Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:42

İstirahət mərkəzində hovuzda cərəyandan iki nəfər ölüb


Hadisə İsmayıllının Sumağalı kəndi yaxınlığında yerləşən “Green House” istirahət mərkəzində baş verib. (screenshot)
Hadisə İsmayıllının Sumağalı kəndi yaxınlığında yerləşən “Green House” istirahət mərkəzində baş verib. (screenshot)

İyulun 7-i axşam saatlarında​ İsmayıllı rayonundakı istirahət mərkəzlərindən birində dincələn turistlərdən 2-si hovuzda çimərkən elektrik cərəyanı vurması nəticəsində ölüb, iki nəfərsə xəsarət alıb.

Bu barədə İsmayıllı rayon prokurorluğundan bildiriblər.

Hadisə rayonun Sumağalı kəndi yaxınlığında yerləşən “Green House” istirahət mərkəzində baş verib.

Buna da bax: ​Türkiyədə və Azərbaycanda istirahət yerlərinin əsas fərqləri (Fotolar)

İstirahət edənlər hovuzda çimərkən qəflətən suya birləşən elektrik cərəyanı onları vurub. Hovuzun içərisində rəngli işıqların və su motorunun olduğu, cərəyanın da həmin qurğuların nasaz naqilləri vasitəsilə suya birləşdiyi ehtimal edilir.

Hadisə nəticəsində Bakı şəhər sakinləri Emin AdıgözəlovGülhüseyn Quliyev vəfat ediblər, Zaqatala sakini Eltəkin Ömərov və Bakı şəhər sakini Zakir Əliyev xəstəxanaya yerləşdirilib.

Prokurorluqdan hər iki xəstənin durumunun yaxşı olduğu deyilib.

Baş Prokurorluğun mətbuat xidməti İsmayıllıdakı istirahət mərkəzində baş verən ölüm hadisəsi ilə bağlı bildirir ki, rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Buna da bax: Epidemiologiya mərkəzi: 'Şıx' və 'Sahil' çimərlikləri təhlükəlidir

Hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi məqsədi ilə iş üzrə ekspertizalar təyin edildiyi, təqsiri olan, eləcə də texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifələri həvalə edilmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri addım atıldığı deyilir.

Buna da bax: "Dənizin ölümünə görə dayəyə 2 il həbs kəsildi"

XATIRLATMA

2014-cü ilin mayında da “Hər fəsil” istirahət əyləncə mərkəzində Bakı Oksford Məktəbinin müəllim və şagirdlərinin əyləndiyi elektromobil (elektrokar) aşmış, nəticədə 10 yaşlı Dəniz Qorçu hadisə yerindəcə ölmüşdü. Məktəbin digər şagirdiləri Ayla Hacızadə, Dinara Muxtarova və 1971-ci il təvəllüdlü Aytən Əzizova müxtəlif bədən xəsarətləri almışdılar.
Baş vermiş faciədə məktəblilərdən birinin dayəsi, elektrokarı idarə edən Aytən Əzizova təqsirli bilinmişdi. O cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il müddətinə azadlıqdan məhrum edilmişdi.

2013-cü ilin iyulunda isə Xaçmazın Seyidli kəndindəki «Nabran Holiday Village» istirahət mərkəzində hovuzda çimərkən 2 yaşlı İmran Cəfərov ağır xəsarət almışdı. Buna səbəb kimi yaxınlıqdakı su çəkən qurğunun işlək vəziyyətə gətirdiyi, su borusunun ağzında qoruyucu barmaqlıq olmadığı göstərilirdi. Nəticədə körpənin sol ayağı zədələnmiş, sağ ayağını dizdən aşağı itirmişdi. O zaman istirahət mərkəzinin lisenziyası ləğv olunmuş, uşaq dövlət hesabına müalicəyə götürülmüşdü.

Buna da bax: ​Bakıda 'mentaliletə uyğun deyil' deyə, hostel bağlanıb [video]

Cinayət Məcəlləsinin «əmək mühafizəsi qaydalarını pozma» və «səhlənkarlıq» maddələri ilə cinayət işi başlanmışdı.

Mədəniyyət və Turizm nazirliyi isə istirahət mərkəzlərində hovuzlardan təhlükəsiz istifadə qaydaları hazırlayaraq 5 gün ərzində icra olunması məqsədilə sahibkarlara göndərdiyini açıqlamışdı. Qaydalar icra olunmadığı təqdirdə müəssisə turistlərin təhlükəsizliyinin təmin edilməməsi səbəbilə müvafiq sanksiyalara məruz qalacağı, hətta müəssisənin fəaliyyətinə xitam veriləcəyi deyilirdi. Bu qaydalara əməl olunmasına nəzarət Mədəniyyət və Turizm nazirliyinin əməkdaşları tərəfindən «məxfi qonaq» sistemi üzrə həyata keçirilməliydi.

Buna da bax: Nabranda yaralanmış uşağın müalicəsini dövlət üzərinə götürüb

“CTF” firmasının və «Nabran Village Holiday»in direktoru Rəşad Zərbəliyev, icarəçi Firdovsi İbrahimov və hovuz xidmətçisi Aslan Hacıməmmədkərimov 4, digər icarəçi Ramiz Əhmədov 7 il azadlıqdan məhrum edilmişdilər.

XS
SM
MD
LG