Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:26

İran və Ermənistan yük maşınları üçün sərhəd rüsumlarını qarşılıqlı ləğv edir


Meğri sərhəd postundakı yük terminalı
Meğri sərhəd postundakı yük terminalı

Yerevan və Tehran yük maşınlarından dövlət sərhədini keçərkən alınan rüsumları qarşılıqlı qaydada ləğv edəcəklər.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bu siyasi razılaşma barədə məlumat Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanın və İranın yollar və şəhərsalma naziri Mehrdad Bəzrpaşın görüşü zamanı verilib.

Sanosyan izah edib ki, bu razılaşmaya əsasən İran ərazisindən tranzit kimi istifadə edərək üçüncü ölkələrə gedən Ermənistan yük maşınlarından sərhəd rüsumu alınmayacaq. Ermənistan ərazisindən tranzit kimi istifadə edən İran yük maşınlarına da eyni qayda şamil ediləcək.

İran naziri isə vurğulayıb ki, yeni qayda hər iki tərəf üçün sərfəli olacaq, çünki yük maşınlarının daşıdığı mallar istehlakçıya daha ucuz qiymətə çatdırılacaq.

Azatutyun yazır ki, bu razılaşmanın nə vaxtdan tətbiq olunacağı hələ ki, məlum deyil. Bunun üçün yeni qaydanın qanunvericilik aktı səviyyəsində təsdiqi tələb olunur.

Rüsumlar

Məlumatda deyilir ki, hazırda Ermənistan sərhədini keçən İran yük maşınları ekoloji və dövlət rüsumlarından başqa, həm də 250 dollar civarında yol vergisi ödəyirlər.

İki ölkə arasında əldə olunmuş razılaşma məhz bu ödənişlərə aiddir.

Bundan əvvəl Ermənistan İranın yük maşınları üçün müəyyən vergi güzəştləri edib.

2018-ci ildə Ermənistan hökuməti yüklərini Meğri vergi ərazisində boşaldan İran maşınlarını yol vergisindən azad etmişdi.

Lakin üç il sonra Ermənistan hökuməti bu güzəştləri ləğv etmişdi.

Azatutyun yazır ki, Meğridə İrandan gələn maşınların 10-15 faizinin yükü boşaldılır. Halbuki İrandan Ermənistanın başqa rayonlarına gedən yük maşınları 250 dollar məbləğində rüsum ödəməli olurdular.

XS
SM
MD
LG