Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:52

İranlıların ‘hicab polisinə’ müqaviməti güclənir


Çadralı hicab polisi qaydanı pozan gənc qadını saxlayıb (Foto arxivdəndir)
Çadralı hicab polisi qaydanı pozan gənc qadını saxlayıb (Foto arxivdəndir)

AzadlıqRadiosunun müxbiri Golnaz Esfandiari yazır ki, İranın əxlaq polisi illərdir ki, hicab qaydasına tam riayət etməyən qadınların qısnanmasını və incidilməsini həyata keçirir.

Bu polis baş örtüyünün altından azacıq saçları görünən qadınları cərimə edir. Ən pis hallarda isə “hicab qanununu” pozmağa görə həbsxanaya da sala bilərlər.

Lakin fevralın 15-də həmin bu polis Tehranın Narmək məhəlləsində iki qadını saxlayanda hiddətlənmiş iranlılar polis avtofurqonuna hücum çəkiblər. O qədər hiddətli hərəkət ediblər ki, polis camaatın qəzəbindən qorxaraq həmin iki qadını sərbəst buraxıb.

İlk öncə sosial mediada yayılan və sonradan hakimiyyət orqanları tərəfindən baş verdiyi təsdiqlənən bu hadisə cəmiyyətin 1979-cu ilin İslam inqilabından bəri İran şəhərlərinin küçələrində patrul keşiyi çəkən “əxlaq polisindən” nə dərəcədə bezikdiyini və cana yığıldığını göstərir.

Sosial media istifadəçilərinin əksəriyyəti iki qadını polisin əlindən qoparanları alqışlayıblar. Adamlar polisin cəngindən təkcə qadınları yox, həm də polis maşınının qapısını qoparıblar.

Twitter istifadəçisi Assal Banoo yazır: "Biganə qala bilməyib polisin qapısını qoparanlara eşq olsun! Biz ötən 40 ildə də bir birimizin arxasında belə möhkəm dayansaydıq, bu gün vəziyyətimiz belə olmazdı”.

Başqa bir istifadəçi Marzieh S. yazıb ki, dialoqun mümkün olmadığı hallarda ən realist yol elə polisin maşınına ziyan vurmaqdır:

“Vətənddaş itaətsizliyi dialoqun mümkün olmadığı hallarda başlanır. Bu polislərlə hansı dialoq ola bilər?”

Sosial mediada geniş yayılmış videoda izdihamın əhatəyə aldığı ağ polis maşını görünür. Ətrafdakı maşınların sürücüləri etirazla həmrəylik olaraq aramsız siqnal verirlər.

Yer-yerdən etiraz səsləri eşidilir: “Qadınları buraxın”. Sonra güllə səsləri də gəlir.

Fevralın 16-da bir polis rəsmisi IRNA agentliyinə deyib ki, polis kütləni dağıtmaq üçün havaya atəş açıb.

Həmin rəsmi, polis maşınının qapısının qopardılmasını da təsdiq edib və deyib ki, qadınlar buraxılandan sonra izdiham dağılışıb.

Esfandiari yazır ki, ötən dörd onillikdə minlərlə qadın rejimin zülmünə və qısnamalarına beləcə hicab qaydalarını pozmaqla səssiz etiraz edib. İran qadınları makiajları, başlarına bağladıqları yaylıqların ölçüsünü getdikcə azaltmaqla bu etirazı bir az da gücləndiriblər.

Son 15 ayda bu etirazlar daha səsli, daha güclü olmağa başlayıb. Onlarca qadın ictimai yerlərdə baş örtüklərini nümayişkəranə şəkildə açıblar. Hicab İslam Respublikasının əsas sütunlarından, onun ən gözə çarpan rəmzlərindəndir və indi müqavimətin hədəfinə çevrilib.

İndi hətta ən populyar internet saytları da qadınların müqavimətinə dəstək verirlər. Əsre-İran saytı yazır ki, “ümumiyyətlə “əxlaq polisinin" mövcudluğunun məqsədəuyğunluğu məsələsinə baxmağın vaxtı çatıb”.

Sayt bildirir ki, Narmək məhəlləsində baş vermiş insident yenidən meydana çıxa, “baş örtüyünün altından görünən üç-dörd qadın teli dini hakimiyyət üçün böyük problemlər yarada bilər”.

XS
SM
MD
LG