Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:23

İlkin Süleymanov: 'Məni atamla təhdid edirdilər'


İlkin Süleymanov
İlkin Süleymanov

Mayın 11-də Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə iclası olub.

İlkin Süleymanov sərbəst ifadəsini davam etdirib. Onun sözlərinə görə, 2019-cu ilin noyabrında bacısı İlhamə Bakıya gedəsi olub və orada təxminən 10 gün qalıb:

“Həmin müddətdə evi mənə tapşırmışdı. Mən də hər səhər-axşam onun evinə gedib toyuğa yem verirdim. O, gələndə mən ondan bildim ki, Nərmin itib”.

Süleymanov deyib ki, yanvarın 9-da onu rayonun ovaxtkı polis rəisi Şirzad Əsgərovun otağına aparıblar.

“Rəis dedi ki, hər şeyi etiraf et”

İlkin Süleymanovun sözlərinə görə, onu atasını polisə gətirməklə hədələyiblər:

“Məni atamla təhdid edirdilər, cinayəti üzərimə götürməyəcəyim halda onu da gətirib işgəncə verəcəklərini deyirdilər".

O, əlavə edib ki, ən dəhşətli işgəncələr ona 2020-ci ilin yanvarın 9-dan 10-a keçən gecə verilib:

“İşgəncələrdən sonra başa düşdüm ki, hər şeyi etiraf etməliyəm. Etiraf etməsəm, dözə bilmərəm. Amma nə deyəcəyimi bilmirdim. Amma yenə də ümid edirdim ki, bu fakt üzə çıxacaq və mənin günahsız olduğum bilinəcək”.

"Ədalət deyilən bir şey yoxdur..."

İlkin Süleymanov məhkəməyə bildirib ki, istintaqda iştirak edən Baş Prokurorluğun vəzifəli şəxsinə ona qarşı ədalətsizliyin olduğunu deyib:

“Mənə qayıdıtdı ki, ədalət deyilən bir şey yoxdur, olsaydı qız ölməzdi”.

Məhkəmə prosesi mayın 18-də davam edəcək.

Azyaşlı Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, 45 gün sonra, yanvarın 6-da ölü bədəninin yandırılmış şəkildə tapıldığı açıqlanıb.

Məhkəmədə işgəncələrlə bağlı səslənən fikirlərə, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Amma bundan əvvəl bu işdə işgəncə iddialarını Baş Prokurorluq təkzib edib.

Xatırlatma

48-yaşlı İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham olunur.

Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. O, ilkin ifadəsindəki etirafa gəlincə, bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək etiraf ifadəsinə imza atmağını söyləyib.

Baş Prokurorluq isə onun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.

Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG