Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:31

İqtisadçıya görə, prezident hələ yumşaq deyib


İ.Əliyev
İ.Əliyev

Prezident İlham Əliyev ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə bildirib ki, neftin qiyməti lazımi səviyyəyə qalxmasa, Azərbaycan əlavə itkilərə məruz qalacaq. O, bu itkilərin təqribən 700 milyon, bəlkə də 1 milyard dollar ətrafında ola biləcəyini söyləyib:

"Birinci rübdə, yanvarın 1-nə nisbətdə artıq valyuta ehtiyatlarımız azalıbdır. Bu, təbiidir və belə olan halda bir daha demək istəyirəm ki, xərclərə böyük diqqətlə baxmalıyıq. Dövlət investisiya xərcləri əsas iki məqsədi güdməlidir".

AzadlıqRadiosu prezidentin söylədiklərini iqtisadçılarla müzakirə edib.

"Prezident çox yumşaq ssenarini nəzərdə tutaraq dedi ki..."

"Neftdən gələn gəlirin azalacağı sirr deyil. İndiki qiymətlərlə azalma çox olacaq. Hətta prezident çox yumşaq ssenarini nəzərdə tutaraq dedi ki, 700 milyon, 1 milyard dollarlıq azalma ola bilər", - ReAL Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli deyir.

N.Cəfərli
N.Cəfərli


Onun hesablamalarına görə, indiki qiymətlərlə azalma daha çox olacaq: "Xüsusən gəlirin 2.5-3 milyard dollara yaxın azalma ehtimalı daha güclüdür, əgər il ərzində ortalama qiymət 30 dollar civarında olarsa".

Bəs bu itkilərin yeri necə doldurulacaq?

N.Cəfərli güman edir ki, Dövlət Neft Fondundan əlavə vəsait götürüləcək: "Bu il Fonddan 6 milyard dollardan bir az çox vəsait götürülməli idi. O da neftin qiyməti 55 dollar olacağı halda Fondun gəlirinin 90 faizini təşkil etməli idi. Amma Fondun gəlirləri azalacağı üçün ehtiyatdan istifadə ediləcək. Başqa alternativ mənbə olacağını düşünmürəm".

İqtisadçı Azərbaycanın alternativ qaynaqlarının olmamasına təəssüflənir. O son illərdə iki sektorun - aqrar və turizm sektorunun ölkəyə müəyyən gəlir gətirdiyini bildirir. İqtisadçı aqrar sektorun bir qədər inkişaf etdiyini, ixracatda artım olduğunu qeyd edir. Ancaq pandemiya dövründə sərhədlərin bağlanması ucbatından hər iki sektorun da ağır itkilərlə üzləşdiyini vurğulayır.

İqtisadçıların qənaətincə, hökumət Dövlət Neft Fondundan transfertlər etməklə yanaşı, büdcə xərcləmələrini, xüsusən də investisiya xərclərini azaldacaq. Dövlət başçısı özü də çıxışında buna toxunub, o "bəzi hallarda cari xərclər şişirdilir" deyib.

"Həmin xərclər yeni situasiyada təxirə salına bilər"

Amma prezident "investisiya xərclərini kəskin ixtisar edə bilmərik", - deyə əlavə edib. İ.Əliyevin qənaətincə, dövlət investisiya xərcləri kəskin azalsa, onda bu sahədə çalışan insanlar işsiz qalacaq.

R.Həsənov
R.Həsənov

İqtisadçı Rəşad Həsənov dövlət xərclərinin azaldılması istiqamətində prosesin başlandığını və bunun daha operativ şəkildə həllini tapan məsələ olduğunu bildirir: "Dövlət büdcəsində müxtəlif xərc istiqamətləri var. Həmin xərclər yeni situasiyada təxirə salına bilər. Məsələn, ölkədə beynəlxalq tədbirlərin təşkili və yaxud ezamiyyə xərcləri. Yəni, büdcədə bu cür az əhəmiyyətli xərclər çoxdur".

R.Həsənov bundan öncə də, manatın 2015-ci ildə iki dəfə devalvasiyasından sonra - 2016-cı ildə də dövlət xərclərinin əhəmiyyətli şəkildə azaldıldığını bildirir.

