Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:45

"İşgəncələr daha çox MTN-də verilib"


İllüstrasiya
İllüstrasiya

►BMT Azərbaycanı işgəncələrə görə tənqid edir, məhbus valideynləri imdad diləyir, rəsmilərsə razılaşmır...

BMT Azərbaycanı işgəncələrə görə tənqid edib. Qurum son illər hüquq-mühafizə orqanlarından yüzlərlə işgəncə şikayətilə bağlı bircə şəxsin belə cəzalandırılmamasından narahatdır. BMT komitəsi bildirir ki, Azərbaycan hökuməti son bir neçə ildə təcridxanalarda yüzlərlə işgəncə iddiasına baxmayaraq, bircə işgəncə halını belə araşdırmayıb.

“Özümü düşərgə tozu kimi hiss edirəm” – bu, bugünlərdə şərti cəza ilə azadlığa buraxılan hüquq müdafiəçisi Leyla Yunusun sözüdür. O Leyla Yunus ki, həbsdə olduğu 16 ay müddətində dəfələrlə işgəncəyə məruz qaldığını bildirib, hətta məhkəmə proseslərində işgəncə izlərini də göstərib. Leyla Yunus həbsdə işgəncəyə məruz qaldığını deyən yeganə məhbus deyil. Mətbuatda REAL sədri İlqar Məmmədovun da döyülməsi, dişinin sındırılması barədə məlumatlar yer alıb.

Buna da bax: «Məni tutmaq üçün atamı girov götürüblər»

“MÜRACİƏT ETMƏKDƏN YORULMUŞAM”

Bəhruz Hacıyev
Bəhruz Hacıyev

İşgəncədən şikayətçi həm də heç bir siyasi, ictimai fəallığı olmayan məhbuslar və onların yaxınlarıdır. Bu ilin avqustunda Mingəçevirdə Bəhruz Hacıyev olayı baş verdi. Narkotik vasitələrin satışında və istifadəsində şübhəli bilinən bu gənc Mingəçevir Şəhər Polis Şöbəsinə gətirildi və az sonra intihar xəbəri yayıldı. Rəsmi məlumatda onun özünü pəncərədən atdığı bildirilirdi. Atası isə bu deyilənləri “yalan” adlandırır. Dilsuz Hacıyev deyir ki, oğluna şöbədə işgəncə verilib, hətta bədənində elektroşok izləri də var, amma bu fakt gizlədilir. Atanın dediyinə görə, aylardır ki, oğlunun işgəncəyə məruz qalması faktının araşdırılması ilə bağlı döymədiyi qapı qalmayıb:

“Müraciətlər etməkdən artıq yorulmuşam. Oğlum şöbədə öldürülüb, onun işinə düzgün baxılmır. Uşağın böyründə qara nöqtələr – elektoşok yerləri var, amma bu məsələni üzə çıxarmaq istəmirlər. Prokurorluqdan şikayət edirəm, şikayət ərizələrimi yenidən baxılmaq üçün prokurorluğa göndərirlər. Bu, necə mümkündür? Bundan sonra nə edim, sözümü kimə deyim? Göz görə-görə oğlumun qanını batırırlar”.

Buna da bax: Sahibkarlara seçim haqqı verildi...

“BU VƏTƏN MƏNƏ MƏHBƏSDİR”

12 il müddətinə azadlıqdan məhrum edilən və artıq cəzasının 11 ilini çəkmiş məhbus Elşən Paşayevin anası da həbsxanada oğluna işgəncə verildiyini iddia edir. 37 yaşlı Elşən Paşayev qəsdən adamöldürmədə təqsirli bilinib. Cəzasını 1 saylı cəzaçəkmə müəssisəsində çəkir. Anasının dediyinə görə, həbsxanada məhbus haqlarının tanınmasını tələb etdiyindən dəfələrlə işgəncəyə məruz qalıb. Anası deyir, hətta həbsxanadan “oğlunun buradan sağ çıxacağını görməyəcəksən, meyitini verəcəyik sənə” mesajları da alıb:

“Bu barədə Azərbaycanın bütün hüquq-mühafizə orqanlarına şikayət etməyimə baxmayaraq, heç yerdə qəbul edilməmişəm. Hər yerdə qarşıma bir baryer çəkilir. Nə Baş Prokurorluq, nə Ədliyyə Nazirliyi, nə Ali Məhkəmə, nə də başqaları şikayətimə baxır. Hamısından bezmişəm. Oğlumun meydini görməmiş istəyirəm bir xilaskar tapılsın və məni Azərbaycandan çıxarsın. Bu vətən mənə də, 13 nəfər ailə üzvümə də məhbəs oldu”.

