Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:16

'Zorlamaqla hədələyəndə dözə bilmədim, dedim ki, bundansa, dədəmin də üzünə duraram'


Teymur Kerimov
Teymur Kerimov

“Kanal 11” internet televiziyasının həbsdəki rəhbəri Teymur Kərimov deyir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (“bandotdel”də) işgəncəyə məruz qalıb. Onun sözlərinə görə, fiziki təzyiqlərə dözsə də, zorlanmaqla hədələnəndə öz əleyhinə ifadəyə imza atmağa razılıq verib. O, mayın 29-da öz məhkəməsində bu barədə danışıb.

Kərimovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Öncə prokuror ittiham aktını elan edib. İddia olunur ki, T.Kərimov reportyor kimi fəaliyyət göstərən İstək Totiyeva ilə birlikdə Leyla AlmaszadəFərrux Ələkbərovdan onlar haqqında materialların kanaldan silinməsindən ötrü pul tələb edib və alıb.

İ.Totiyeva da bu cinayət işində təqsirləndirilən şəxsdir, amma T.Kərimovdan fərqli olaraq, istintaq və məhkəmə dövrü üçün onun haqqında həbs qətimkan tədbiri seçilməyib. Onların hər ikisinə Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu yolu ilə tələbetmə - əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham verilib. Bu maddədə 5 ildən 10 ilədək həbs cəzası nəzərdə tutulub.

T.Kərimov məhkəmədə deyib ki, özünü qətiyyən təqsirli bilmir. Onun sözlərinə görə, zərərçəkmişlərdən F.Ələkbərovu heç vaxt görməyib, onunla telefonla danışıb və xahişinə əməl edərək, saytda yayımlanan materialı silib.

L.Almaszadəyə gəlincə, T.Kərimov bu şəxsin özünün jurnalistləri çağırdığını, övladının səhhətində yaranmış problemlərdə məktəb rəhbərliyini ittiham etdiyini söyləyib:

“Biz onun şikayətini dinlədik, sonra qarşı tərəfin mövqeyini öyrənmək üçün məktəbə üz tutduq. Leyla xanımın özünə də dedim ki, gərək sən lazımi orqanlara şikayət edəydin, məsələ həllini tapmasa, mediada işıqlandıraydın”.

“Fikirlərini dəyişdilər ki, jurnalistə narkotikdənsə bu ittiham yaraşar...”

T.Kərimov vurğulayıb ki, ona verilən ittiham saxtadır. Onun sözlərinə görə, jurnalist fəaliyyətinə, polis özbaşınalığı barədə materiallara görə həbsindən öncə ona xəbərdarlıq olunmuşdu.

Necə tutulmasından danışan jurnalist bildirib ki, avtomobilinə yağ alıb çıxarkən, üç nəfər onu saxlayıb. Kimliyini dəqiqləşdirincə, onu zorakılıqla maşına qoyub, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar. Dediyinə görə, idarədə onu öncə narkotiklə şərləmək istəyiblər:

“Üç büküm narkotik gətirdilər, başladılar çəkiliş aparmağa, guya məndən çıxıb. Məndən ifadə almaq istəyəndə dedim ki, ölsəm də bunu üzərimə götürmərəm, mənim iki qızım var, onların adını niyə ləkələyim? Sonra fikirlərini dəyişdilər ki, jurnalistə narkotikdənsə bu ittiham yaraşar...”

T.Kərimov deyir ki, bu ittihamı da qəbul etmək istəməyib, bu üzdən möhkəm döyülüb, təhqir olunub. Onun sözlərinə görə, zorlanmaqla hədələnəndə dözə bilməyib:

“Dəyənəyi gətirib, zorlamaqla hədələyəndə dözə bilmədim. Dedim ki, bundansa, lap dədəmin də üzünə duraram, gətirin, nəyə istəyirsiniz, qol çəkim. Təsəvvür edin, deyirəm ki, Prezident Administrasiyasına şikayət edəcəyəm, onda prezidenti də təhqir elədilər ki, onu da biz qoruyuruq”.

Hakim qərar verib ki, T.Kərimova qarşı işgəncə iddialarının araşdırılmasından ötrü prokurorluğa məktub göndərilsin. Bu zaman məlum olub ki, hələ bir neçə ay öncə jurnalistin vəkili müraciət etsə də, prokurorluq iddia edib ki, işgəncə barədə deyilənlər sübuta yetirilməyib, beləcə, cinayət işi başlamaqdan imtina edilib.

T.Kərimov ötən il dekabrın 11-dən həbsdədir. O, jurnalist fəaliyyətinə görə cəzalandırıldığını deyir.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti T.Kərimovun hədələnməsi, işgəncəyə məruz qalması barədə iddiaları rədd edib.

Xatırlatma

Son 6 ayda Azərbaycanda 20-yə yaxın jurnalist həbs edilib. Onlar, əsasən, qaçaqmalçılıq, hədə-qorxu ilə tələbetmə və başqa ittihamlarla üzləşiblər.

Jurnalistlər ittihamları qurama sayır və bunu peşə fəaliyyətlərinə bağlayırlar. Rəsmilərsə ölkədə jurnalistlərin peşə fəaliyyəti ilə bağlı həbs olunmalarına dair fikirləri qəbul etmirlər.

XS
SM
MD
LG