Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:37

Instagram gəlirləri kəsilən rusiyalılar


İllüstrativ foto
İllüstrativ foto

Digər influenserlər abunəçilərini o biri platformalara yönətlməyə çalışırlar, amma bu, çətin prosesdir

İllərlə Instagram-da izləyici yığasan və günlərin bir gün bu sosial platforma da digərləri kimi bağlana. Rusiyada sosial şəbəkədən asılı influenserlər, fotoqraflar, incəsənət adamları, modellər və digərləri qeyri-müəyyənliklə üzləşiblər. Hökumət ABŞ-da yerləşən platformaları qadağan edir, Kreml Ukraynaya qarşı müharibənin işıqlandırılmasını sərt nəzarətə alır.

AzadAvropa/AzadlıqRadiosu-nun müxbiri Tod Prins Vladivostokda fitnes təlimçisindən tutmuş Sibirdə gənc inluenserlərə, Dağıstanda fotoqrafa qədər bir çoxlarının işin nəbzini tutduğunu, yaxud sosial şəbəkəylə məşğul olmaq üçün kimisə işə götürdüyünü yazır. Onlar günün müəyyən saatlarında kontent yerləşdirirdilər. Bəzən digər blogerlərlə də əməkdaşlıq edir, bir-birini reklam edərək abunəçi sayını, qazanclarını artırırdılar.

Bir günə yox olan 9 il

Qazancı Instagram-dan çıxanlar indi qeyri-müəyyənliklə üzləşiblər. Əlbəttə ki, bu, Rusiya Prezidenti Vladimir Putinin qonşu Ukraynada başlatdığı müharibənin dəhşətləri ilə müqayisəyə gəlmir. Müharibədə minlərlə insan öldürülüb, Ukrayna əhalisinin 10 milyona yaxını evindən-eşiyindən didərgin düşüb.

“Doqquz il bir günün içində yox oldu. Sanki mənim həyatım, işim bloklanıb. Nəyə görə cəzalandırıldım?”, – Instagram səhifəsində @sveta_13 həştəqi ilə paylaşımlar edən populyar fotoqraf martın 12-də səhifəsində yazıb.

Nifrət siyasəti

Roskomnadzor martın 14-dən Instagram-ı bloklamağa başlayıb. Buna media platformasının sahibi Meta şirkətinin ukraynalıların işğalçı rusiyalı əsgərlərə nifrət bildirməsinə müvəqqəti icazə verməsi səbəb olub.

Moskvada məhkəmə martın 21-də qadağanı qüvvədə saxlayıb, Instagram-ın nifrət siyasətinə görə “ekstremist” adlandırıb.

Təhlilçilərin fikrincə, Rusiya hökuməti Meta-nın nifrət siyasətinə bu müvəqqəti dəyişiklikdən istifadə edərək ölkədə nəzarətsiz olan populyar Instagram-ı qadağan edir. Bir neçə gün öncə isə Meta-nın digər platforması Facebook, eləcə də Twitter Rusiyada bloklanıb, onların Rusiyanın dövlət media orqanlarına qarşı ayrıseçkilik etdiyi bildirilib.

Bir çox rusiyalı VPN vasitəsilə platformalardan istifadə etsə də, bu zaman xidmət xeyli yavaşıyır.

“Rəqəmsal dəmir pərdə”

Sosial mediaya qadağalar Putinin “rəqəmsal dəmir pərdə” siyasətinin bir hissəsi kimi görülür. Məqsəd dövlətin ölkə daxilində informasiyanın yayılmasına nəzarəti saxlamasıdır.

Hökumət Ukraynaya hücumu “müharibə” adlandırmağı qadağan edib, “xüsusi əməliyyat” termini işlədir.

Müəllif Putinin 2000-ci ildə hakimiyyətin ilk həftələrində mediaya nəzarəti götürməyə başladığını yada salır. O, NTV və ORT üzərində Kremlin nəzarətini tətbiq elədi. Bu iki böyük telekanalın sahibləri ölkədən qaçmalı oldular.

2010-cu illərdə daha çox vətəndaş informasiyanı sosial mediadan alırdı. Putin bu sahəyə də hücuma keçdi. 2014-cü ildə Kremlə yaxın maqnat Alişir Usmanov VKontakte sosial media şirkətini aldı. Bu platforma Facebook-un analoqudur. Usmanov ötən il Vkontakte-ni Sogas-a satdı. Bu şirkət qismən Putinin çoxdankı dostu Yuri Kovalçuka məxsusdur.

Senzuranın yeni səviyyəsi

Son illər Putin hökuməti ABŞ-ın Twitter, Facebook və Youtube sosial media platformalarını hədəfə alır, bəyənmədiyi kontentin çıxarılmasını tələb edirdi.

Son qadağalar dövlət senzurasını “tamamilə yeni səviyyəyə keçirir”, – Human Right Watch insan haqları təşkilatından Reyçel Denber AzadlıqRadiosu-na deyib.

“Əvvəllər sosial media platformalarından arzuolunmaz kontentin çıxarılmasını tələb edirdilərsə, indi fürsətdən yararlanaraq ölkədə informasiyaya tam nəzarətə alırlar. Onlar interneti repressiya zonasına çevirməyə başlayırlar”, – Denber söyləyib.

