Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:28

BMT-nin hesabatına görə, Qəzzanın quzeyində yaşayanları qaçılmaz aclıq gözləyir


Fələstinli uşaqlar Rəfahda qida ehtiyatı çatışmazlığı şəraitində xeyriyyə mətbəxi tərəfindən bişirilən yeməyi almağı gözləyirlər.
Fələstinli uşaqlar Rəfahda qida ehtiyatı çatışmazlığı şəraitində xeyriyyə mətbəxi tərəfindən bişirilən yeməyi almağı gözləyirlər.

BMT-nin hesabatında deyilir ki, Qəzzanın quzeyində aclığın yayılması qaçılmazdır. Bu ərazidə əhalinin 70 faizə qədəri faciəvi aclıqla üz-üzədir. Hesabatda vurğulanır ki, dərhal atəşkəsə nail olunmasa və yardımlar artırılmasa, ölüm halları ciddi ölçüdə çoxalacaq.

BMT Qida Təhlükəsizliyi üzrə Birləşmiş Faza Təsnifatı (IPC) təşəbbüsünün dəyərləndirmələrindən yararlanıb. IPS bildirir ki, Quzey Qəzzanın bəzi yerlərində sakinlərin təxminən ¾-ü qida qıtlığının ən ağır səviyyəsi ilə üz-üzə qalıb. BMT hesabatında deyilir ki, indiki durum 20 faizlik aclıq həddini çoxdan keçib.

Hesabat Quzey Qəzzanın iki bölgəsində yaşayanların indi ilə may arasında aclıqla üzləşəcəyinə və sakinlərin aclıqdan öləcəyinin qaçılmaz olacağına, hətta 4 yaşından kiçik uşaqların artıq ölmüş ola biləcəyinə diqqət çəkir. Bütövlükdə Qəzzada 1.1 milyon fələstinli, yəni toplam əhalinin yarıya qədəri qida qıtlığının "faciəvi" səviyyəsi ilə üz-üzədir. Qida qıtlığının ən dəhşətli həddi sayılan bu səviyyə Qəzzada aclığın dekabrda dərc olunmuş son hesabatda göstəriləndən iki dəfəyə yaxın artmasından xəbər verir. IPC bildirir ki, bundan daha pis ssenari Mərkəzi və Güney Qəzzanın da iyul ayınadək aclıqla üzləşə biləcəyidir.

"Bu, başdan-başa insanın yaratdığı fəlakətdir"

"Aclığın önünün kəsilməsindən ötrü gərəkən addımlar atəşkəs üçün dərhal siyasi qərarın verilməsini, humanitar yardımın ciddi və dərhal artırılmasını və bütün Qəzza əhalisinin ticari xidmətlərə çıxışının təmin olunmasını tələb edir. Qida, su və dərmanla təminat, mülki şəxslərin qorunması, eləcə də sağlamlıq, sanitariya xidmətləri və enerjinin bərpası və təchizatı üçün bütün səylər göstərilməlidir", - IPC hesabatında belə deyilir.

Son 13 ildə cəmi iki dəfə aclıq elan edilib: 2011-ci ildə Somalinin və 2017-ci ildə Güney Sudanın bəzi yerlərində. Bu müddət boyunca Yaxın Şərqdə heç vaxt aclıq elan edilməyib. Hesabatda deyilir ki, uyğun qurumların yardımı çatdırmaq imkanlarının məhdud olması ciddi sonuclar doğurub. BMT və Avropa Birliyi (AB) İsraili süni aclıq yaratmaqda ittiham edir.

Fələstinlilər Qəzza şəhərinə humanitar yardım havadan buraxılarkən küçə boyu qaçırlar.
Fələstinlilər Qəzza şəhərinə humanitar yardım havadan buraxılarkən küçə boyu qaçırlar.

"Bu, başdan-başa insanın yaratdığı fəlakətdir və hesabat onun dayandırıla biləcəyini aydın göstərir", - BMT-nin baş katibi Antonio Quterreşin qurumun Nyu-Yorkdakı Baş Qərargahında jurnalistlərə söylədiyi sözlərdir. O, İsraili bütün Qəzzada humanitar mallara çıxışı təmin etməyə çağırıb.

Çox sayda diplomat, yardım təşkilatları və insan haqları qrupları kimi Quterreş də İsrailin aclıqdan silah kimi yararlandığını (bu isə savaş cinayətidir) deyib.

"Aclığı İsrail törədir"

"Aclıqla öldürmə savaş silahı kimi istifadə edilir. Aclığı İsrail törədir", - AB-nin xarici siyasət qurumunun rəhbəri Jozep Borrel bu həftə Brüsseldə Qəzzaya humanitar yardıma həsr olunmuş konfransın açılışında belə deyib və əlavə edib: "Qəzza savaşdan öncə ən böyük açıq hava həbsxanası idi. Bu gün o ən böyük açıq hava məzarlığıdır".

