Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:32

'Əynimi dəyişmək istəyirdim ki, dedilər, səni aparırlar'


Azərbaycan Beynəlxalq bankının binası
Azərbaycan Beynəlxalq bankının binası

Beynəlxalq Bankdan adlarına milyonlarla kredit götürülən şəxslər deyir ki, həmin pullardan onlara bir qəpik də çatmayıb.

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin strukturlarının mühafizəsini həyata keçirən "İnter Security" MMC-nin, Bakı Fındıq Emalı Zavodunun, Sumqayıtda yerləşən "İnter Textile" ASC-nin sıravi işçilərinin adına bu bankdan milyonlarla kreditlər götürülüb. Həmin işçilər avqustun 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Beynəlxalq Bank" işi üzrə prosesdə şahid qismində ifadə verərkən deyiblər ki, o pulların üzünü görməyiblər.

“30-A YAXIN SƏNƏD İDİ, İMZALADIM”

Məsələn, adına Beynəlxalq Bankda 15 milyon dollarlıq kredit kartı açılmış Zahid Bağırov "İnter Textile" ASC-də fəhlə işlədiyini deyir: "Orada fəhlə işləyirdim, 250 manat maaş alırdım, 6 aydan sonra çıxdım. Şirkətdən rayona zəng eləyib, çağırtdırmışdılar. Gəldim, elə bildim ki, yenidən işə götürürlər. Vəsiqələrimizi yığmışdılar. Əynimi dəyişib işə başlamaq istəyirdim ki, dedilər, "səni aparırlar, müəyyən sənədləri imzalamalısan". Getdik, bilmirəm, bankın binası idi, yoxsa nə idi. 30-a yaxın sənəd idi, imzaladım, amma pul almamışam".

Buna da bax: Beynəlxalq Bank işi: 2 günə 17 milyonluq kredit götürülüb

250 manata işləyən fəhləyə 15 milyon kredit verilib.

Ona gedib sənədləri imzalamaq göstərişini kimin verməsi barədə suala isə Zahid Bağırov belə cavab verib: "Dedilər ki, "rəhbərliyin göstərişidir". Rəhbərlik deyəndə Dünyamin Xəlilovun adını çəkirdilər. Qol çəkməklə bağlı tapşırığı isə fabrikin müdiri Şakir Musayev verib".

"İnter Security" şirkətinin ona yaxın əməkdaşı da eyni məzmunlu ifadələr veriblər. Bildiriblər ki, şirkətin rəhbəri, hazırda təqsirləndirilən şəxslər sırasında olan İbrahim Hüseynov onları yanına çağırıb və banka gedib, kredit müqavilələrini imzalamağı xahiş edib. Onlar da göstərişə əməl ediblər.

KİÇİK MƏBLƏĞLƏR ÜÇÜN GEDƏNDƏ ÖYRƏNİBLƏR

Şahidlərin bir qismi deyir ki, adlarına 750 min, 1 milyon 250 min manatlıq kreditlərin rəsmiləşdirildiyini özləri kiçik məbləğdə kreditlər almaq üçün banka müraciət edərkən öyrəniblər. Mərkəzləşdirilmiş sistemdə axtarış zamanı onların Beynəlxalq Banka böyük məbləğdə kredit borcları olduğu üzə çıxıb. Bundan sonra işçilər şirkətin baş direktorunun müavini olmuş Şakir Məmmədovun yanına gəlib, üzləşdikləri problemi danışıblar.

Buna da bax: «Qeyri-peşəkarlıq və korrupsiya Azərbaycan bank sisteminin atributlarıdır»

Şakir Məmmədov özü də şahid qismində dindirilib və deyilənləri təsdiqləyib: "Mən də bu barədə rəhbərimiz İbrahim müəllimə məlumat verdim. Bu məsələ ilə bağlı lazımi addımlar atdı".

O da məlum olub ki, şirkət əməkdaşlarının adlarına götürülmüş kreditlərin bir qismi ödənilsə də, qalan borc hələ də onların üzərindədir.

