Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:22

Deputatlar Zakir Qaralova təşəkkür etdilər


Zakir Qaralov
Zakir Qaralov

Deputatlar Əli Hüseynli, Fəzail Ağamalı, Çingiz Qənizadə, Məlahət İbrahimqızı, Tahir Kərimli, Qüdrət Həsənquliyev, Rafael Cəbrayılov və Rövşən Rzayev cinayət qanunvericiliyinə yeni təkliflərinə görə baş prokuror Zakir Qaralova təşəkkürlərini ifadə ediblər.

Bu haqda parlamentin mətbuat xidməti xəbər verir.

Xəbərdə bildirilir ki, noyabrın 16-da parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında deputatlar sosial mediada, internet resurslarında prezidentin, onun ailə üzvlərinin şərəf və ləyaqətinin alçaldılmasının yolverilməz olduğunu vurğulayıblar.

ƏLİ HÜSEYNLİ: TƏKLİFLƏR MÜTƏRƏQQİ MƏZMUNLUDUR

Komitənin sədri Əli Hüseynli Cinayət Məcəlləsinə və Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı baş prokuror Zakir Qaralovun imzası ilə təkliflərin daxil olduğunu bildirib. O, qeyd edib ki, layihələrdə vətəndaşların, xüsusilə də ölkə başçısının şərəf və ləyaqətinin qorunmasının tənzimlənməsi, böhtana, təhqirə görə cəzaların sərtləşdirilməsi nəzərdə tutulur.

Komitə sədrinin fikrincə, təkliflər mütərəqqi məzmundadır.

Müzakirələr zamanı deputatlar da baş prokurorun təklifini dəstəkləyiblər. Hətta bəzi deputatlar dəyişikliklərin çərçivəsinin genişləndirilməsini təklif ediblər.

QÜDRƏT HƏSƏNQULİYEV: BİRİNCİ XANIM DA QORUNMALIDIR

Modern.az xəbər verir ki, deputatlardan Qüdrət Həsənquliyev deyib ki, prezidentin şərəf və ləyaqətinin qorunması ilə bağlı müddəalar ölkənin Birinci xanımı ilə bağlı da qəbul edilməlidir. «Ölkənin Birinci xanımı dünya səviyyəsində tanınır. Birinci xanım statusdur. Bundan başqa, hesab edirəm ki, həyat yoldaşına qarşı təhqiramiz ifadələr, şərəf və ləyaqətin alçaldılması kimi hərəkətlər elə şəxsin özünə qarşı edilmiş deməkdir», - deputat deyib.

Deputat həmçinin, bu məsələlərin eks-prezidentlərə də şamil edilməsinin vacibliyindən danışıb.

Baş prokuror Zakir Qaralov Milli Məclisə qanunvericilik təşəbbüsü ilə müraciət edib. Onun təkliflərində prezidentin şərəf və ləyaqətini ləkələməyə, alçaltmaya görə məsuliyyətin ağırlaşdırılması istənilir.

Baş prokurorun digər təklifi Cinayət Məcəlləsinə 148-1 (İnternet informasiya ehtiyatında saxta adlar, profil və ya hesablardan istifadə edərək, böhtan atma və ya təhqir etmə) maddəsinin salınması ilə bağlıdır. Həmin maddəyə görə, saxta adlarla böhtan və ya təhqirə görə 1000 manatdan 1500 manatadək cərimə nəzərdə tutulur. Üstəlik, həmin şəxs 360 saatdan 480 saatadək ictimai iş, yaxud 2 ilədək islah işləri və ya 1 ilə qədər həbs cəzası ala bilər.

Media hüququ sahəsində ekspertlər bu təkliflərin əleyhinə olduqlarını açıqlayıblar. Onların fikrincə, dəyişikliklərin dəstəklənməsi ifadə azadlığı hüququna ciddi təhlükələr yarada bilər.

XS
SM
MD
LG