Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:42

Səməd Seyidov: "Bu, böyük bir böhrandır"


İlqar Məmmədovu polis saxlayır
İlqar Məmmədovu polis saxlayır

►“Bu, Jaglandın subyektiv fikridir”

“Hesab edirəm ki, Azərbaycanda belə bir addımın atılması üçün əsas yoxdur. Təbii ki, bu, baş katibin subyektiv fikridir. Ancaq Azərbaycan hər zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icrasına hörmətlə yanaşıb”.

Bunu AzadlıqRadiosuna Ədliyyə Nazirlyinin insan hüquqları şöbəsinin rəisi Faiq Qurbanov deyir.

O, Avropa Şurasının baş katibi Thorbjorn Jagland-ın Azərbaycanın Avropa İnsan Haqları Konvensiyasını necə yerinə yetirməsi üzrə rəsmi araşdırmaya başlamasına münasibət bildirib.

“ÖZLƏRİ BİLƏRLƏR”

Faiq Qurbanov söyləyir ki, Azərbaycan Avropa Məhkəməsinin qərarlarının icrasına xüsusi diqqət yetirib və bundan sonra da yetirəcək. Çünki Azərbaycan İnsan Hüquqları üzrə Avropa Konvensiyasını ratifikasiya etməklə Avropa Məhkəməsinin yurisdiksiyasını qəbul edib.

Thorbjoern Jagland
Thorbjoern Jagland

Ancaq cənab Qurbanovun sözlərinə görə, son dövrlərdə bəzi beynəlxalq təşkilatlar ölkəyə qarşı subyektiv, qərəzli, eyni zamanda ikili standartlar tətbiq edir. Ədliyyə Nazirliyi rəsmisi Avropa Şurasının baş katibinin bir müddət öncə insan haqları üzrə xüsusi işçi qrupdan çıxdığını xatırladır:

“Çox konstruktiv və faydalı iş də gedirdi. Bu iş bu gün də davam etdirilir. Lakin görürsüz ki, baş katib qərar verdi ki, onun nümayəndəsi bu qrupun işində iştirak etməsin. Bu da onun subyektiv qərarıdır. Bu, təşkilatın qərarıdır. Özləri bilərlər. Amma bu, heç də o demək deyil ki, bu sahədə iş getmir, aparılmır, yaxud pis aparılır. Əsas odur ki, bunu ölkəmizin ictimaiyyəti, vətəndaş cəmiyyəti təqdir edir. Ən əsası odur ki, ölkə başçısının siyasi iradəsi nəticəsində belə bir dialoq mövcuddur, bu İşçi Qrupun fəaliyyəti bərpa olundu və bu iş davam etdirilir”.

Buna da bax: "Kompüterləri veribsiz ki, üzünə tamaşa edək?"

“ŞƏXSİ FİKİRLƏRİDİR”

Avropa Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarına gəlincə, Faiq Qurbanov iddia edir ki, həmin qərar “İlqar Məmmədov hələ həbs olunmaq mərhələsində ikən verilib və artıq aktuallığını itirmiş” sayılıb:

“Ona görə ki, artıq İlqar Məmmədovla bağlı məhkəmə qanuni qüvvəyə minmiş qərar da vermişdi. Lakin eyni zamanda, məhkəmənin belə bir qərarının olması nəzərə alınaraq bu məsələyə diqqətlə yanaşıldı. Belə olan hallarda Ali Məhkəmənin Pleniumuna məsələlər çıxarılır, müzakirə olunur. Bütün bu məsələlər həmişə diqqət mərkəzində saxlanılıb. Əgər bunu monitorinqini keçirmək istəyirlərsə, bu, onların şəxsi fikridir. Amma ən azı onlar dövlətin iradəsini və dövlətdə olan təcrübəni nəzərə almalıdırlar. Həqiqətə uyğun olmayan məsələləri vurğulamaqla, dövlətin adına xələl gətirməyə cəhd etməməlidirlər. Bu, uğursuz bir cəhddir. Hesab etmirəm ki, bu, həlli mümkün olmayan məsələdir. Hər şey qanun çərçivəsində həyata keçirilir”.

