Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:02

Bakıda ev alan və kirayə götürən İran vətəndaşlarının sayı çoxalıb


Tehrandakı Qadın Polis Akademiyasının məzunları buraxılış mərasimində, 13 mart 2006
Tehrandakı Qadın Polis Akademiyasının məzunları buraxılış mərasimində, 13 mart 2006
Son iki ayda Bakıda ev alan və kirayə götürən İran vətəndaşlarının sayı çoxalıb. Bakının Nizami küçəsindəki ev alqı-satqı mərkəzindən bildirdilər ki, İrandan gələnlər daha çox kirayə ev istəyirlər. Alqı-satqı firmalarının əksəriyyətində iranlıların Bakıya gəlməsini Novruz bayramı ilə əlaqələndirsələr də, bunu Amerika ilə İran arasındakı gərginliklə bağlayırlar da az deyil.

Bakının Əhmədli qəsəbəsindəki ev alqı-satqı firmasında çalışan Elxan Qurbanovun dediyindən belə aydın oldu ki, iranlıların ev kirayələməsi təxminən iki aydır ki, çoxalıb. Onun dediyinə görə, bu müddətdə onlara 50-yə yaxın iranlı müraciət edib. Əksəriyyətin kirayə ev axtardıqlarını deyən həmsöhbətimin bildirdiyinə görə, onlardan 5-6 nəfəri Bakıda ev almaq fikrində olduğunu söyləyib. Ev almaq istəyənlərin əksəriyyəti çoxdan Bakıda müxtəlif şirkətlərdə işlədiklərini deyiblər.


Elxan Qurbanov deyir ki, kirayə ev axtaranlar əsasən 5-10 günlüyə turist kimi gələnlərdir. Bu isə mənzil kirayəsi bazarında qiymətlərə təsirsiz ötüşməyib. Əvvəllər bir günü 15-20 dollar olan mənzillərin qiyməti indi 25-30, hətta 35 dollara qalxıb.


İran vətəndaşlarının Bakıda necə ev almalarına gəlincə, həmsöhbətim deyir ki, bu müxtəlif formalarda həyata keçirilir. Bəziləri evləri öz, digərləri də qohumlarının adına sənədləşdirirlər.


Qanunvericilikdə xarici vətəndaşların Azərbaycanda mənzil almasına məhdudiyyət qoyacaq hər hansı bir hal yoxdur. Sadəcə, ölkə vətəndaşlarından fərqli olaraq Azərbaycanda ev almaq istəyən əcnəbilər daha çox dövlət rüsumu ödəməlidir.


Mənzildən fərqli olaraq qanunvericilik əcnəbi vətəndaşın Azərbaycanda torpaq almasına imkan vermir. Hətta torpaq kimdənsə miras kimi qalsa belə, bir il ərzində özgəninkiləşdirilir.


İrandan Azərbaycana gələnlərin son iki-üç ildə artdığını dövlət qurumları da təsdiqləyirlər. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, 2005-ci ildə qaçqın statusu almaq üçün quruma 41 nəfər, bu ilin iki ayı ərzində isə 22 nəfər müraciət edib. 2003-cü ildə qaçqın statusunun alınmasıyla bağlı bir nəfər də olsun iranlı qaçqın Komitəyə müraciət etməyib, 2004-cü ildə isə müraciət edənlərin sayı 14 nəfər olub.


Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Beynəlxalq Əlaqələr, İnformasiya və Mətbuat Xidməti Departamentinin direktoru Sənan Hüseynovun dediyinə görə, 2005-2006-cı illərdə onlara ən çox müraciət edənlərin əksəriyyəti İrandan gələn qaçqınlar olub. Cənab Hüseynov deyir ki, onlar Azərbaycanda qaçqın statusu almaq istəyərkən bunu ən çox öz ölkələrində hüquqlarının pozulmasıyla əlaqələndirirlər. Son günlər müraciət edənlərin ərizələrində isə, Amerika ilə İran arasında gərginliyi əsas gətirənlər də var.


BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığının Bakı Nümayəndəliyi isə iranlı qaçqınların son vaxtlar çoxalmasını və bu barədə yayılan məlumatları nə təkzib, nə də təsdiq edir.


İranın Azərbaycandakı səfirliyi isə yayılan məlumatlarla razı deyil. Səfirliyin mətbuat katibi Məcid Fəzullahi deyir ki, Novruz bayramı ilə bağlı İranda 20 gündən çox tətil olur. Bu vaxt iranlılar təkcə Azərbaycana yox, müxtəlif ölkələrə gəzməyə gedirlər. İndi Azərbaycana gələn iranlılar da bu ölkəyə turist kimi səfər edənlərdir.


Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev isə, onlara müraciət edən iranlı qaçqınların sayında az da olsa çoxalmanın müşahidə olunduğunu deyir. Onun sözlərinə görə, həmin qaçqınların içərisində Amerika ilə İran arasındakı münasibətləri qabardanlar da var.


Sonda onu da deyək ki, Azərbaycana gələn İran vətəndaşları ilə söhbət etmək və onların fikirlərini də reportajda səsləndirmək istəsək də, onlar təhlükəsizlikləri baxımından bundan imtina etdilər.


XS
SM
MD
LG