Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:00

Azərbaycan IT sektorunda ciddi vergi güzəştlərinə hazırlaşır


Rusiyada İT üzrə mütəxəssis səfərbərliyə görə meşədə qurduğu gizli çadırdan işləyir
Gözlə

No media source currently available

0:00 0:03:04 0:00

Rusiyada İT üzrə mütəxəssis səfərbərliyə görə meşədə qurduğu gizli çadırdan işləyir

Ölkələr artıq xarici investisiyalarla yanaşı, ixtisaslı kadrların da ölkəyə cəlbi üçün ciddi rəqabət içərisindədir. Hökumətlər özəlliklə informasiya-kommunikasiya texnologiyaları sahəsində ixtisaslaşanların ölkəyə gəlişində maraqlıdır. Axı bu sahədə yeni ideyalar ölkəyə böyük həcmdə gəlir qazandıra bilər. Bunu gözə alan ölkələr həmin sahədə çalışan şirkət və işçilərə güzəştlər və həvəsləndirmə mexanizmləri təklif edir. Azərbaycanla eyni bölgədə yerləşən Gürcüstan və Ermənistan, eləcə də Türkiyə, Ukrayna və Belarus da texnologiya mühəndislərinin cəlb edilməsində ən fəal oyunçulardan sayılır.

Rusiya-Ukrayna savaşının başlaması sözügedən yarışı daha da alovlandırıb. Savaş üzündən çox sayda rusiyalı ölkəni tərk edib. Sanksiyalar ucbatından bir çox iri şirkət də Rusiyadakı ofislərini qapadıb. Belə durumda xeyli rusiyalı mütəxəssis başqa ölkələrə köçməyə məcbur qalıb. Məsələn, Ermənistanın İqtisadiyyat naziri bir müddət öncə bildirmişdi ki, müharibədən sonra 50 min rusiyalı informasiya texnologiyaları mütəxəssisi Ermənistana köçüb. Nazir ayrıca şirkətlərin də gəldiyini vurğulamışdı. Son zamanlar informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən 20 Rusiya şirkəti Ermənistanda işə başlayıb.

Bugünlərdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi də Azərbaycandakı rusiyalı mütəxəssislərlə bağlı açıqlama verib. Açıqlamada bildirilir ki, Rusiya-Ukrayna olayları başlayandan ölkəyə rusiyalı İT mütəxəssisləri cəlb edilib və oradan 300-dən çox İT mütəxəssisi Azərbaycana dəvət olunub. Rusiyanın beş şirkəti ilə danışıqlar aparılır və artıq onların 45 əməkdaşı Azərbaycana köçüb. Hazırda Atletlər Kəndinin ərazisindəki evlər Rusiyadan gələn İT mütəxəssisləri üçün istifadə edilir. Bu baxımdan o da üzə çıxır ki, Azərbaycana gələn rusiyalı mütəxəssislərin sayı Ermənistana köçənlərin 1 faizindən də azdır.

Ekspertlər qeyd edir ki, savaş üzündən Rusiyanı tərk edən mütəxəssislərin üz tutduğu əsas istiqamətlər Özbəkistan, Qazaxıstan, Ermənistan və Gürcüstandır. Azərbaycanın rusiyalı mütəxəssislərdən ötrü maraqlı olmaması ölkədə vergi və gömrük sisteminin əlverişsizliyi, korrupsiya, ölkədə qlobal şirkət ofislərinin olmaması, olumsuz investisiya ortamı kimi amillərlə əlaqələndirilir.

Azərbaycan hansı güzəştləri nəzərdə tutur?

Görünür, Azərbaycan hökuməti axır ki, ixtisaslı kadrların cəlbinin ölkə üçün önəm daşıdığını və Azərbaycanın bu rəqabətdə geridə qaldığını anlayıb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinə böyük vergi və sosial güzəştlər tətbiq ediləcək. Komitə sədrinin fikrincə, bununla Azərbaycan regionda İKT şirkətlərindən ən az vergi alan ölkə olacaq. Nəzərdə tutulan yeniliklər "Vergi Məcəlləsində dəyişiklik haqqında" Qanun layihəsində əksini tapıb.

