Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:46

Avropa Şurasının rəhbəri Azərbaycan barədə ‘ən son addımın’ atılmasını istəyir


Thorbjoern Jagland
Thorbjoern Jagland

Avropa Şurasının baş katibiı Thorbjørn Jagland Avropa İnsan Haqları Məhkəməsinin qərarına rəğmən siyasi məhbusun azadlığa buraxılmasından imtina etdiyinə görə Azərbaycana qarşı misli görünməmiş hüquqi hərəkət edilməsinə çağırıb.

The Guardian qəzeti yazır ki, Avropa Şurası və AİHM Avropa İttifaqının tərkib strukturuna daxil olmasalar da, hər iki qurumun eyni vaxtda təşəbbüs göstərməsi Azərbaycanda artmaqda olan siyasi repressiya və korrupsiyanın Avropa təsisatlarının gündəliyinə gəldiyini nümayiş etdirir.

Jagland-ın bu məsələyə müdaxiləsinin mərkəzində 2013-cü ildə nümayişlərin təşkili və onlarda iştirak ittihamları ilə məhkum edilmiş müxalifət lideri İlqar Məmmədov dayanır.

İlqar Məmmədov
İlqar Məmmədov

AİHM hakimləri onun əslində Azərbaycan hökumətini tənqid etdiyinə görə məhbus edildiyi barədə hökm çıxarsalar da, Azərbaycan siyasətçinin azadlığa buraxılmasından imtina edir.

Sentyabrın 13-də Avropa Şurasına daxil ölkə səfirlərinin iclasında Jagland AİHM qərarlarını icra etməməsinə görə Azərbaycana qarşı hüquqi prosedurun həyata keçirilməsinə çağırıb. Bu, Avropa Şurasının 68 illik tarixində misli görünməmiş addımdır.

Thorbjørn Jagland bu barədə The Guardian qəzetinə deyib: “Biz Avropada siyasi məhbusların olmasına yol verə bilmərik və biz ən ali məhkəmənin qərarına rəğmən Azərbaycanın Məmmədovu azadlıqdan məhrum etməkdə davam etməsinə yol verə bilmərik…”

Onun qəzetə göndərdiyi bəyanatda daha sonra deyilir: “Azərbaycanın Avropa Şurasının üzvü kimi öz öhdəlikləri barədə yaxşıca düşünməsinin və bu öhdəliklərə əməl etmək istəyib-istəmədiyi barədə qərar qəbul etməsinin vaxtı gəlib”.

Azərbaycan Avropa İnsan Haqları Konvensiyasını 2001-ci ildə imzalayıb.

The Guardian yazır ki, Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını yerinə yetirməkdən imtina etməsi bu məhkəmədə “çoxdan tüstülənən böhrana” səbəb olub.

Məqalədə deyilir ki, Jagland Azərbaycana münasibətdə Avropa Şurası Konvensiyasının 46.4 bəndinin işə salınmasını istəyir. Belə bir addım son nəticədə Azərbaycanın Avropa Şurasından çıxarılmasına səbəb ola bilər.

The Guardian yazır ki, “bu nüvə variantından” indiyədək heç vaxt istifadə olunmayıb və onun tətbiqi məhkəmə qiymətləndirməsinin ardınca Avropa xarici işlər nazirlərindən hərəkət tələb edə bilər.

XS
SM
MD
LG