Instagram tarixən Facebook və Twitter-ə nisbətən daha az siyasi platforma hesab edilib. Burada kontent daha çox dəb, gözəllik, sənət növləri, səyahət, fotoqrafiyadan ibarətdir.

Rusiyada xeyli populyar olan bu şəbəkədə mağaza sahibləri, sahibkarlar, blogerlər bizneslərini, işlərini təbliğ edirlər.

“Böyük itki”

“Sadəcə, Instagram-ın 100 faiz analoqu yoxdur”, – Krasnodardan Instagram kontent yaradıcısı Anastasiya Kulikova deyir. O, Instagram vasitəsilə Rusiyaya “böyük məbləğdə pul” axdığını sözlərinə əlavə edir. Çünki izləyicilər bizneslərin, influenserlərin reklam etdiyi məhsulları, xidmətləri alırlar.

Kulikova bir çox bizneslərin, sahibkarların Instagram-dan yaxşı pul qazandığını və vergi ödədiyini söyləyir: “Bu bizim üçün böyük itkidir”.

Bəzi rəsmilər sosial mediadan pul qazananlara həqarət edib. Krasnodar regionunda Timaşevsk şəhərinin meri Nikolay Panin Instagram-ın bloklanacağı xəbərindən sonra blogerləri “ağıllı olmağa” çağırıb: “Yanımıza gəlin, iş yerlərimiz var – otbiçən, təmizlikçi, küçə süpürən. Sizi gözləyirik”.

Həbsdə olan müxalifətçi Aleksey Navalnı isə Instagram və digər sosial media vasitəsilə milyonlarla rusiyalı ilə əlaqə qururdu. O postunda yazıb ki, hakimiyyət sıravi adamları “anlamır”, Rusiyada orta sinif və yaşamaq uğrunda mübarizə aparanlar sosial mediadan dolanırlar.

Xaricdəki influenserlər müharibədən yazır

Artıq milyonlarla izləyiciləri olan bir sıra qlobal influenserlər, atletlər, kino ulduzları müharibə haqda yazırlar.

Rusiyada 80 milyonadək insan Instagram istifadəçisidir, bu isə əhalinin yarıdan çoxu deməkdir. Bu istifadəçilərin 80 faizi ölkədən kənarda yaşayanları izləyir.

Britaniyanın 71 milyon istifadəçisi olan futbol əfsanəsi Deyvid Bekhem martın 20-də bildirib ki, Instagram lentini Ukraynanın şərqindəki Xarkov şəhərində yerləşən regional perinatal mərkəzin başçısına verəcək. Xarkov müharibə başlayandan Rusiyanın ən qəddar hücumlarına məruz qalıb.

Ukrayna Prezidenti Volodimir Zelenski də gündə bir neçə dəfə Instagram-da post yerləşdirir, bəzən də rus dilində olur, müharibədə ən son baş verənləri paylaşır.

Abunəçiləri digər platformaya yönəltmək

Roskomnadzor gözlənən qadağanı açıqlayandan az sonra Moskvada yaşayan, Putini və onun Ukraynaya qarşı müharibəsini dəstəkləyən selebriti Tina Kandelaki postunda yazıb ki, “Instagram Rusiyada son saatlarımı yaşayır”. O, 3.1 milyonluq izləyicisini özünün Vkontakte və Telegram hesablarına abunə olmağa çağırıb.

Kandelaki martın 11-dən Instagram-da paylaşım etməyib.

Digər influenserlər də abunəçilərini o biri platformalara yönətlməyə çalışırlar, amma bu, çətin prosesdir, Kulikova deyir.

Telegram-da paylaşım lenti yoxdur, yaxud çoxları Vkontakte-ni müasir saymırlar.

Kulikova rusiyalıların tədricən platformadan gedəcəyini gözləyir.

Pul qazanmaq mümkün olmayacaq

Rusiya vətəndaşları VPN-lə platformadan istifadəyə görə cəzalandırmayacaq, amma daha bu yolla pul qazanmaq mümkün olmayacaq. Rusiya şirkətləri də Instagram və Facebook-da reklam verə bilməyəcəklər, bu zaman ekstremizmi maliyyələşdirmiş kimi görünəcəklər. Rusiyalı istifadəçilər bu platformaların heç birində nəsə alıb-sata bilməyəcəklər.

Dağıstandan fotoqraf Maqomed Şapiyev radioya deyib ki, Instagram onun həyatnı “tamamilə dəyişib”.

2013-cü ildən hesabında Dağıstanın dağları, kəndlərinin fotolarını yerləşdirəndən onun izləyiciləri 168 minə çatıb. Şapiyevin populyarlığı onun sevdiyi işdən pul qazanmasına imkan verib.

O deyir ki, özü kimi məhsuldar istifadəçilərin telefonda Instagram tətbiqini açaraq post yerləşdirməyi tərgitməsi “çox vaxt alacaq”. “Instagram-dan heç getmək istəmirəm”, – Şapiyev söyləyir.

XS
SM
MD
LG