"…Aclığın qarşısını almaq üçün dar bir nəfəslik qalıb və bunu etmək üçün bizə quzeyə dərhal və tam giriş lazımdır. Aclıq elan edilənədək gözləsək, gec qalacağıq. Daha minlərlə insan ölmüş olacaq", - BMT Ümumdünya Qida Proqramının (WFP) icraçı direktoru Sindi Makkeynin sözləridir.

Britaniyanın "Oxfam" təşkilatı da Qəzzada misli görünməyən aclıq səviyyəsi olduğunu deyir. "Biz daha öncə heç vaxt aclığın belə sürətlə geniş yayılaraq ağır həddə çatdığını görməmişik. İsrail sistemli şəkildə iztirab mənzərəsi yaradır. Acı gerçəklər Qəzzada real soyqırımı riski yaradacaq miqyasda və intensivlikdədir", - "Oxfam"ın müvəqqəti baş icraçı direktoru Alima Şivci deyir.

İsrailin xarici işlər naziri İsrael Kats belə ittihamlara etiraz edərək cənab Borrelin "İsrailə hücum etməyi dayandıraraq bizim HƏMAS-ın cinayətlərinə qarşı özünümüdafiə hüququmuzu tanımalı" olduğunu deyib. Katz X-də yazıb ki, İsrail kömək etmək istəyən hər kəsin Qəzzaya quru, hava və dəniz yolu ilə geniş humanitar yardım gətirməsinə imkan yaradıb.

İsrailin Qəzza zolağının bombardmanı nəticəsində didərgin düşmüş fələstinli ana və ata Əl-Əqsa xəstəxanası yaxınlığındakı müvəqqəti çadırda yeni doğulmuş qızları ətrafında oturublar.
İsrailin Qəzza zolağının bombardmanı nəticəsində didərgin düşmüş fələstinli ana və ata Əl-Əqsa xəstəxanası yaxınlığındakı müvəqqəti çadırda yeni doğulmuş qızları ətrafında oturublar.

"Süd verən analar..."

Fələstin səhiyyə qurumlarının məlumatına görə, HƏMAS-ın 7 oktyabr hücumuna cavab olaraq İsrailin Qəzza zolağına hava hücumları nəticəsində 31 mindən çox insan öldürülüb. Fələstin səhiyyə qurumlarının nümayəndələri Britaniyanın "The Independent" qəzetinə, azı, 27 insanın aclıq və susuzluqdan öldüyünü, onlardan 23-nün uşaq olduğunu bildirib.

Qəzzanın quzeyində xəstə, ac və yaralıları müalicə etməyə çalışan tibb işçiləri bildirirlər ki, hazırda ən həssas durumda olanlar uşaqlar, hamilələr və süd verən analardır.

"Təsəvvür edin, doğuş keçirən hər 10 qadından 7-si, əsasən, pis qidalandığı üçün bizim xəstəxananın reanimasiyasına düşür", - Kamal Aduan xəstəxanasının baş tibb qardaşı Əhməd əl-Kalut video mesajında belə deyib və bildirib ki, hamilə qadınların çoxu aclıqdan uşaqlarını itirir: "Süd verən analar özlərinə yetərincə yemək tapmadığından körpələrini də qidalandıra bilmirlər". O, tibb personalının ərzaq qıtlığı üzündən heyvan yemi ilə qidalanmağa məcbur qaldığını da söyləyib.

Böyüklər günlərlə yemək yemirlər

IPC qeyd edir ki, yardım çatışmadığından, demək olar, bütün ailələr hər gün səhər, günorta və axşam yeməklərinin, azı, birini yemirlər. Uşaqlar yeyə bilsin deyə, böyüklər öz yeməklərini azaldırlar.

IPC bildirir ki, Qəzzanın quzeyindəki ailələrin, demək olar, 2/3-ində insanlar vəziyyətdən çıxmaq üçün ən ağır üsullara əl atırlar. Məsələn, böyüklər günlərlə yemək yemirlər. Cənubda isə bu hal ailələrin 1/3-ində gözə çarpır.

IPC yardımın dərhal çatdırılmasının və atəşkəs sayəsində gözlənilən aclığın qarşısının alına biləcəyini qeyd etməyin vacib olduğunu vurğulayıb.

"Bütün dəlillər ölüm və aclığın ciddi artacağını göstərir. Hərəkətə keçmədən retrospektiv aclıq təsnifatını gözləmək bağışlanılmazdır", - IPC bildirib.

İsrail Qəzzaya çatdırılmalı olan yardımın qarşısını aldığını dəfələrlə inkar edib. Ancaq BMT qurumları və yardım təşkilatları, o cümlədən özəl xeyriyyə təşəbbüsləri Qəzzaya gedən və Qəzzadan keçən hər şeyə nəzarət edən İsraili yardımları "Kafkasayağı sistemlə" boğmaqda və bloklamaqda suçlayır. Rəsmi qurumlar hazırda Qəzzaya gedən yalnız iki quru yolun açıq qaldığını, Qəzzanın quzeyinə gedən bütün yollarınsa bağlı olduğunu deyir. Halbuki, ən həssas durumda olanlara həyat qurtaran yardımın çatdırılmasından ötrü daha altı-yeddi yol var, amma hamısı bağlıdır.

XS
SM
MD
LG