Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:54

Hibrid ofis: həm evdir, həm də ev deyil


Ofis və ya ev, arxiv foto
Ofis və ya ev, arxiv foto

Son ilyarımda hər şirkət, istədi-istəmədi, işi uzaqdan necə səmərəli yönəltməyin yolunu axtarmalı, bu sahədə sınaq aparmalı olub.

BBC yazır ki, Covid-19 qadağalarının yumşaldığı indiki ortamda şirkət rəhbərləri yeni eksperimentə məcbur qalacaqlar. Axı indi uzaqdan çalışmağa öyrəşmiş əməkdaşları yenidən ofislərə qaytarmaq vaxtıdır. Üstəlik, təbii ki, ofis də öncəki şəklində qala bilməz.

Bütün bu eksperiementlər nəticəsində ortaya çıxan modellərdən biri hibrid modeldir. İşçilər həftədə bir dəfə aid olduqları komanda ilə eyni gündə ofisə gəlməli olur, həftənin qalan günləri isə evdən işləyirlər. Yalnız üzbəüz olması vacib görüşlər zmanı yenidən ofisə gəlmək gərək olur.

“Əvvəlllər ofisə o üzdən gedirdik ki…”

Britaniyanın Nottingem şəhərində yerləşən “Adtrak” adlı rəqəmli marketinq şirkəti bu üsulu uğurla tətbiq edir.

“Biz ofisi başqa cür görməyə çalışırıq. Əvvəllər ofisə ona görə gedirdik ki, gördüyümüz iş bu idi. İndi ona görə gedirik ki, həmin gün bizim insanlarla görüş günümüzdür. Biz o ofis gününü daha sıx əməkdaşlıq şəraitində… keçirməyə çalışırıq”, - şirkətin biznes əməliyyatları direktoru Ceyms O'Flahertinin sözləridir.

“Adtrak” üçün hibrid iş şəraitinə keçid həm də ofisin quruluşunu dəyişmək demək idi. Əvvəllər burada 120 iş masası vardısa, indi 70 masa var. Ancaq işçilərin sayı 100 nəfərdir. Ofisdə əməkdaşları birgə iş və dialoqa həvəsləndirən məkanlar, mobil əlavə vasitəsilə öncədən tutula bilən iş masaları, məsafədən çalışan həmkarlarla rahat videokonfrans keçirməkdən ötrü ən yeni texnologiya ilə təchiz olunmuş otaqlar var.

Köhnə idarəçilik üsulu bitdi?

Arxiv foto
Arxiv foto

Ekspertlər deyir ki, pandemiyanın ilk vaxtlarında ofis məkanlarının tam tərk ediləcəyi barədə proqnozlar verilsə də, əksər şirkətlər hibrid iş üsuluna üz tutacaq. Möhkəm sosial və fiziki strukturların produktiv iş şəraiti üçün vacib sayıldığı günlər artıq geridə qalıb. İndən belə komanda işi, kreativlik və pandemiya dövründə itirilmiş bağlılıq hissini gücləndirən çevik dizayn və metodlar dövrüdür.

Ofislər daim dəyişib. Pandemiyadan əvvəl də rəqəmsallaşma, tələbat dəyişiklikləri korporativ dünyanı daim hərəkətdə saxlayırdı. Artıq kubikl tipli iş otaqları yerini

açıq planlı məkanlara vermişdi. Bulud və videokonfrans texnologiyaları isə işçilərin ofisdə olmasının vacibliyini azaltmışdı.

NBBJ adlı memarlıq şirkətinin partnyoru Robert Mankin deyir ki, pandemiya onsuz da getməkdə olan prosesi birdən-birə 5-10 il sürətləndirib.

Londonlu iş yeri strategiyası və dizayn mütəxəssisi Nikola Cillen “Future Office” kitabının müəllifidir. O deyir ki, bundan sonra insanlar daha sıra ilə düzülmüş masalarda təkbaşına işləmək üçün şəhərin mərkəzinə gəlməli olmayacaqlar. Daha onlara 100 ildən də çox əvvəl icad edilmiş köhnə idarəçilik üsulu ilə nəzarət olunmayacaq: “Bunun əvəzində onlar ofisə daha məqsədli və spesifik səbəblərdən, məsələn, birgə iş, görüşlər və beyin fırtınası üçün gələcəklər”.

Ofis getmək istədiyimiz məkana çevrilə bilər

Əksər işçilər vaxtaşırı iş yoldaşlarını görmək, eyni zamanda evdən işləməyin rahatlığını qoruyub saxlamaq istəyəcəklər. “HowNow” platformasının mart ayında Britaniyada yaşayan 3 min distant işçi arasında keçirdiyi sorğunun nəticələrinə görə, onların 2/3-dən çoxu (67 faizi) pandemiya müddətində həmkarlarından uzaqlaşdıqlarını hiss ediblər. Bu uzaqlaşma respondentlərin 49 faizinin öz içinə yanaşmasına pis təsir göstərib. “Indeed” saytının apardığı oxşar araşdırma isə ABŞ-da distant işçilərin 45 faizinin həmkarları ilə canlı ünsiyyət üçün darıxdığını üzə çıxarıb.

Araşdırıcıların fikrincə, işçilərin formal görüşlərdən kənar əməkdaşlığı uğurlu biznes üçün çox vacibdir. Ofislərdə monitorinq və təlim məkanları da yaradıla bilər. Bu, son 16 ayda təlim və öyrənmə imkanlarından tam yararlana bilməyən gənc nəsil üçün xüsusən vacibdir. Daha struktursuz və kreativ məkanların yaradılması ofisi mütləq gedilməli olan məkandan getmək istədiyimiz məkana çevirə bilər.

XS
SM
MD
LG