Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:01

‘Kiminsə Yerevanı Ermənistana ‘verməsindən’ söz açmaq savadsızlıqdır’


Rəssam Frans Rubo bu rəsmi 1827-ci ildə çəkib. Rəsmi «1827-ci ilin 1 oktyabr tarixində İrəvan qalasının ruslara təslim edilməsi» adlandırmışdı.
Rəssam Frans Rubo bu rəsmi 1827-ci ildə çəkib. Rəsmi «1827-ci ilin 1 oktyabr tarixində İrəvan qalasının ruslara təslim edilməsi» adlandırmışdı.

"Azərbaycan üçün prioritet məsələ bu olmamalıdır. Prioritet məsələ Azərbaycanın beynəlxalq birliyin tanıdığı sərhədlərinin pozulması və ərazisinin 20 faizinin işğal altında olmasıdır".

Tarixçi alim Cəmil Həsənli prezident İlham Əliyevin aprel döyüşlərinin ildönümü ilə bağlı bu gün, martın 31-i hərbiçilərlə görüşündə "Yerevanı Ermənistana Azərbaycan Xalq Cümhuriyyəti verib" deməsini AzadlıqRadiosu-na şərh edərkən qeyd edib.

C.Həsənli vurğulayıb ki, bu məsələ haqqında dəfələrlə şərhlər verilib və hər dəfə qayıdıb bu barədə danışmaq mənasızdır:

Buna da bax:​ ATƏT danışıqlara yeni təkan veriləcəyinə ümid edir

Cəmil Həsənli
Cəmil Həsənli

"Bu məsələyə bizim kitablarımızda toxunulub. "Azərbaycan Demokratik Respublikasının xarici siyasəti - 1918-1920" kitabında bu məsələnin necə baş verdiyi ifadə olunub. Yerevanın Ermənistana verilməsi məsələsində quruculardan kimisə qınamaq yolunu tutmamışıq. Bu baxımdan, məlum qərarın Məhəmməd Əmin Rəsulzadənin, yoxsa qeyrisinin imzasıyla təsdiqlənməsinin aydınlaşdırılması pis niyyətdən xəbər verməməlidir. Onu da nəzərə alaq ki, burada konkret olaraq kiminsə Yerevanı Ermənistana “verməsindən” söz açmaq savadsızlıqdan başqa bir şey deyil", Cəmil Həsənli qeyd edir.

O, əlavə edir ki, məsələ ilə bağlı zamanında Fətəli Xan Xoyski Azərbaycan Milli Şurasına məlumat verib.

Buna da bax: İ.Əliyev: 'Azərbaycan Xalq Cümhuriyyəti Yerevanı Ermənistana bağışladı'

“X.Xasməmmədov, M.Y.Cəfərov, Ə.Şeyxulislamov, M.Məhərrəmov çıxış edərək Yerevan şəhərinin Ermənistana güzəşt edilməsinin mümkünsüzlüyünü bildirirlər. İki gün sonra Milli Şurasının üzvləri Mir Hidayət Seyidov, Bağır Rzayev və Nəriman bəy Nərimanbəyov Yerevanın ermənilərə güzəştə gedilməsinə etiraz edirlər. Ancaq iyun ayının 1-də keçirilən Azərbaycan Milli Şurasının iclası bu etirazı qəbul etmir. Bununla yanaşı Yerevanın güzəştə gedilməsiylə bağlı şəhərə nümayəndə heyəti göndərmək qərara alınır”.

C.Həsənli nəql edir ki, Milli Şuranın 1918-ci il mayın 29-da keçirilən iclasının protokoluna görə, siyahıda olan 28 nəfərdən 20-si bu qərarın lehinə səs verib:

“1 nəfər əleyhinə olur, 3 nəfər bitərəf qalır. Onu da qeyd edək ki, Milli Şura Yerevanla bağlı daha bir qərar qəbul edir. Bu qərara görə Şuranın büdcəsində olan vəsaitin hamısı Yerevan müsəlmanlarına göndərilir. Bundan sonra Batumda danışıqlar başlandı və razılıq əldə edildi ki, Azərbaycan Aleksandropol quberniyası hüdudlarında erməni kantonunun yaradılmasına razıdır. Yerevan şəhəri bu şərtlə ermənilərə güzəşt edilir ki, onlar Qarabağa olan iddialarından vaz keçsinlər. Danışıqlar iyun ayının 4-də hər üç respublika ilə “Sülh və Dostluq” haqqında müqavilələrin imzalanması ilə nəticələndi”.

Buna da bax:​ Prezident: 'AXC-Müsavat çevriliş etdi, torpaqlarımızı itirdik'

C.Həsənli qeyd edib ki, bu gün Azərbaycana prioritet məsələ bu olmamalıdır. Prioritet məsələ Azərbaycanın beynəlxalq birliyin tanıdığı sərhədlərinin pozulması və ərazisinin 20 faizinin işğal altında olmasıdır.

Prezident İlham Əliyev həmin çıxışında belə demişdi:

«Əfsuslar olsun ki, 1918-ci ildə gənc Azərbaycan Xalq Cümhuriyyəti Yerevanı Ermənistana, demək olar, bağışladı. Bütün sənədlər var. Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri də o idi ki, Yerevan paytaxt kimi Ermənistana verilsin. Baxmayaraq ki, o vaxt Yerevanda əhalinin əksəriyyəti azərbaycanlılar idi. Bu, böyük səhv idi...».

XS
SM
MD
LG