Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:58

Həbsdəki jurnalistə yeni ittiham: ölümlə hədələmə


P.Aslanov
P.Aslanov

Dövlətə xəyanətdə suçlanaraq həbs olunan xeberman.com saytının təsisçisi və baş redaktoru Polad Aslanova daha bir ittiham verilib. Bunu AzadlıqRadiosuna jurnalistin həyat yoldaşı Gülmirə Aslanova bildirib. Onun sözlərinə görə, P.Aslanov indi CM-in 274-cü (dövlətə xəyanət) maddəsiylə yanaşı, həm də 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsiylə ittiham olunur.

G.Aslanova deyir ki, yeni ittihamda P.Aslanovun saytlardan birinin əməkdaşını hədələdiyi iddia olunur. Xanımının dediyinə görə, həmin şəxsin kimliyi də məlumdur, sadəcə, istintaq davam etdiyinə görə açıqlamır.

«Polad Aslanov haqqında həbs-qətimkan tədbiri seçiləndə o adam guya bizə dəstək məqsədilə Səbail Rayon Məhkəməsinin qarşısına gəlmişdi. Poladın həbsindən sonra xəbər bilmək, dərdimizə şərik olmaq üçün anası üç dəfə bizə gəldi. Əgər Polad ölümlə hədələmişdisə, niyə bunları eləyirdiniz? Əgər belə bir hal olmuşdusa, niyə həmin vaxt şikayət eləməmişdi?», - G.Aslanovanın sözləridir.

Jurnalistə qarşı yeni ittiham irəli sürüldüyünü P.Aslanovun vəkillərindən biri də AzadlıqRadiosuna təsdiqləyib. Lakin müdafiəçi ittihamın mahiyyəti barədə danışmaq istəməyib.

Xatırlatma

P.Aslanov bu il iyunun 12-də saxlanılıb, 14-də isə Səbail Rayon Mәhkәmәsinin qərarıyla barəsində ilkin istintaq dövrü üçün 4 aylıq hәbs-qətimkan tədbiri seçilib. O, CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. Bu maddədə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

DTX-nın yaydığı rəsmi açıqlamada iddia olunur ki, P.Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pula görə qəbzləri imzalayıb. Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.

Ailə üzvlərinin bildirdiyinə görə, P.Aslanov ittihamı qəbul etmir və sifarişlə həbs olunduğunu deyir. İddia edir ki, rəhbərlik etdiyi saytda DTX əməkdaşlarının zəvvarları ziyarətə aparan şirkətlərdən rüşvət alması barədə yazılarına görə şərlənib.

Ailə üzvləri iddia edir ki, cəza olaraq öncə P.Aslanovu səhhətində problemlər olduğu halda, hərbi xidmətə apardılar, orada ağır şərtlər altında saxlandı: «Qayıdandan sonra da tənqidi yazılarına son qoymadığına görə bu dəfə belə cəzalandırdılar».

P.Aslanov 2018-ci il aprelin 19-da - 29 yaşında hərbi xidmətə aparılmışdı. O zaman ailəsi bildirirdi ki, o, səhhətindəki problemlərlə əlaqədar bundan əvvəl hərbi xidmətə aparılmayıb, ona «sülh şəraitində hərbi xidmətə yararsız» olması barədə hərbi bilet verilib.

«Ürəyində damar tıxanmasından, təzyiqdən əziyyət çəkən adamı qəfildən komissarlığa çağırıb, Naxçıvana göndərməyə nə ad vermək olar?», - G.Aslanova belə deyirdi.

P.Aslanov birillik hərbi xidmətini bu ilin aprelində başa vurub, iki ay sonra həbs edilib.

P.Aslanova qarşı irəli sürülmüş yeni ittihamda - CM-in 134-cü maddəsində 2 min manata qədər cərimə, 2 ilədək islah işləri və bu müddətdə həbs nəzərdə tutulub.

XS
SM
MD
LG