MƏNZİL TƏMİRİNƏ 780 MİN MANAT KREDİT

"Əynimi dəyişib işə başlamaq istəyirdim ki, dedilər, "səni aparırlar, müəyyən sənədləri imzalamalısan"

Təqsirləndirilən şəxslərdən Bakı Fındıq Emalı Zavodunun direktoru olmuş Azad Cavadovun yaxınları, o cümlədən bacanağı Samir Əliyev, dostu Emin Nəbiyev, tanışı Rasim Mehdiyev, keçmiş həyat yoldaşı Nailə Həsənova da şahid qismində dindirilib.

Buna da bax: Beynəlxalq Bank işi: 'Allahınız olsun, niyə yalan danışırsız?'

Samir Əliyev deyir ki, zavodun inkişafına maliyyə vəsaiti lazım olub və Azad Cavadovun xahişi ilə Beynəlxalq Banka gedib, sənədləri imzalayıb, ona 780 min kredit verilib. Həmin vəsait də zavoda xərclənib.

Dövlət ittihamçısı Fərid Nağıyev xatırladıb ki, həmin vəsait "mənzilin təmiri üçün verilmiş kredit" kimi rəsmiləşdirilib. İndiyədək də 708 min əsas borc, 92 min də faiz borcu ödənilməmiş qalıb.

Prokurorun sözlərinə görə, Emin Nəbiyevin götürdüyü 750 minlik kredit rəsmiləşdirilərkən "Lənkəranda torpaq sahəsi alıb istirahət mərkəzi tikdirmək" üçün verildiyi göstərilib. Rasim Mehdiyevə 750 minlik kredit isə "Qubada istirahət mərkəzi tikdirməyə" verilib. Dövlət ittihamçısı qeyd edib ki, bu kredit üzrə 677 min əsas, 53 min isə faiz borcu hələ də ödənilməyib.

Buna da bax: Cahangir Hacıyev: 'Heç 50 qəpiklik yemək vermirlər'

“HESABATLAR SAYTDAN YIĞIŞDIRILIB”

Bugünkü məhkəmə iclasında "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyev məhkəmənin müvafiq qurumlardan bir sıra sənədləri alması barədə vəsatətlər qaldırıb. Vəkilin alınmasını istədiyi sənədlər sırasında "Beynəlxalq Bank"ın layihələrlə bağlı girov müqavilələri də var. F. Mehdiyev deyir ki, həmin müqavilələr bu işin mülki xarakterli olduğunu sübut edir: "Nəyə görəsə mülki xarakterli məsələləri cinayət müstəvisinə çıxarıblar".

Müdafiəçi qeyd edib ki, "Beynəlxalq Bank"ın 2008-2014-cü illərdə fəaliyyətilə bağlı yoxlama aparılıb, cinayət işi başlanıb. Sonradan həmin cinayət işinə xitam verilib: "Biz xitam qərarını ala bilmirik. Xahiş edirik, məhkəmə bunu Baş Prokurorluqdan alsın".

Buna da bax: Cahangir Hacıyev maliyyə nazirinin həbs olunmasını istəyir

F.Mehdiyev deyir ki, "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin illik maliyyə hesabatları internetdə yerləşdirilirdi. Amma nədənsə, son üç ilə aid hesabatlar saytdan yığışdırılıb: "Həmin hesabatlarda beynəlxalq auditin rəyləri də var. Xahiş edirik, o sənədlər də Beynəlxalq Bankdan alınsın".

Vəkilin dediyinə görə, "Beynəlxalq Bank"dan fiziki şəxslərin adlarına verilmiş kreditlərin bəziləri tam, bəziləri qismən ödənilib, bir qismi isə ödənilməyib. F. Mehdiyev bankların mərkəzləşdirilmiş reyestrindən həmin kreditlərlə bağlı çıxarış alınmasını da xahiş edib.

Bu vəsatətlərin müzakirəsi şahidlərin dindirilməsindən sonraya saxlanılıb.

Buna da bax: Sələmə pul verən deputat iddiasından geri çəkildi

Məhkəmə prosesi sentyabrın 2-də davam edəcək.

C. Hacıyev və digər 7 nəfərə qarşı irəli sürülmüş ittihamlar arasında mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, qanunsuz silah saxlama maddələri var. Bu maddələrin sanksiyasında 7 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulur.

XS
SM
MD
LG