"Sadəcə, deyim hökumətin qorxusu nədir. Azərbaycan iqtisadiyyatı təbii yollarla inkişaf dinamikası keçən iqtisadiyyat deyil. Daha çox istehlak təyinatlı iqtisadiyyat formalaşıb. Büdcə xərcləri azalacağı halda Ümumi Daxili Məhsul istehsalı imkanları məhdudlaşır, yəni, iqtisadi dinamikanı formalaşdıran əsas mənbələrdən biri dövlət büdcəsinin xərcləmələridir", – R.Həsənov söyləyir.

"Qeyri-neft sektorunda belə güvən yoxdur"

Prezident həmçinin, özəl sərmayənin təşviqi istiqamətində əlavə addımlar atılmalı olduğunu da qeyd edib: "Biz iqtisadi liberallaşmaya daha inamla getməliyik və investisiyalar üçün bütün sahələr bizdə açıq olmalıdır. Biz həm yerli investorları, həm xarici investorları inandırmalıyıq ki, onların investisiyaları səmərə verəcək, onlara gəlir gətirəcək".

Hansı biznes sahəsində monopoliya yoxdur?
Gözlə

No media source currently available

0:00 0:01:21 0:00

İ.Əliyev bunun üçün şərtlərin olmasından da danışıb, ölkənin bəzi beynəlxalq reytinqlərdə irəliləyişə nail olduğunu, kredit reytinqinin müsbət, dövlətin xarici borcunun aşağı olduğunu deyib. Prezidentin fikrincə, dövlət borcunun aşağı səviyyədə olması kredit reytinqinin sabit saxlanmasına imkan verir və bu da investorlar üçün əsas amillərdən biridir.

Hökumət yerli və xarici investorların təşviqi haqda əvvəllər də danışıb. Ancaq azərbaycanlı iqtisadçıların fikrincə, bunun üçün ilk növbədə siyasi islahatlar aparılmalı, ölkə Ümumdünya Ticarət Təşkilatına üzv olmalı, müstəqil məhkəmə yaradılmalıdır.

R.Həsənovun qənaətincə, xarici investorların cəlbi üçün daha fundamental addım atılmalıdır: "Məsələn, xarici investorların ölkəyə gəlməməsinin əsas səbəbi mülkiyyət hüququnun təmin edilməməsi və müstəqil məhkəmə sisteminin olmamasıdır. Yəni, daha fundamental islahatlara getməlidir".

İqtisadçının sözlərinə görə, 2015-ci ildən sonra investisiya üçün yaradılan təşviq mexanizmləri, strateji yol xəritələrinin icrası nəticəsində ölkə, sadəcə, qlobal reytinqlərdə mövqeyini yüksəldə bilib. Amma iqtisadçı birbaşa investisiya qoyuluşlarının həcmində 2016-cı ildən sonra davamlı şəkildə azalma getdiyini vurğulayır. R.Həsənov ümid edir ki, hökumət qısa müddətdə üzləşdiyi üç riskdən sonra daha soyuq başla düşünəcək, resursa, dövlət xərcləmələrinə söykənən iqtisadiyyatın təhlükəli olduğunu qəbul edərək liberal iqtisadi mühitin yaranmasına çalışacaq.

N.Cəfərli hesab edir ki, Azərbaycanda xarici investorların enerji sahəsində işləməsi üçün ciddi əngəl olmayıb. Onun sözlərinə görə, buna da səbəb sözügedən sektorda oyun qaydalarının fərqli olmasıdır: "Bütün müqavilələr parlament tərəfindən təsdiqlənir və Konstitusiya ilə eyni hüquqa malikdir, hökumət istəsə belə, onu dəyişə bilməzlər. Bu da xarici investorlarda güvən yaradır. Ancaq qeyri-neft sektorunda belə güvən yoxdur. Bunun üçün ciddi islahatlara getməli, Dünya Ticarət Təşkilatına üzvlüklə bağlı məsələ, nəhayət, həll olunmalıdır, investorlar üçün bu çox önəmlidir. Üzvlük ölkə qanunlarının beynəlxalq hüquq çərçivəsində tənzimlənməsinə şərait yaradır".

Amma iqtisadçılar başqa bir məqama da diqqət çəkirlər, postpandemiya dövründə xarici investisiyanın cəlbi istiqamətində rəqabət daha da dərinləşəcək. Ona görə liberal iqtisadiyyatın qurulması üçün tələblər daha sərtləşəcək, islahatların başlanması zərurətə çevriləcək. R.Həsənova görə, Azərbaycan bu yöndə sözdən işə keçməsə, ölkə üçün daha çətin olacaq.

XS
SM
MD
LG