Buna da bax: İlyas İsmayılov: «Azərbaycanda göstərişlər yox, qanunlar işləməlidir»

“ƏN GÜLMƏLİSİ ODUR Kİ...”

Səməd Seyidov
Səməd Seyidov

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə AzadlıqRadiosuna məsələnin “bir az başqa cür” olduğunu, medianın onu kontekstdən çıxardaraq təqdim etdiyini deyir. Belə ki, deputat dekabrın 16-da Londondan qayıtdığını, orada Büro iclasında cənab Jagland-ın çıxış etdiyini söyləyir:

“Cənab Jagland çıxışında Avropa Şurasının konvensiya sisteminin ciddi təhlükə altında olması ilə bağlı bəyanat verdi. Bu konvensiyaların üzv ölkələr tərəfindən həyata keçirilməsi ciddi problemlərlə müşayiət olunur. Bu kontekstdə konvensiyaların yerinə yetirilməməsi, onların müddəalarının beynəlxalq qanun çərçivəsində yox, daxili ölkə qanunları çərçivəsində həll olunmasına üstünlük verən azı 10 ölkənin adını çəkdi. Uzun bir siyahı idi. O siyahının içərisində, bəli, Azərbaycanın da adını çəkmişdi. Ancaq Avropa Məhkəməsinin qərarlarını yerinə yetirməyən ölkələrdən Ermənistan bu yaxınlarda Çıraqov məsələsi ilə bağlı tamamilə imtina elədi. Ən maraqlısı və ən gülməlisi odur ki, biri var, ölkələrin hansısa daxili qanunlara əsasən Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını yerinə yetirmir. Biri də var, Avropa Şurasının tərkib hissəsi olan Avropa Şurası Parlament Assembleyası, bir neçə sessiya bundan əvvəl öz sənədində Avropa İnsan Haqları Məhkəməsinin qərarını əks etdirməkdən imtina etmişdi. Bu, çox ciddi bir böhrandır”.

Buna da bax: Saakashvili ilə Avakovun davası- [Video]

Cənab Seyidovun fikrincə, bəzi ölkələr “öz müqəddəratlarını müdafiə edərək məsuliyyətsiz beynəlxalq müdaxilələrin əvəzinə daxili qanunvericiliyi təkmilləşdirməyi və ona əsasən hərəkət etməyi üstün tuturlar”. Deputat bu baxımdan cənab Jaglandın narahatlığını düzgün sayır:

“Ancaq sizin, ya da başqa mətbu orqanların ordan Azərbaycanı çıxarıb bir problem kimi göstərməsi, bütün digər ölkələrin Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını həyata keçirdiyini deməsi tamamilə yanlış məsələdir. Bu, böyük bir böhrandır. Bu böhranın da səbəbləri məhz ondan irəli gəlir ki, beynəlxalq qanunvericilik, təəssüflər olsun, işləmir. Biz bunu dəfələrlə demişik, indi Avropa Şurası səviyyəsində Avropada özünü göstərməyə başlayıb. Ən böyük beynəlxalq qanun pozuntusu Azərbaycan torpaqlarının 20 il bundan əvvəl işğalı idi. O torpaqların işğalı ilə bağlı beynəlxalq qanun işləsəydi, təbii, beynəlxalq qanun hər yerdə üstünlük təşkil edərdi. Necə olur ki, işğal olunmuş torpaqlar məsələsində beynəlxalq qanun işləmir, başqa məsələlərdə işləməlidir? Bu necə beynəlxalq qanunun ayrıseçkiliyidir?”

Avropa Şurasının dekabrın 16-da yaydığı açıqlamada deyilir ki, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin qərarını icra etmir, İlqar Məmmədov hələ də həbsdədir. Thorborn Jagland ölkədə insan haqlarına hörmət məsələsini araşdırmağa başladığını bəyan edib. Açıqlamada o da vurğulanır ki, Baş katib ilk dəfədir belə bir tədbirə əl atır.

XS
SM
MD
LG