İŞGƏNCƏYƏ MƏRUZ QALANLARDAN 3-Ü AZYAŞLI, 13-Ü QADINDIR

İşgəncələrə qarşı Azərbaycan Komitəsi də hər il onlara olunan işgəncə müraciətləri ilə bağlı hesabat yayır. Komitənin sədri Elçin Behbudov bu yaxınlarda rəhmətə getdiyindən qurum hazırda fəaliyyətinə fasilə verib. Amma 2014-cü ilin hesabatına əsasən, komitəyə 112 nəfər işgəncə, qismən qeyri-insani rəftarla bağlı müraciət edib. Onlardan üçü azyaşlı, 13 nəfəri isə qadın olub. Dörd nəfər isə saxlanma yerində dünyasını dəyişib.

“EKSPERT RƏYİ DƏ TƏSDİQ EDİR Kİ...”

İldən- ilə işgəncə faktlarının artdığını deyən hüquqşünas, vəkil Elçin Sadıqov son zamanlar bu cür halların hətta ekspert rəyi ilə də təsdiq olunduğunu bildirir. Amma:

“Ekspert rəyi ilə təsdiq olunsa belə, obyektiv araşdırılma aparılmır. Bizim Bakı İstintaq Təcridxanasına köçürülən şəxslərin bədənlərində xəsarətlər aşkarlamamızla bağlı dəfələrlə müraciətlərimiz olub, şəxs özü də döyüldüyünü bildirib, amma bu halların heç biri ədalətli araşdırılmayıb”.

Elçin Sadiqovun fikrincə, işgəncə hallarını araşdıracaq bir komissiyanın yaradılmasına ehtiyac var. Vəkil düşünür ki, bu komissiya dövlət qurumu, o cümlədən Baş Prokurorluğun tərkibində də yaradıla bilər, amma vacib olan həmin komissiyaya hər hansı müdaxilənin, təzyiqin olmamasıdır.

Buna da bax: Keçmiş nazir müavini məhkəmədə: “Lazım gəlsə..."

“İŞGƏNCƏLƏR DAHA ÇOX MTN-DƏ VERİLİB”

Fazil Mustafa
Fazil Mustafa

Ortada şikayətlər, tənqidlər, hətta bir çox halda faktlar olsa da, rəsmi qurumlar bir qayda olaraq işgəncə halları ilə bağlı deyilənləri təkzib edirlər. Konkret BMT-nin sözügedən hesabatına Daxili İşlər Nazirliyindən münasibət almaq istəsək də, cəhdimiz baş tutmadı. Bu mövzuda müraciət etdiyimiz millət vəkilləri də danışmaq istəmədi. Parlamentin İnsan hüquqları komitəsindən Fazil Mustafa isə işgəncə ilə bağlı müraciətlərə laqeyd yanaşılması fikri ilə razılaşmadı:

“Daxili İşlər Nazirliyinin ara-sıra verdiyi açıqlamalarda bildirilir ki, polis işçiləri bu və ya digər səbəbdən cəzalandırılıb. Bunun nə dərəcədə işgəncə ilə əlaqəli olduğu açıqlanmır, amma mümkündür ki, məhz elə bu faktlara görə baş verir. Son zamanlar fikir verirsizcə, daha çox Milli Təhlükəsizlik Nazirliyində işgəncələrin verilməsi faktları cəmiyyətə çatdırıldı. Onunla bağlı da prokurorluq orqanları cinayət işi açıb və işgəncə tətbiq edənlərlə bağlı araşdırılma aparılır. Bu araşdırmanın nə dərəcədə obyektiv olduğunu demək üçün nəticəni gözləmək lazımdır”.

“Qanunvericilikdə hər cür işgəncəyə görə cəza növləri nəzərdə tutulub. Qanunun icrası problemin həlli üçün kifayətdir” – bu isə əksər ekspertlərin rəyidir. Cinayət Məcəlləsi xidməti vəzifəsini yerinə yetirən, işgəncə və qeyri-insani rəftara yol verən və ya belə bir əmələ təhrik edən, razılıq verən dövlət orqanının vəzifəli şəxsi üçün bu cəzanı nəzərdə tutur:

3 min manatdan 4 min manatadək cərimə;

3 ilədək vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə.

XS
SM
MD
LG