Burada istər İKT şirkətlərinə, istərsə həmin şirkətlərdə çalışan mütəxəssislərə güzəştlər nəzərdə tutulub. "Hazırda şirkətlər 20 faiz dərəcə ilə mənfəət vergisi, fərdi sahibkarlarsa (fiziki şəxslər) 20 faiz dərəcə ilə gəlir vergisi ödəyir. Rezident şəhadətnaməsi alaraq "sistem inteqrasiyası, proqram təminatının hazırlanması, inkişaf etdirilməsi, onlara dəstək göstərilməsi və təlim verilməsi" fəaliyyəti ilə məşğul olanlar həmin vergilərdən tam azad ediləcək", - Tahir Mirkişili belə deyib.

Sözügedən şirkətlərdə çalışanlar da güzəştlərdən yararlanacaq. Gələn il yanvarın 1-dən onların aylıq gəlirindən 8 min manatadək olarsa, 0 faiz, 8 min manatı aşarsa, 5 faiz vergi tutulacaq. Belə güzəşt 3 il keçərli sayılacaq. 2026-cı il yanvarın 1-dənsə vergilər 7 il müddətində cəmi 5 faiz olacaq.

DSMF ödənişləri və iş icazəsi də dəyişir

Tətbiq ediləcək dəyişikliklər gəlir və mənfəət vergisi ilə yanaşı, DSMF ödənişlərini əhatə edir. Hazırda İKT şirkətlərində çalışan şəxslər 25 faiz məcburi dövlət sosial sığorta haqqı ödəyir. Yeni yanaşmaya görə, həmin işçilərə DSMF ödənişləri ilə bağlı seçim hüququ veriləcək. Başqa deyimlə, işçi ödənişi olduğu kimi davam etdirə, yəni mövcud qanunvericiliyə uyğun olaraq 25 faiz dərəcə ilə sosial vergi ödəyə bilər. Unudulmasın ki, DSMF ödənişləri pensiya kapitalını formalaşdırır. Bu kapitala dayanaraq, təqaüdə çıxanlara veriləcək pensiya məbləği müəyyənləşdirilir. Yeni dəyişiklikdən sonra həmin vergini ödəmək istəməyənlər minimum maaşın dörd misli qədər olan hissədən məcburi dövlət sosial sığorta haqqı ödəmək şansı qazana bilərlər. Hazırda minimum əməkhaqqı 300 manatdır. Onun dörd misli 1200 manatdır. Beləcə, yeni dəyişiklər maaşın 1200 manatadək olan hissəsi üçün sosial sığorta haqlarından azad olmağa imkan yaradır.

Xarici ölkə vətəndaşları DSMF ödənişlərindən azad olacaqlar. Nəzərdə tutulmuş dəyişikliklərlə əcnəbilərin və yaxud vətəndaşlığı olmayanların yerli İT şirkətlərdə işləməsi üçün iş icazəsi gərəkməyəcək. Bu məqam Miqrasiya Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. "Sosial sığorta haqqında" Qanuna təklif edilən dəyişikliklə isə əcnəbilər və ya vətəndaşlığı olmayanlar Azərbaycanda məcburi dövlət sosial sığorta haqqını ödəməkdən azad ediləcəklər.

20 min işçiyə ehtiyac var

Nəzərdə tutulan dəyişikliklərin Milli Məclisdə müzakirəsi zamanı açıqlanmışdı ki, hər il ölkədə 3 min 500 İKT mütəxəssisi hazırlansa da, Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə 20 minə yaxın mütəxəssisə ehtiyac var. Azərbaycanın toplam daxili məhsulunda İKT sektorunun payı cəmi 1.8 faizdir.

XS
SM
MD
LG