ki, müstəqillik və azadlığın keşiyində həm möhkəm, həm də dönmədən dayanır. Şəhərin çevrəsinə səpələnmiş çoxsaylı düşmən cəsədi və igid müdafiəçilərin sel kimi axan qanı, mübarizə necə bitsə də, Gəncənin mənəvi qələbə rəmzi sayılacaqdı!..».

Kömək yox, mərmilər tükənir

Kazımbəyli bütün bu müddətdə nə Gürcüstan cəbhəsindən, nə də Azərbaycan qoşunlarından soraq gəldiyini bildirir: «Güllə və mərmilər get-gedə lap tükənirdi. Gün keçdikcə bolşeviklər daha da canlanırdılar. Ardı-arası kəsilmədən onlara kömək üçün yeni qüvvələr gətirilirdi. Üsyançılar çoxsaylı hücumları dəf etsələr də, açıq-aydın görünürdü ki, bolşeviklər yenə yeni qüvvələrlə hücuma keçəcəklər. Bir yerdən yardımımıza çatmasalar, çox dirənməyə daha gücümüz yetməyəcəkdi».

29 may. «Kapitan Mirizadə həlak oldu»

Gəncə mayın 29-da şiddətli top atəşinə oyanır: «Mayın 29-da, dan yeri ağaranda, şəhər çox şiddətli top atəşinə tutuldu. Səhər saat 8 radələrində Yelendorf icması səmtindəki 1-ci taborun mövqelərinə güclü hücuma keçdilər. Topçuların, iki pulemyot bölüyünün və partizan dəstələrinin birgə səyləriylə həmin tabor günboyu düşmənin amansız həmlələrinin qarşısını aldı. Bu döyüşlərdə taborun komandiri kapitan Mirizadə qəhrəmanlıqla həlak oldu».

«Tək məqsədim düşməni daha çox itkiyə uğratmaq»

Nə qədər ağır olsa da, Kazımbəyli indən belə hədəfinin qələbə olmadığını etiraf edir: «Gəncə həndəvərlərində cəmləşdirilən və daim yeni qüvvələrlə möhkəmləndirilən 11-ci ordunu darmadağın etmək daha boş xəyal sayılardı. Tək məqsədim – düşməni daha çox itkiyə uğratmaq və bundan ötrü nəfəsimiz kəsilməyincə döyüşmək idi».

30-31 may, 1 iyun. Döyüşə qadınlar gedir!..

Kazımbəyli daha bir maraqlı fakt açıqlayır: «Mayın 30-31-də və iyunun 1-də qəhrəman müdafiəçilər hər gün bir neçə dəfə qırmızıların hücumunu dəf edərək, onları geri oturdur və çox böyük itkilərə uğradırdı. Həmin günlər lap ağır keçdi. Mövqelərdə silahlı qadınların görünməsi və onların heydən düşüb üzülmüş döyüşçüləri ruhlandıraraq mübarizəni davam etdirməyə çağırması insanı titrədir və unudulmaz təəssürat oyadırdı».

3 iyun. Günorta. Şəhər mərmi yağışında

Həmin gün üsyançılar geri çəkilmək məcburiyyətində qalırlar, amma: «İyunun 3-də, dan ağaran kimi, bolşeviklər hər cür çaplı toplardan şəhərə mərmi yağdırmağa başladılar. Təxminən gündüz saat 12-də vəziyyətimiz lap dözülməz oldu. Geri çəkilmək lazım idi. Amma bundan ötrü düşmənin mühasirəsini yarmalıydın».

4 iyun. Mühasirə yarılır. Əhali şəhəri tərk edir

Mühasirə yarılır: «İyunun 4-də, dan doğarkən, yarımçıq taborla özümüzü toplayıb hücuma keçdik və mühasirəni yardıq. Tabor irəliləyərək şəhərin şimal-qərbindəki yüksəkliyə çatdı və orada möhkəmlənib düşmənin cinahlarını atəşə tutdu. Mühasirənin yarıldığı istiqamətdə bir neçə saat boyunca şəhəri tərk edən əhalinin gediş-gəlişi kəsilmədi».

4 və 5 iyun. Sağ qalanlar sərbəst buraxılır...

«İyunun 4-dən 5-ə keçən gecə 3-cü Gəncə alayından və yurdsevərlərdən sağ qalanları sərbəst buraxdım».

«Qurbanlar gələcək Azərbaycanın sementi və təməlidir»

Kazımbəyli çıxışının sonunda deyir: «Beləcə, Azərbaycan xalqının silahlı üsyanı başa çatdı. Azərbaycan milli qoşunlarının və əhalinin apardığı qəhrəmanca mübarizə və axıtdığı qan, öz canlarını belə Vətənə əsirgəməmələri Azərbaycan xalqının əzəmətli ruhunu üzə çıxardı. Tarix bu qurbanları unutmayacaq. Onlar gələcək milli AZƏRBAYCANIN sementi və təməlidir».

«Daşa bağlanıb Xəzər dənizinin dərinliklərinə atılan cəsədlər»

«Əli və Nino» romanından: «Səhər açılırdı və şəhər silah anbarını xatırladırdı. Kəndlilər hər yandan axışıb gəlir və gizli saxladıqları pulemyot və sursatı özləri ilə gətirirdi. Çayın o biri sahilində, erməni məhəlləsində tək-tük atəş açılırdı. O üz, demək olar, Rusiya idi. Qırmızıların süvari qoşunu axıb ölkəyə yayılmışdı...Rus batalyonları Gəncəyə doğru yürüş edirdi və şəhər Bakıdan gələn qaçqınlarla dolmuşdu. Onlar güllələnmiş nazirlərdən, həbs olunmuş millət vəkillərindən və daşa bağlanıb Xəzər dənizinin dərinliklərinə atılan cəsədlərdən danışırdı...».

«Cümhuriyyət-100» davam edəcək.

25-ci yazı-«Gəncə üsyanı-2» şənbə günü mayın 12-də AzadlıqRadiosunun saytında.

XS
SM
MD
LG